Sumqayıtdakı “Məişət Malları” Açıq Səhmdar Cəmiyyətində (keçmiş Səthi Yuyucu Vasitələri Zavodu) baş verən partlayış nəticəsində bu gün səhər cəsədi tapılan şəxsin kimliyi müəyyənləşdirilib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən çərşənbə axşamı Trend-ə deyilib ki, həmin şəxs 1962-ci il təvəllüdlü Şəkərəliyev Əbülfəz Əziz oğludur. O Qubadlı rayonundan məcburi köçkündür və Sumqayıtda məskunlaşmışdır.
Qeyd edək ki, hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən öncə Trend-ə bildirilmişdir ki, ölən digər iki şəxslərdən biri biri 1956-cı il təvəllüdlü Babayev Sabir Kərim oğlu olub. Həmin şəxs Qubadlı rayonunun Xocahan kəndindən məcburi köçkün olub. O, Sumqayıt şəhərindəki 1 saylı yataqxanada məskunlaşıb.
Digər şəxs isə 1975-cı il təvəllüdlü Piriyev Piri Xuduş oğlu olub.
***
Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı yanğınla bağlı növbəti açıqlama yayıb. FHN-nin rəsmi saytında yer alan məlumata görə, Sumqayıtın Kimyaçılar qəsəbəsində ümumi sahəsi 2400 kv.m olan “Məişət Malları” ASC-nin çənlər parkının ərazisində yanacaq və xammal saxlanılan çənlər yanıb. Yanğına 3-cü təhlükəlilik dərəcəsi verildiyindən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 ədəd texnikası həmçinin, 2 ədəd yanğınsöndürən helikopter cəlb olunub.
İlkin məlumata əsasən, yanğın nəticəsində 3 nəfər ölüb. Ehtimala görə, yanğın qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Yanğın saat 03:43-də söndürülüb.
Hazırda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırma aparılır. Araşdırmaların nəticələri yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.
***
Sumqayıtda yerləşən Sumqayıt şəhərində yerləşən “Məişət malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş vermiş yanğında xəsarət almış insanların sayı dəqiqləşib. Sumqayıt şəhər səhiyyə şöbəsinin mətbuat xidmətinin başçısı Bərxudar Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, partlayış zamanı 2 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
“Həlak olan iki nəfər birbaşa qaynaq işi ilə məşğul olurmuş. Bir nəfər polis işçisinin də ayağı burxulub. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə xidmətinin 8 nəfər işçisi isə dəm qazı ilə yüngülvari zəhərlənib. Bir nəfər FHN işçisinin göz qapağı ütülüb və buna görə də göz həkiminə müraciət edib. Xəsarət alanlar hamısı evə buraxılıb”,- deyə Bərxudar Məmmədov vurğulayıb.