xin-yeni

Azərbaycan Rusiyaya nota verdi

xin-yeniJirinovskinin çıxışına mətbuatın diqqəti rəsmi Bakını hərəkətə gətirdi

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin sentyabrın 18-də Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri nazir müavini Xələf Xələfov qəbul edib. X.Xələfov səfirə sentyabrın 14-də Moskva şəhər meriyasının icazəsi və “Rus-Erməni Birliyi”nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin “Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı” qəti etiraz bildirib.
Nazir müavini bu “məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını” deyib. Bildirib ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur. X.Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturlarının müvafiq qiymətverəcəyinə ümidvar olduğunu bildirib.
Görüşün sonunda Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunub.

Xatırladaq ki, Jirinovskinin Ermənistan xüsusi xidmət orqanlarını Ramil Səfərov məsələsinə görə Azərbaycandan qisas almağa çağıran çıxışı sentyabrın 14-də Moskvada keçirilən mitinqdə olub. Azərbaycan hakimiyyəti isə bu çıxışa vaxtında reaksiya verməyib.
Azad media, xüsusən də “Azadlıq” qəzeti bu mövzunu diqqətdə saxlayıb, Jirinovskinin Azərbaycana qarşı terrora çağırışına rasmi Bakının nədən izahat istəmədiyinə cavab axtarıb. “Azadlıq”ın müraciət etdiyi hakimiyyət nümayəndələri qəzetə, eləcə də Ziyafət Əsgərov agentliklərdən birinə Jirinovskinin çıxışına onun qeyri-ciddi adam olduğunu deməklə əhəmiyyətsiz məsələ kimi yanaşıblar.
Lakin görünür, mətbuatın mövzunu gündəmdə saxlaması sonda rəsmi Bakını da adekvat addım atmağa vadar edib. Və təvazökarlıqdan uzaq görünsə də, “Azadlıq” qəzeti bu məsələdə əhəmiyyətli rol oynadı.

İnformasiya şöbəsi