Vəzirov da ölkəyə qayıda bilər

Eks prezidentlər haqqında qanun Kommunist Azərbaycanın keçmiş rəhbərinə də şamil edilə bilər

Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra keçmiş prezident Ayaz Mütəllibov ölkəyə qayıtdı. Bəs görəsən, A.Mütəllibovun ötən əsrin 90-cı illərində həbs olunan silahdaşlarının taleyi necə olacaq? Bu barədə “Modern.az” saytına açıqlama verən Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib ki, Ayaz Mütəllibovun ətrafında olanlardan heç biri həbs edilməyib. Kimsə vaxtilə  həbs edilibsə də, hamısı azad olunub.

90-cı illərdə Azərbaycanı tərk edən siyasi simalar arasında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Əbdürrəhman Vəzirovun da adı unudulmamalıdır. Onun vətənə qayıtmasına münasibət bildirən A. Əlizadə sözügedən şəxsin Azərbaycanda demək olar ki, yaşamadığını bildirib. ASDP sədrinin sözlərinə görə, Vəzirov 70-ci illərdən Azərbaycanı tərk etmiş siyasi simalardandır:“O, heç bir işi həll etmirdi. Qısa müddətdə Kommunist Partiyasının birinci katibi olub. Əbdürrəhman Vəzirovun da Azərbaycanda yaşamaq hüququ var. O bədbəxt insandır. Heç vaxt nə birinci katib oldu, nə də Azərbaycan xalqının oğlu”.

Qeyd edək ki, haqqında cinayət işinin mövcud olmasına baxmayaraq, 1992-ci ildə anasının ölümü ilə əlaqədar Ə.Vəzirov bir dəfə Azərbaycana gəlmək hüququ qazanıb. Bu, Ə. Elçibəyin prezidentlik dönəmində baş verib. Ə.Vəzirovun Eldar adlı bir oğlu var. Onun həyat yoldaşı İrina Konstantinovna milliyətcə rusdur. Əbdürrəhman Vəzirov 82 yaşındadır.