“Zon”da “at oynadan” çempion

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

…Söz-söhbəti elə bu şəkildə də gəzirdi ki, korpusda “at oynadır”. Əvvəlcə 4-cü korpusda idi. Orası ciddi rejimdir, ağır cəza alan cinayətkarların saxlanıldığı korpusdur. Mənimlə bir “Voronok”da gələn, öz içində pul gizlədən kürən haqqında danışmışdım; o da ciddi rejimdə idi. Amma bir neçə həftədən sonra “taksi” işləməyə başladı: görüş otağından korpuslara zənbil daşıyan xüsusi adamlar olur, onlara “taksi” deyirlər. Bu, əlbəttə, “kozyol mast”ı sayılır. Amma bu “mast”da olan bir adamın “Voronok”da özünə o cür əl qatmasının sirrini bilmədim. Zatən, bu adamlar həbsxana əməkdaşları ilə birlikdə işləyir, onlarla bir yerdə dustaqlardan bu və ya başqa şəkildə pul qoparılması prosesində iştirak edirlər… Görünür, həmin anda ona lazım imiş ki, özünü diribaş adam kimi göstərsin, amma “zon”a girən kimi “təkəri buraxıb”. “Zon”da özünü gizlədə bilməzsən. Bir müddət sonra kimsə tanıyır, hansısa hərəkət yerinə düşmür və bəlli olur ki, adam olduğu kimi görünmür və ya göründüyü kimi ola bilmir. Amma bu barədə danışmaq istəmirdim, axı…
Korpuslarda “at oynadan” adam uşu-sando üzrə dünya çempionu idi. O, qarətə görə həbs edilmişdi. Amma narkomanlığı da varmış. Hər halda, ittiham edildiyi maddə 234 (narkomaniya) deyildi.
Emin nəhəng adam idi. Fiziki ölçüləri çooox böyük idi. Mən onu bir neçə dəfə Idarədə-filanda görmüşdüm. Onun korpusdakı “xlebnik”lərindən biri Şüvəlan təcridxanasında Talehlə bir kamerada olmuşdu. Qalanları da bu minvalla qiyabi olaraq Talehi və Talehin qiyabi təqdimatları əsasında məni tanıyırdılar. 4-cü korpusda bir neçə nəfəri şil-küt elədiyinə görə oradan çıxarıb atmışdılar 3-cü korpusa. 3-cü korpusun isə düz-əməlli bir təyinatı yox idi. Bir ara evə və ya komendaturaya getməyə hazırlaşan dustaqları guya “adaptasiya mərhələsi” olaraq orada saxlayırdılar. Bizim korpusun dəstə rəisinin pəncərəsi o korpusun həyətinə açılırdı və hətta bir neçə dəfə dəstə rəisindən soruşmuşdum ki, o da diqqətlə baxsın və mənə izah etsin: orada “adaptasiya” olunmalı texniki və ya mənim gözümlə görünməyən hansı fərqli şərait var? 3-cü korpusun da bütün həndəsi ölçüləri bizim korpusla eyni idi. Hətta sol tərəfdən birinci pəncərənin qırıqlığı da müdhiş dərəcədə eyniyyət təşkil edirdi.
Dəstə rəisimiz izah etmişdi ki, belə “boş-boş şeylərin üzərində müşahidə aparmaqdansa, gedib bir-iki tas nərd oynasaq, yaxşı olar”.
Emin həmin 3-cü korpusda xeyli qaldı. Sonra aralıq mərhələ kimi bir ay “karser”də yatdı. Daha sonra bizim korpusun qarşı tərəfindəki 1-ci korpusa apardıqlarını eşitdik. Bir neçə ay sonra orada da hansısa dəhşətli, qanla suyun bir-birini əvəz etdiyi dava sorağı gəldi. Emin bu dəfə orada ağstafalı bir qaraçını döymüşdü. Bizim korpusdakı Qazax-Ağstafa icması bəyanat verdi ki, bu, mümkün deyil, çünki sözügedən qaraçı çox “heyvərə”, yəni yerli şivə ilə desək, cantaraq adam imiş. Amma Emin də cantaraq idi.
