Ötən gün Binə Ticarət Mərkəzində zəhərlənən şəxslərin artıq vəziyyətləri yaxşıdır. Kliniki Tibbi Mərkəzin (KTM) baş həkimi Tərlan Bəbirovun ANS PRESS-ə verdiyi məlumata görə, ticarət mərkəzindən zəhərlənən və xəstəxanaya yerləşdirilən 148 nəfərin 147-si evə buraxılıb. 1 nəfər isə hələlik KTM-dədir. Həmin şəxs də bu gün evə buraxılacaq.
Tərlan Bəbirovun sözlərinə görə, zəhərlənmə zamanı heç kəs ölməyib. Xəstəxanaya daxil olan şəxslərin hamısı tüstüdən zəhərləniblər.
***
Respublika Baş Prokurorluğu Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktına münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. Hadisə nəticəsində 100-ə yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
