“Əfsuslar olsun ki, AXCP və Müsavatın Ramil Səfərovun müdafiəsi ilə bağlı toplantıda iştirak edib Avropa Parlamentinin qətnaməsinə qarşı bəyanata YAP-la birlikdə imza atması “stakanda fırtına” yaradıb”. Bu sözləri AXCP sədrinin müavini Razi Nurullayev Facebook profilində məlum görüşə qarşı səslənən etirazlara cavab olaraq yazıb.
Sədr müavini qeyd edib ki, AXCP hər zaman Ramil Səfərovu müdafiə edib və milli maraqlar uğrunda mübarizə aparıb. “Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsi ədalətsiz idi və bu ədalətsizliyə biz də etiraz etdik” deyə yazan R.Nurullayev fikrini belə əsaslandırıb ki, ASALA terrorçusu Ermənistana ekstradisiya olunaraq əfv edildiyi və Avropanın buna göz yumduğu halda affekt vəziyyətdə erməni zabitini öldürən Azərbaycan zabitinə qarşı çıxarılmış ömürlük əhbs qərarı ədalətsiz olub və bu ədalətsizlik aradan qaldırılıb.
Sədr müavini daha sonra bunları yazıb: “Bəli, qəbul edirəm ki, YAP-ın hazırladığı qətnamədə “nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş” ifadəsindəki “layiqincə” sözü nəzərimizdən qaçıb. Bu sözdən başqa o qətnamədə bir xəta yox idi. Bu gün YAP görüşdə təklif olunan son varıantı göndərdi və AXCP “layiqincə” sözünün çıxarılmasına israr etdi. Bu məsələ də həll olundu və mətndən çıxarıldı. Artıq son variantda “layiqincə” sözü yoxdur. Nəzərdan qaçırılmış bir sözə görə bu qədər “fırtına” yaratmağa dəyərdimi?
Dostlarımızın də bu “firtına”ya qoşulmasına isə üzülürük. Sadəcə üzülürük. Amma, biz o qətnaməyə prinsipial əlavə təqdim etmişdik. AXCP-nin təklifi ilə qətnaməyə Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Cənubi Qafqaz ölkələri ilə Assosiativ sazişə Azərbaycanın sadiqliyini bəyan etməsi əlavə edilib. Bu əlavənin özü çox mətləblərdən xəbər verir. Azərbaycanın iqtidar partiyası olan YAP bu sazişə sadiqliyini bəyan edir. Bu saziş isə Azərbaycanın tam demokratikləşməsini, iqtisadiyyatının liberallaşmasını, azad və şəffaf seçkilərin keçirilməsini nəzərdə tutur.
Hələ toplantıda da çıxışımda dedim ki, AXCP Avropa parlamentinin insan hüquqları və demokratiya sahəsində qəbul etdiyi qətnamələri birmənalı qəbul edir.
Çox üzülürəm ki, bir çox dostlarımız və həmkarlarımız yanlış mövqe ortaya qoyurlar. Ramil Səfərovu müdafiə etmək eyib deyil. Biz doğru olanı etdik”.
R.Nurullayev müraciətin son mətnini də “Azadlıq”a göndərib. Mətni qtədim edirik:
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri 14 sentyabr 2012-ci ildə bir araya gələrək, “Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi” adlı sənədi müzakirə etmişlər. Müzakirələrin yekunu olaraq, Avropa Parlamentinə müraciət qəbul olunmuşdur.
Avropa Parlamentinə
M Ü R A C İ Ə T
Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Avropa strukturları ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı şəkildə ifadə edirik. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin xarici siyasətində Avroatlantik məkanına inteqrasiya mühüm və əhəmiyyətli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda təmsil olunmuş, həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi sənədlərə qoşulmuşdur. “Evronest”in qurucu üzvü olaraq Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak etməklə, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə Assosiativ sazişinə sadiqliyini bəyan edir.
Avropa Parlamenti Cənubi Qafqaz və Azərbaycanla bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul etmişdir. Qəbul edilən sənədlərdə Azərbaycanın üzləşdiyi əsas problem – Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, obyektiv fikirlər də özünə yer tapmışdır. Lakin bəzi hallarda Avropa Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə, xüsusilə erməni lobbisinin təsiri altında reallığı təhrif edən sənədlər qəbul etmişdir. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan ictimai rəyində və siyasi mühitində birmənalı qarşılanmır.
Macarıstanda həbsdə olan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana təslim edilməsi və ölkə Prezidenti tərəfindən əfv olunması məsələsi ilə bağlı Avropa Parlamentində qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir.
Avropa dövlətlərinin qoşulduğu və beynəlxalq miqyasda hamının qəbul etdiyi konvensiyalar və digər hüquqi sənədlər məhbusların ekstradisiyası və əfv olunması məsələlərini tənzimləyir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun da ekstradisiyası və əfv edilməsi “Məhkum olunmuş şəxslərin təslim edilməsi haqqında Konvensiya”nın 12-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə istinad olunaraq həyata keçirilmişdir. Təəssüf ki, Avropa strukturlarının bir sıra qurumlarında bu məsələ ilə əlaqədar obyektivlikdən uzaq bəyanatlar və sənədlər yayılmışdır.
Xatırlatmaq istərdik ki, Ramil Səfərov erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulmuş və Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi gedişində mülki şəxslər olan bir çox yaxınları, qohumları öldürülmüş, girov götüürülmüş, ailəsi isə qaçqın vəziyyətinə düşmüşdür. Ramil Səfərov 2004-cü ildə Budapeştdə ingilis dili kurslarında iştirak edərkən onunla birlikdə bu kursda olan erməni zabiti Qurgen Markaryan tərəfindən təhqirlərə məruz qalmış və buna cavab olaraq affekt vəziyyətdə ona qarşı ən son vasitəyə əl atmışıdır. Ramil Səfərovun üzərində Budapeştdə aparılan məhkəmə prosesi zamanı Ermənistanın və erməni lobbi təşkilatlarının təzyiqləri nəticəsində bu hadisə ilə əlaqədar çox sərt və humanizm prinsipləri ilə uzlaşmayan hökm verilmişdir. Halbuki, Avropa ölkələrinin məhkəmələrində belə sərtlik özünü biruzə vermir. Son misal kimi, Norveçdə Breyvik üzərində qurulan məhkəmə və onun çıxardığı qərarı göstərə bilərik. Qeyd etmək istərdik ki, Ramil Səfərov onun üçün müəyyən olunmuş cəzanın 9 ilini həbsxanada keçirmişdir.
Hazırda erməni lobbi təşkilatları və Ermənistanı himayə edən dairələr tərəfindən Ramil Səfərov məsələsi ətrafında qaldırılan hay-küy kampaniyası, əslində Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək bir milyona yaxın insanı qaçqına çevirən təcavüzkar Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh danışıqları prosesində tutduğu qeyri konstruktiv mövqeyi ört-basdır etmək cəhdindən başqa bir şey deyildir. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana gətirərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktı, Azərbaycan ictimai rəyində hiddət və təəssüf doğurmuşdu. Halbuki, bu terrorçular Ermənistana gəldikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən, Xocalı soyqırımını törətmişlər. Hesab edirik ki, Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlığına rəvac verən qərarlar qəbul etmək əvəzinə, iki ölkə arasında olan konfliktin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atsaydılar daha məqsədəuyğun olardı.
Biz, siyasi yönümündən asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan cəmiyyətinin bu mövzudakı həssaslığını və narahatlığını ifadə edərək, bir daha Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv, qərəzli və ikili standartların növbəti təzahürü hesab edirik.