“İranın nüvə silahına sahiblənməsi regionda durumu sabitləşdirəcək”
İsrail Xarici Kəşfiyyat İdarəsinin (Mossad) keçmiş başçısı Meyr Daqan yenidən İranın nüvə obyektlərinə hücumu məsələsinə toxunub və öz ölkəsinin baş naziri Benyamin Netanyahunu “ağılsızlıq”da günahlandırıb. “CBS” kanalının suallarını cavablandıran Daqanın sözlərinə görə, İsrailin İrana hücumu Yaxın Şərqdə irimiqyaslı müharibənin başlanmasına gətirib çıxaracaq.
“Mossad”ın sabiq şefi bildirib ki, İrana hərbi müdaxilə bütün ölkə ərazisində fövqəladə vəziyyətin yaranmasına səbəb olacaq. Bu da uzun müddət ərzində ölkə vətəndaşlarının gündəlik yaşam tərzində kardinal dəyişikliklərə gətirib çıxaracaq. Verilişdə istifadə etdiyi cümlə və sözlərdən çəkinməyən Daqan İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərinə də qiymət verib. Onun sözlərinə görə, İsrailin hökumət başçısı insan ağılsızlığının yeni standartlarını göstərir:“İrana hücum mənim eşitdiyim və onun həyatda etdiyi ən böyük ağılsızlıq olacaq”.
Daqanın fikrincə, rəsmi Tehran öz addımlarının hansı nəticələr verəcəyinin fərqindədir:“Ayətullahların siyasəti Qərbin siyasətindən xeyli fərqlənir. Bununla belə, bu siyasət onların hərəkətlərinin üzərində qurulub. Son həddə qədər getmək olmaz. Təbii ki, əgər məqsədə çatmaq üçün digər vasitələrdən istifadə edilməyib. İranın nüvə silahına sahiblənməsi regionda sabitlik yaradacaq”.