Bakıda hərbçilərin maşını aşdı: yaralılar var

Bakıda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb. Qəza Şəfaət Mehdiyev və Akim Abbasov küçələrinin kəsişməsində qeydə alınıb.
Əsgər və zabitlərin olduğu “UAZ” markalı avtomaşın Müdafiə Nazirliyinə məxsus təlim tədris mərkəzinə növbə dəyişməyə gedən vaxt həmin küçə ilə hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə toqquşub. Toqquşmadan sonra yoldan çıxan “Mersedes” markalı avtomaşın həmin vaxt yolun kənarında dayanmış “Jiquli”yə də dəyib. Ancaq ən böyük ziyanı “UAZ” görüb. Zərbədən avtomobil aşıb və onun içərisində olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

1 saylı xəstəxanadan verilən məlumata görə, onlara 2 zabit, 6 əsgər olmaqla, ümumilikdə səkkiz nəfər gətirilib. İlkin yardım göstərildikdən sonra yaralılar hərbi hospitala köçürülüb. “Mercedes” markalı avtomobildə xəsarət alan Vüsal Sultan oğlu Məcidova da xəstəxanada yardım olunub.

Hadisənin dəqiq olaraq hansı şəraitdə baş verməsini polis araşdırmaları və müşahidə kameralarından əldə olunmuş görüntülər göstərəcək.