Turqut Özalın məzarı açılacaq

Türkiyənin eks prezidentinin cəsədinin eksqumasiya olunacağı bildirilir

Türkiyənin mərhum prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsi iddialarının ortaya çıxmasından sonra prokurorluq dəqiq səbəbləri müəyyənləşdirmək üçün son varianta əl atıb. Belə ki, mərhum prezidetnin məzarının açılaraq cəsədinin eksqumasiya olunacağı barədə məlumatlar yayılıb. “Sabah” qəzetinin yazdığına görə, Türkiyə Prokurorluğu 1993-cü ildə vəfat etmiş Turqut Özalın cəsədinin ekshumasiyasının aparılması üçün lazımi proseduralara başlayıb. Prokurorluq artıq prezident Abdulla Gülün sərəncamı ilə eksqumasiya üçün sənədlər hazırlayır. Özalın ailəsi isə eks prezidentin məzarının açılmasına razılıq verməyib.

Qeyd edək ki, Turqut Özalın ölümünun səbəbləri barədə müxtəlif iddialar dolaşırdı. Bu günədək Özalın ölümünün rəsmi səbəbi kimi ürək çatışmazlığı göstərilirdi. Turqut Özalın həyat yoldaşı Səmra Özal isə eks prezidentin öldürüldüyünü iddia edir. Lakin keçmiş prezidentin zəhərlənməsinə dair versiya Özalın öz silahdaşları tərəfindən təkzib edilir.

Xatırladaq ki, Turqut Özal 1993-cü il aprelin 17-də Azərbaycan və Orta Asiyanın türk dövlətlərinə etdiyi səfərdən qayıtdıqdan sonra qəfildən dünyasını dəyişib. Turqut Özalın ən yaxın adamlarından olan keçmiş nazir Mətin Gündərə Türkiyə kütləvi informasiya vasitələrinə açıqlamasında onun Orta Asiya ölkələrindən birində zəhərləndiyi ehtimalını irəli sürüb. Onun sözlərinə görə, Turqut Özalın səfəri burada Türkiyənin təsirini genişləndirməyə xidmət edirdi. Bu isə Rusiyanın maraqlarına toxunurdu.