Korpuslararası voleybol oyunu zamanı ağstafalı Samir (o, çox mükəmməl və tərbiyəli bir uşaq idi) həmin qaraçı oğlandan məlum dava ilə bağlı soruşdu. Adam da bir tonluq başını aşağı salıb: “Hə, qaqa, elə oldu”, – dedi. Bizim korpusda çox adamın içindən keçirdi ki, “Allah, sən özün saxla və bu heyvərə karateçinin yolu buralara düşməsin”. Amma Allah bu cinayətkarları cəzalandırmaq qərarında qətiyyətli idisə, onların duası bu qədər rahatca müstəcəb olmamalı idi.
2009-cu ilin sentyabr ayında Emin bizim korpusa köçürüldü. Başqa korpus qalmamışdı. Adam hətta “karser”də də tələb oluna biləcək normadan beş-altı qat artıq vaxt keçirmişdi. Neyləmək olardı ki?..
Emin gəldi. Həm də tək gəlmədi. 14-cü “zon”da içəri buraxılmayan, uzun müddət “kars”da saxlanılan, bir əvvəlki cəza müddətini xüsusi rejimdə, ondan daha əvvəlkilərini Rusiya “zon”larında keçirən qatı cinayətkarla birlikdə gəldi. Bu birisi şamaxılı Elxan idi. Ölkənin bütün “zon”larında sorağı dolaşan adam idi. Amma təbii ki, Emin tək vurub-tutan adam kimi yox, təcrübəli və “kozırnoy” mujik kimi! Oğrunun olmadığı “zon”larda “zon”un rəngini bu cür adamlar müəyyən edirlər. Bizdə bu zamanlarda bir boşluq vardı. Taleh komendaturaya çıxmışdı. Bu iki nəfər də bir müddət karantində vaxt keçirdiklərinə görə ətraflı tanış olub gəlmişdilər və aralarından su keçmirdi. Elxan korpusa daxil olandan yarımca saat sonra mənim kupemə gəldi. Çay içdik, zəruri ehtiyacları ilə maraqlandım və Ziyadan xahiş etdim ki, nə ehtiyacı olsa, diqqətdə saxlasın. O, haqqımda bəzi məsələlər eşitdiyini, bir eloğlu olaraq mənimlə fəxr etdiyini dedi. Mən də onu tanımadığımdan təəssüfləndiyimi, amma təbii ki, burada yaxından tanış ola biləcəyimizə görə məmnunluğumu ifadə etdim. Həm də elə təəssüflənmişdim ki, sanki həqiqətən də, təqribən, mən yaşda olan Elxanın bütün həbsxana karyerası boyu onunla birgə addımlamaq kimi bir şansım olub, amma bu şansı diqqətsizlik üzündən əldən vermişəm.
Əlbəttə, bizim korpusda münasibətlər kriminal baxımdan yerli-yerində idi, xüsusi bir qaydasızlıq yox idi, amma hər halda, Elxanın burada peyda olması cinayət aləminin qaydalarının gerçək imkanlar daxilində daha sahmanlı şəkildə oturuşmasına gətirib çıxardı.
Emini də mənə Elxan təqdim elədi. Əslində, buna “təqdimat” da demək olmazdı. Gəldiklərinin səhəri günü ikisi də bizim kupedə zühur etdilər. Elxan məni təqdim etmək istəyəndə, o dedi ki, biz tanışıq, Idarənin qabağında bir-iki dəfə görüşmüşük, imkan tapanda Taleh də müəyyən şeylər danışıb. Sonra da çay içə-içə xeyli söhbət etdik. Emin əvvəlki korpuslarda baş verən dava-şava haqqında danışır və özünün xüsusi günahının olmadığını əsaslandırmağa çalışırdı. Bu da təbiidir, çünki “zon” qol zorunu qəbul etmir; indi səndən haqq-hesab tələb olunmursa, bu o demək deyil ki, heç vaxt tələb olunmayacaq. Amma mən onunla razılaşmadım və dedim ki, baş vermiş bütün davalara görə günah onun üstündədir. Emin səksəndı. Bu o qədər də yaxşı bəyanat deyildi. Izahat verməli oldum…

ardı var