Osman Kazımov: “Həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsinə çalışacağıq”
Sentyabrın 17-də Sumqayıt Apelyasiya Məhkəməsində Müsavat fəalı Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsindən verilmiş şikayətə baxılıb. Məhkəmə Nigar Yaqublunu həbsdə saxlamağa qərar verib. Vəkil Nemət Kərimlinin sözlərinə görə, ittiham tərəfi N.Yaqublu haqda seçilən həbs qərarının dəyişdirilməməsini əsaslandıran heç bir dəlil-sübut təqdim edə bilməyib:
“Ittiham tərəfi ümumi sözlərdən, fərziyyələrdən danışdı. Nigar Yaqublunun istintaqa çağırılıb-çağırılmamasına dair heç bir sübut təqdim olunmadı. Guya kimsə ”KAMAZ”ın sürücüsü ilə telefonla danışıb, ona təzyiq edib. Əvvəl belə bir məsələ yox idi. Indi də bu məsələni atırlar ortaya”.
Vəkilin sözlərinə görə, prosesə N.Yaqublunu gətirməyiblər və bu, qanunvericiliyə ziddir. N.Kərimli N.Yaqublunun ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edəcəklərini də bildirib.
Vəkil Osman Kazımov “Azadlıq” qəzetinə açıqlamasında məhkəmənin qərarını əsasız adlandırıb: “Abşeron Rayon Məhkəməsi həbs qərarının qüvvədə saxlanılmasına dair heç bir ciddi əsas gətirmədi. Guya Nigar Yaqublu istintaqın gedişinə mane ola bilərdi və qaçıb gizlənmək ehtimalı var idi. Nigar Yaqublu hadisə zamanı həm xəsarət, həm də ciddi psixiloji zərbə almışdı. Psixi vəziyyəti yaxşı deyildi. Bununla bağlı istintaqda həkim arayışı da var. Istintaq Nigar Yaqublunu birinci dəfə sentyabrın 4-də dindirib. Ayın 5-də ekspertiza təyin edib, cəmi bir gün ərzində də oradan rəy alıblar. Ayın 7-də təkrar istintaqa dəvət ediblər. Yəni çox intensiv istintaq aparılıb. Bundan əvvəl müstəntiqlə əlaqə saxlayanda məlum olub ki, o, hadisə yerindədir. Ona görə, Nigarın getməsi mümkün olmayıb. Sonra şənbə-bazar olub, ardından Nigar yenidən istintaq idarəsinə gedib. Demək istəyirəm ki, Nigar Yaqublunun istintaqdan yayınması ilə bağlı əsaslar fərziyyədən başqa bir şey deyil.
Cinayət işinin materiallarında bununla bağlı hər hansı rəsmi sənəd yoxdur”.
O.Kazımov N.Yaqublunun həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi üçün bu gün Abşeron Rayon Məhkəməsinə müraciət edəcəklərini bildirib: “Həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsinə çalışacağıq”.
Hüquq müdafiəçisi, N.Yaqublunun vəkili Iradə Cavadova hesab edir ki, həbs-qətimkan tədbirinin qüvvədə saxlanılmasına lüzum yox idi: “Prokurorun gətirdiyi əsaslardan hansısa biri mövcuddursa belə, qətimkan tədbirinin saxlanılmasının gərəksizdir. Çünki istintaq artıq bitib. Bu qərara ehtiyac yox idi, məhkəmə Nigar Yaqublunu azad buraxaraq işi davam etdirə bilərdi. Bütün vəkillər görüşüb bir nəticəyə gələcəyik”(“Mediaforum”).
Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu toplantı keçirib Müsavat fəalı Nigar Yaqublunun müdafiəsi yönündə növbəti addımları müzakirə edəcək. Bunu monitorinq qrupunun üzvü Səidə Qocamanlı deyib: “Sumqayıt Apelyasiya Məhkəməsinin gənc fəal barəsində qərarı qüvvədə saxlamasına çox məyus olduq. Nigarın azadlığa çıxacağına inamımız var idi, həbs qətimkan tədbirinin dəyişdiriləcəyini düşünürdük.
Həm Nigarın hüquqlarını müdafiə komitəsində, həm də Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu çərçivəsində işimizi davam etdirəcəyik. Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun növbədənkənar toplantısı olacaq. Biz öz addımlarımızı müəyyənləşdirəcək və problemi tezliklə çözməyə çalışacağıq ki, iş ölkə müstəvisindən kənara çıxmasın”.
Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həmin gün Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Sentyabrın 11-də Daxili Işlər Nazirliyi Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini açıqlayıb.