“Bu prezident Amerikanın liderliyinə inanmır”
Hər kəs Bəşər Əsədin hakimiyyətdən gedəcəyinə əmindir. Mən də əminəm. Bir gün Arizonaya qar yağacağından da əminəm. Bir az kinayəli oldu amma, problem budur ki, indiyə qədər isyançıların uğurları olsa da, Əsədə verilən dəstək də artdı. İrandan, Hizbullahdan, Rusiyadan… Altı ay əvvəl kəndlərə hücum edən təyyarələr, təsadüfi öldürmə görmürdük. Təəssüf ki, indi bunların hamısı olur”.
Bu sözləri ABŞ-ın məşhur senatoru, Respublikaçı Con Makkeyn Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.
ABŞ əsgərinin çəkməsi Suriyaya dəyməsin
Senator bildirib ki, ABŞ bundan əvvəl iştirak etdiyi müharibələrdən yorulub, ona görə də Suriya öz əsgərlərinin girməsini istəmir. “ABŞ istəmir ki, o ərazilərə əsgərinin çəkməsi dəysin. Amerika xalqına və rəhbərliyinə izah etməyə çalışdığım budur: Məncə də əsgərimizin çəkməsinə ehtiyacımız yoxdur. Etməli olduğumuz, onları (Azad Suriya Ordusunu – red.) silahla təmin etməkdir. Onların uçuşa qadağan bölgəyə ehtiyacları var. Bu, onların təşkilatlanmasını və müvəqqəti hökumət qurmalarını təmin edər”, – deyə Makkeyn bildirib.
Obama Amerika liderliyinə inanmır
Respublikaçı senatora görə, Barak Obama ABŞ-ın dünyada liderliyinə inamsız yanaşır və bu, utanc vericidir: “Əsl utanc verici olan, ABŞ prezidentinin artıq Suriya xalqı adından da danışmamasıdır. Bu, mənim indiyə qədər gördüyüm prezidentlərin tutduğundan fərqli yoldur. İndiyə qədər Suriyada 21 min insan qətl edildi. Daha nə qədər insan ölməlidir? Beş ay əvvəl müdafiə naziri Leon Panettaya da eyni sualı verdim, cavab verə bilmədi. Bu prezident Amerikanın liderliyinə inanmır. Amerikanın liderliyinin əskikliyi özünü göstərir”.
Romni Türkiyəyə daha yaxın şəxsdir
Makkeyn Türkiyə ilə bağlı fikirlərini də bölüşüb və təmsil etdiyi partiyanın prezidentliyə namizədi Mit Romnini bu ölkəyə daha yaxın şəxs kimi xarakterizə edib: “Türkiyə bölgənin hərbi və siyasi gücü, demokratiya nümunəsidir. Mən prezident Obama və baş nazir Ərdoğan arasındakı yaxşı şəxsi əlaqələrin Suriya ilə bağlı Əsədin gedəcəyi həll variantında əksini tapmasını istərdim. Ancaq gün keçdikcə daha çox islamçı, daha çox cihad tərəfdarı, daha çox “Əl-Qaidə”çi Suriyaya gəlir. Bu da Əsəddən sonrakı dövrü dramatik bir şəkildə qarışıq hala gətirir. Respublikaçıların prezidentliyə namizədi Mitt Romni bu məsələnin həllində Türkiyənin mövqeyinə daha yaxındır və Türkiyə ilə yaxından əməkdaşlığa hazırdır”.
Kürdlər hələ qəti qərar verməyib
Amerikalı senator bölgədə kürd probleminə də toxunub: “Əsəd Suriyadakı kürd bölgələrini PKK-nın vətəndaş qoluna təslim edəndən bəri onların necə davranacaqları ilə bağlı çox maraqlı ssenari olacaq. “Müstəqil Kürdüstan” ehtimalı necə nəticələnər, bilmirəm. Çünki kürdlərin regiondakı rəhbərliyi ilə Türkiyə arasındakı əlaqələr çox yaxşıdır. Kürdlər bütün variantları qiymətləndirirlər. Qərar verdiklərini zənn etmirəm”.