Yenə yanıldıq

Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar həbs ediləndə bunun bəzi “danəndələr” tərəfindən hakimiyyətə göstərilən “ayı xidməti” olduğu barədə ehtimal irəli sürmüşdük. Inanırdıq ki, “həbs yanlışlığı” sentyabrın 17-də aradan qalxacaq, Apelyasiya Məhkəməsi Nigar Yaqublunu azadlığa buraxacaq.
Çünki bunların Makiavelli adlı bir gicbəsər monarxist ideoloqdan bəhrələndikləri haqqında uzun illərdən bəri formalaşmış rəy vardı: hakimiyyəti saxlamaq üçün bütün vəhşilikləri normal sayan orta əsrlər ideoloqu yalnız iki məsələdə həssas davranmalı olduğunu dönə-dönə tirana xatırladırdı: 1) Vətəndaşın şəxsi əmlakına toxunmamaq; 2) Insanların izzəti-nəfsinə əl uzatmamaq: çünki insanlar hər şeyi unutsalar da, var-dövlətlərini və şərəflərini əlindən alan adamı ömürlərinin sonuna qədər bağışlamırlar və ilk fürsətdəcə qisas alırlar.
Birinci tabunu hakimiyyət 2006-cı ildən pozmağa başladı – əvvəlcə sahibkarların mülkləri əllərindən alındı, daha sonra isə vətəndaşların şəxsi evləri başlarına uçuruldu və proses davam etdirilir; verilən kompensasiya yetərli olmadığından və əhali ciddi surətdə narazı qaldığından, bu, Azərbaycan tiraniyasının ciddi yanlışlığı sayıla bilər.
Amma yenə də xəyal edirdik ki, var-dövləti “əl çirki” sayan Şərq təfəkkürlü bizlər üçün “mülkün başa uçurulması” narazılıq yaratsa da, düşmənçilik, qisas duyğusunu alovlandırma imkanında deyil. Amma izzəti-nəfs, şərəf – son sərhəddir, bu sərhəd keçilməz!
Zatən, yeri gəldi-gəlmədi “milli dəyərlər”, “mentalitet”, “adət-ənənə” haqqında iqtidarın təbliğat aparması da bu sərhədin ciddi mühafizə olunduğunu düşünməyimiz üçün əsas verirdi.
Təəssüf ki, yenə də yanıldıq!
Hakimiyyətin öz içindən belə Nigar Yaqublunun həbsini “milli dəyərlərə uyğun olmayan” addım kimi qiymətləndirmələrin mövcudluğu bu xanımın azadlığı üçün siyasi iradəni ortaya qoymadı.
Yenicə yaradılan bu pis “ənənənin” çox ciddi faciələrə gətirib çıxarma ehtimalını, kütləvi psixoloji sarsıntı yaratdığını uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Dəfələrlə xəbərdar etdiyimiz təhlükəyə doğru sürətlə irəliləyirik: hakimiyyət insanların ürəyinə mina basdırmaqla məşğuldur!
Bu minalar isə heç də həmişə “infarktla” nəticələnməyəcək…
Azərbaycanlılar sabahını düşünəcək səviyyədə savadlıdırlar, orta əsr təfəkküründən çoxdan imtina ediblər: terror, kamikadzelik – bizim xaraktrimizə yaddır; biz “qanı su ilə yumaq” düşüncəsini daşıyırıq. Ancaq tarix sübut edib ki, şərəfinə toxunulanda bu millətin ən öndəgedən ziyalıları “qana-qan, dişə-diş” deməyi, “Difai”ni yaratmağı prinsip olaraq qəbul edir, sinəsinə qumbara bağlayıb tankın altına atılmağı, qisasla silahlanıb, qarşı tərəflə onun öz dilində danışmağı bacarırlar.
Vətəndaşları o səviyyəyə endirməyə öz gələcəyini və siyasi ömrünü düşünən heç bir hakimiyyət razı olmamalıdır…
Qarabağ savaşında vuruşan, qəhrəmanlıq göstərən Tofiq Yaqublu on üç yaşlı oğlunun çəkdiklərini mətbuata danışıb. Tam səmimi deyirəm ki, sarsıldım: bacısına görə özünün həbsini təklif edən on üç yaşlı uşağın sabah bacısına görə nəyə əl atacağını bilmirik… On üç yaşında şərəfinə toxunulan və psixoloji sarsıntı alan Rəhimin nələr düşündüyünü və düşündüklərinin onu 18 yaşa qədər kimə çevirəcəyini təsəvvür etmirik.
15 ildi Qarabağ naminə əlinə silah götürəcəyi günü gözləyə-gözləyə 50 yaşı adlayan Tofiq Yaqublunun bu siyasi zərbədən sonra psixoloji halını anlamaqda da çətinlik çəkirik… Bu gün diqqət var, cəmiyyətin gündəmindədir və psixoloji dəstək ona gün ərzində müvazinətini qorumaqda yardımçı olur. Bəs, Tofiq Yaqublunun tək qaldığı anların mümkünlüyünü fikirləşmirsiniz?..
Ehtiyac yox idi, olmamalıydı, taleyin qədərindən yaşanan bir yol qəzası bu addımı atmağa əsas vermirdi. Girin “Yutub”a, ermənilərin əxlaqsızlığına Azərbaycan müxalifətinin fəal gənclərinin verdikləri cavaba baxın: onlar fərq qoymadan, “birincidən sonuncuya qədər” bütün siyasi rəqiblərinin ailəsinin adını öz şərəfləri kimi görün necə qoruyurlar!
Yəqin ki, o şərhlərə baxmasınız, hətta inanıram ki, qürur da keçib içinizdən! Bəs, bu gənclərin siyasi rəqiblərin ailəsini ana və bacı gözündə görmək əxlaqına niyə zərbə vurursunuz?