Regionda kiçik dünya müharibəsi gedir
“Bu, azadlıq istəyən qüvvələrlə antidemokratik rejimlər arasında mübarizədir”
Suriyada prezident Bəşər Əsədin xalqına qarşı zorakılıqları davam etdirməsi beynəlxalq aləmin ciddi narahatlığına səbəb olsa da, Qərbin bu ölkədə davranışı fərqlidir.
Əgər Qərb Liviyada hərbi müdaxiləyə üstünlük verərək Qəzzafi rejimini qısa müddətdə devirməyə nail oldusa, Suriyada belə bir addım hələ ki, gündəmdə yoxdu. Qərbin bu davranışı isə daha çox Əsəd rejimini dəstəkləyən ölkələrə qarşı hesablanmış bir addım kimi qiymətləndirilir. Bu mənada Iranın vəziyyəti xüsusilə çətindir. Çünki Əsəd rejiminə Iranın canlı qüvvə və hərbi yardım göstərməsi barədə mətbuatda yayılan xəbərlər get-gedə təsdiqini tapmaqdadır. Bunu Iran rəsmilərinin verdikləri açıqlamalar da sübut etməkdədir. Hətta bir müddət əvvəl Suriya müxalifətinə əsir düşənlərin üstündən SEPAH-ın vəsiqəsinin çıxdığı məlumatı yayıldı. “Sepah”ın komandanlarından olan general Salar Abnuş da Iranın Suriyadakı hərbi mövcudluğunu təsdiqləyib. Həmçinin Iran Xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian da ölkəsinin Bəşər Əsədə yüksək səviyyədə dəstək verdiyini deyib. Beynəlxalq aləmin iqtisadi sanksiyaları ilə üz-üzə qalan Iranın Əsəd rejiminə dəstək verməsi şübhəsiz ki, qüdrətini də zəiflədir. Əsəd rejimini devirməkdə tələsməyən Qərbin əsas niyyəti isə görünür, Iranı bu yolla çökdürməkdir.
Ekspertlər də Suriya xalqının azadlıq uğrunda mübarizəsinin bu qədər uzanmasının başlıca səbəbi kimi Rusiya və Çinin siyasi-diplomatik dəstəyi ilə yanaşı Iranın hərbi dəstəyini göstərir. Iran bütün mümkün olan üsul və vasitələrdən istifadə edərək Bəşər Əsəd rejiminə dəstək verir. Bəzi məlumatlara görə, minlərlə şəxs Suriyada üsyançılarla mübarizədə fəallıq göstərir. Bunun başlıca səbəbi isə odur ki, Suriya Iranın ərəb dünyasında əsas müttəfiqidir. Sirr deyil ki, Suriyada rejimin dəyişməsi Iranın böyük müttəfiqdən məhrum olması, bu ölkə ətrafında halqanın daralması deməkdir. Görünür, buna görə Iran rəhbərliyi Qərb dünyası ilə Suriyada vuruşmağa qərar verib və bu yolla halqanın daralmasının qarşısını almaq istəyir. Lakin Qərbin çox böyük gücü qarşısında Iranın imkanları o qədər də çox deyil və əslində Əsəd rejimini dəstəkləyən qüvvələr artıq məğlub olub. Çünki bu rejiminin dəyişməsinə olduqca az müddət qalıb.
Ekspertlər hesab edir ki, bir tərəfdən Rusiya və Çin öz xalqını qıran rejimi dəstəkləməklə azadlıq mübarizəsinə qalxan çoxlu sayda insanı məhv etmək imkanı yaratdılar. Bununla da antidemokratik rejim olduqlarını sübut etdilər. Bu da əslində onların bundan sonrakı imkanlarını müəyyən qədər məhdudlaşdıracaq. Eyni zamanda Iran bu mübarizədə məğlubiyyətə məhkumdur. Çünki Iranın Bəşər Əsəd rejimini xilas etmək üçün böyük imkanları yoxdu. Digər tərəfdən, iqtisadi sanksiyalarla üzləşən Iran Əsəd rejiminə dəstək məqsədi ilə çox böyük vəsait xərcləyib. Bununla da öz vəziyyətini bir qədər də pisləşdirib.
Suriya probleminin simvolik məsələyə çevrildiyini deyən ekpertlər artıq regionda kiçik dünya müharibəsinin getdiyini bildirir. Demokratiya, xalqların azadlığını istəyən qüvvələrlə antidemokratik rejimlər arasında mübarizənin döyüş xətti Suriyadan keçir və Suriyada məğlub olanların vəziyyəti heç də yaxşı olmayacaq. Məhz buna görə də Iran, Çin və Rusiya çox Bəşər Əsəd rejimini xilas etmək üçün ciddi səylər göstəriblər. Amma artıq Bəşər Əsəd rejiminin sonu yaxınlaşıb. Suriyadakı proseslər yekunlaşandan sonra isə Rusiya və Iran üçün çox xoşagəlməz bir dövr başlayacaq. Bu vaxta qədər ərəb dünyasında baş verənlər müxtəlif variasiyalarla Iranda və Rusiyada cərayən edəcək. Bəşər Əsəd də bir il əvvəl Suriya məsələsi həllini tapandan sonra Qərbin öz nəzərlərini keçmiş sovet respublikalarına yönəldəcəyini deyirdi. Çünki artıq ümumi demokratikləşmə dalğası baş qaldırıb. Qərb dünyası da bütün imkan, üsul və vasitələrdən istifadə edərək bu prosesə dəstək verir. Rusiya və Iranın Suriyada rejimin dəyişməsinə belə ciddi müqavimət göstərməsinin səbəbi də məhz budur.
Fizzə