Satıcılar rəhbərliyi, rəhbərlik “Bakıelektrikşəbəkə”ni ittiham edir
Satıcılar: «Gərək bədbəxt hadisə olaydı, ondan sonra tədbir görəydilər? Rəhbərliyin qəbuluna düşmək mümkün deyil, içəri heç kimi buraxmırlar»
Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində kütləvi zəhərlənməyə səbəb olan generatorlar artıq bazardan yığışdırılıb. Ötən gün yarmarkaya gedib, sentyabrın 16-da baş vermiş olaydan sonrakı proseslərlə maraqlandıq…
Niyə sayğac quraşdırılmır?
“Binə”də bir dənə də olsun, generator tapmaq mümkün deyil. Onları elə yığışdırıblar ki, bazarda bircəciyinə də rast gəlmək olmur. Satıcılar deyir ki, sentyabrın 17-dən yarmarkanın işıqları yandırılıb: “Səhər tezdən yarmarkaya elektrik enerjisinin verilməsi bərpa olunsa da, baş verənlər barədə rəhbərlik bizə heç bir açıqlama verməyib. Onlarla adam zəhərlənəndən sonra işıqları yandırdılar. Niyə indiyə qədər yandırmırdılar? Gərək bədbəxt hadisə olaydı, ondan sonra bir tədbir görəydilər? Rəhbərliyin qəbuluna düşmək mümkün deyil. Içəri heç kimi buraxmırlar”.
Biz ticarət mərkəzində olarkən Bakı Şəhər Prokurorluğunun əməkdaşları da orada araşdırma aparırdılar. Ancaq onlar da açıqlama vermək istəmədilər.
Sahibkarlar baş verən kütləvi zəhərlənməyə görə ticarət mərkəzinin rəhbərliyini günahlandırır: “Səhər saat 6-7-də işə gəlirik. Senyabrın 16-da da gəlib gördük ki, işıqlar yanmır. Əvvəllər də belə olurdu, onda da generatoru qoşurduq. Məcburiyyətdən yenə də generatoru işə salmışdıq”.
Satıcılar onu da bildirdilər ki, onlar istifadə elədikləri elektrik enerjisinin pulunu vaxtlı-vaxtında ödəyirlər: “Mağazalara sayğac quraşdırılmayıb. Biz hər ay 90 manat işıq pulu veririk. Hər bir lampa üçün bizdən 5 manat pul alırlar. Ancaq bir lampa ayda heç bir manat yazmır. Hər dükanda isə 8-12 lampa var. Kondisioner işlədənlər 50 manat ödəməlidir. Kondisioneri quraşdırmaq üçün rəhbərlikdən icazə alınmalıdır ki, bu da 300 manat edir. Burada işıq yandı-yanmadı, fərqi yoxdur, ayda bu qədər pul veririk. Ancaq sayğac quraşdırılsa, bu qədər pulumuz çıxmaz, dükan sahibləri də generator yandırmaz”.
“Binə” bazarında işləyənlər deyirlər ki, onlarla qonşu olan “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi dükanlara bu cür sistem tətbiq etməyib: “Orada sayğac quraşdırılıb və obyekt işlədənlər sayğacın yazdığı pulu ödəyirlər. Ona görə də orada heç kim generator işlətmir. Işıq sönəndə də bir saatlıq olur. O bazarda işləyənlərin verdikləri işıq pulu ayda 15 manatı keçmir”.
Ölən varmı?
Sahibkarlar deyir ki, hadisə baş verən gün alver edə bilməyiblər: “Hadisədən az sonra bizə dedilər ki, dükanımızı bağlayıb, bazarı tərk etməliyik. Halbuki, rayon müştərilərimiz günorta saatlarında gəlirlər. Hadisədən sonra gələnlərin sayı azalıb”.
“Binə” Ticarət Mərkəzində zəhərlənən şəxslərin artıq vəziyyətləri yaxşıdır. Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov “anspress”ə deyib ki, ticarət mərkəzində zəhərlənən və xəstəxanaya yerləşdirilən 148 nəfərin 147-si evə buraxılıb. 1 nəfər isə hələlik xəstəxanadadır. Tərlan Bəbirovun sözlərinə görə, zəhərlənmə zamanı heç kəs ölməyib. Xəstəxanaya daxil olan şəxslərin hamısı tüstüdən zəhərləniblər. Xəstəxanaya gətirilənlər arasında 2-si uşaq olmaqla, əksəriyyəti qadın olub. Xəstəxanaya yerləşdirilənlərin vəziyyətinin ağırlaşmasına psixoloji amillərin səbəb olduğu, onların şok keçirdiyi bildirilir.
Rəsmi məlumatda da 148 nəfərin zəhərləndiyini, amma heç kimin həyatının təhlükə altında olmadığı bildirilirdi.
Ancaq “Binə”də zəhərlənmədən ölənlərin olduğu barədə söz-söhbətlər dolaşır.
Səhlənkarlığa görə cinayət işi açıldı
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, hadisədən dərhal sonra “Binə”yə Prokurorluq, Daxili Işlər, Səhiyyə nazirliklərinin və digər qurumların əməkdaşları gəlib, zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib: “Ilkin araşdırmalarla müəyyən edilib ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji təmini məqsədilə istifadələrində olan generator qurğuları işə salınıb. Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilərək evlərinə buraxılıb. Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb”.
Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilib.
Ramin DEKO