Cavid Qurbanov Miqrasiya Xidmətini məhkəməyə verib

Deputat Cavid Qurbanovun rəhbərlik etdiyi «Azəryolservis» ASC general-mayor, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidmətini məhkəməyə verib.
Deputatın rəhbərlik etdiyi qurumun belə bir addım atmasının səbəbi isə «Azəryolservis»də çalışan əcnəbilərlə bağlı Dövlət Miqrasiya Xidmətinin sərt qərarlar qəbul etməsidir. «Azəryolservis» rəhbərliyi hesab edir ki, əcnəbilərlə bağlı müvafiq qanunlara əməl etdiklərindən Miqrasiya Xidməti onların Azərbaycanda yaşayıb işləməsinə mane ola bilməz. Bu barədə “Reytinq” qəzeti məlumat yayıb. Qəzet adını açıqlamadığı mənbəyə istinad edərək yazır: “Amma Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi «Azəryolservis»in iddialarını qəbul etmir. Firudin Nəbiyev Miqrasiya Xidmətinə rəis təyin olunduqdan sonra nəinki «Azəryolservis»də, həmçinin bütün dövlət qurumlarında qeyri-rəsmi çalışan əcnəbilərin qeydiyyata düşmələri istiqamətində fəal işlədi. Bu isə «Azəryolservis»in layihələrində ucuz qiymətə çalışan əcnəbi fəhlələri çətin vəziyyətdə qoydu. Cavid Qurbanov da tabeliyində çalışan həmin əcnəbi fəhlələrlə bağlı qəbul edilmiş inzibati qərarlardan tam narazıdır. Lakin onun mandatı general-mayoru fikrindən döndərə bilmədi. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli oldular”.

Məlumatda deyilir ki, «Azəryolservis»in Dövlət Miqrasiya Xidmətinə qarşı qaldırdığı iddiaya ilk instnasiya kimi Nəsimi Rayon Məhkəməsi baxıb. Məhkəmə iddianı təmin etməyib. «Azəryolservis» məhkəmənin qərarından apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılır. İşə sentyabr 21-də baxılacaq.