Binə Ticarət Mərkəzindəki zəhərlənmə, istərsə də ondan əvvəl baş vermiş avtobusla qatarın toqquşması əyani şəkildə sübut etdi ki, Əliyev hakimiyyəti nəinki artıq Azərbaycan dövlətinin təhlükəsizlik qarantı deyil, əksinə get-gedə özü bir milli təhlükəyə çevrilir. Ölkədə baş verən özbaşınalıqlar, rüşvət, korrupsiya, milli-mənəvi aşınma azmış kimi, bu gün artıq birbaşa təhlükəsizliyimiz, can güvənliyimiz təhdid altındadır. Rejim daha dəqiq desək, hakim ailə maddi maraqlar ucbatından milyonlarla insanın taleyi ilə oynamağa davam edir.
Insan faktoru onlar üçün çoxdan arxa plana keçib, diqqətlə fikir vermisinizsə, artıq yaşayış evlərinin arasındakı təhlükəsizlik ərazilərinin belə, demək olar, hamısı satılıb. Hazırda Bakıda minlərlə yaşayış evi var ki, yanğınsöndürən maşınlarının fəlakət zamanı heç bir variantda ora girə bilməsi qeyri-mümkündür. Yəni yanğın baş verərsə, insanların sakitcə onun sönməsini gözləməkdən başqa heç bir çarəsi qalmayacaq…
Hər gün milyondan çox vətəndaşımız Bakı metropolitenindən istifadə edir. Tağı müəllimin optimist çıxışlarına baxmayaraq, şüuru və gözü olan bütün canlılara gün kimi məlumdur ki, MDB məkanında biz yeganə ölkəyik ki, 70-ci illərdən qalma vaqon və lokomotivlərlə hərəkət edirik. Hətta Yerevan metropolitenində belə, Mıtişşi vaqonqayırma zavodunun son texnologiyaları olan “Yauza” və “Rusiç”lər şütüyür. Və orası da sirr deyil ki, metronun girişindəki minlərlə ticarət “toçka”larından gələn milyonlar hakim ailənin büdcəsinə axır. Bunu Tağı müəllim özü şəxsən etiraf edib, deyib ki, yalnız metronun giriş qapısından içəridə olan köşklər mənlikdir. Bunların ümumi sayı təxminən 200-ə qədərdir. Keçidlərdəki ticarət köşklərinin isə sayı minlərlədir, hər ay orta hesabla hər köşk arendatoru 400 manat ödəyir. Bu pulla Mıtişşi zavodunu vaqonlar qarışıq almaq olar, amma biz hələ də 70-ci illərin vaqonlarında “atılıb-düşürük”. Səbəb sadədir, bu gün metrodan “qara camaat” istifadə edir. Allah eləməmiş, pik saatlarda Binədəki hadisənin təkrarı, yaxud da hər hansı təxribat olarsa, metrodakı böyük miqyaslı fəlakət qaçılmaz olacaq. Sərnişinlərin canlarını, dükan sahiblərinin isə, mallarını xilas etmək cəhdinin yaratdığı xaosu təsəvvür edəndə insanın tükləri biz-biz durur.
…Bu gün rejim nə tikirsə-tiksin, sonunda ticarət mərkəzi “alınır”. Götürək elə yeni avtovağzalı, bu dövlət obyekti daha çox böyük bir ticarət mərkəzinə bənzəyir. Mağazaların çoxluğundan avtobus dayanacaqlarına gedən dar yollar, krossvord qəzetlərindəki tapmaca – labirintləri xatırladır. Oxşar vəziyyət son zamanlar tikilən yeraltı keçidlərdə də eynidir.
Ümumiyyətlə, Bakıda Prezident Aparatı və Milli Məclis binasından başqa ticarət obyekti olmayan tikili tapmaq müşkül məsələyə çevrilib…
Binə Ticarət Mərkəzindəki zəhərlənmə olayı ilə bağlı məsuliyyəti birbaşa ölkə rəhbəri daşıyır, çünki ictimai tualeti belə 840 min dollara satılan, nəhəng ticarət mərkəzinin hansısa Kəbirə Məmmədovaya məxsus olması absurd bir fərziyyədir. Bu böyüklüyündə obyektin ailə nəzarətindən kənarda olduğunu düşünmək isə, sadəcə ağılsızlıqdır…
Qəribədir ki, burada mağaza almış sahibkarlar… həm də adi arendator kimi kirayə haqqı(?) ödəyirlər, özü də buraya kommunal xərclər aid olmur, bunu da onlar ödəyir, özü də gecikdirilmədən…
Yadınızdadırsa, bir müddət əvvəl bu “sahibkar” xanım biznes nüfuzuna “xələl” gətirdiyinə görə, “Azadlıq” qəzetini məhkəməyə verdi və yüksək təzminata da nail oldu. Səbəb sadədir, obyekt onun deyil, ailəyə məxsusdur və bu səbəbdən məhkəmə ənənəsinə sadiq qalaraq məlum addımı atdı.
Hazırda ən sadə hüquqi məntiqə görə, sahibkar xanım məsuliyyətə cəlb edilməlidir. Əvvəla, məktəb mövsümü ilə bağlı ticarət mərkəzi dolu idi, faciənin miqyası daha böyük ola bilərdi. Ikincisi, necə ola bilər ki, mağaza sahiblərinin “gözünü deşib” kommunal xərcləri vaxtında yığasan, amma öz növbəndə onun elektrik pulunu vaxtında ödəməyəsən?…
Məsələ nə Kəbirədə, nə Tağıda, nə də Rövnəqdədir… Onlar sadəcə icraçıdırlar və Binə, avtobus qəzası, evlərin uçurulması və s. hadisələr göstərdi ki, onlar heç sadiq də deyillər, pul onların da gözünü örtüb…
Daha bir həqiqət odur ki, bu gün Əliyev rejimi insanların susmasından ürəklənərək artıq onların həyatı ilə oynamağa başlayıb və bu proses insanların “daha sənə verə biləcəyim heç nəyim qalmadı” deməsinə qədər davam edəcək. Bax, bu çox təhlükəlidir…

Rejim və onun kəbirələri varkən, ASALA-ya nə gərək var?
•