Bir neçə il qabaq Avropanı bürüyən ekonomik böhranla bağlı çeşidli açıqlamalar oldu. Məncə, ən düzgün açıqlama ekonomik böhranın kökündə ideya-mənəvi aşınmaların durması ilə bağlı deyilənlər idi. AŞ PA-nın stenoqramlarından doğan bir sıra qınaq yazılarım çap olunmayıb. O yazılarda AŞ PA stenoqramlarından yararlanmaqla bu böyük Avropa qurumunda yaşanan ideya-mənəvi böhran faktlarının üzərinə işıq salmağa çalışmışam. Bir çox AŞ PA deputatlarının demokratik dəyərləri ayaq altına ataraq hansısa neft-qaz diktatoruna yarınmaq yolu tutduqlarını göstərməklə…
Budur, aradan bir çox illər keçəndən sonra AŞ PA özü dilə gəldi: “AŞ PA bir sürədir yurddaşların demokratik institutlara, siyasi liderlərə inamının, eləcə də seçkilərə seçicilərin qatqısının azalması, ksenofob, populist partiyaların populyarlığının artması ilə bağlı narahatlığını bildirir”. Bunu gerçəkliyin gerçək, doğru-düzgün dəyərləndirilməsi adlandırmaq olar. Istər Avropa Şurasındakı, istər Avropa Birliyindəki, istərsə də, qalan bir çox demokratik institutlardakı demokratik dəyərlərə uzun illər prinsipiallıqla yanaşılmaması, bu dəyərlərin getdikcə daha çox aşındırılması kimi faktlar indiki bir çox neqativ görsənişlərə gətirib çıxarıb. Bizim ölkəmizlə bağlı bir fakt: son iyirmi ildə, əliyevçi hakimiyət dönəmində, Azərbaycanda bir-birindən daha saxta seçkilər keçirilsə də, AB, AŞ başda olmaqla bir çox bəlli qurumlar bu seçkiləri ardıcıl olaraq “demokratiya yolunda daha bir addım” adlandırıblar. Sonuc AŞ PA-nın indiki bildirgəsində göstərildiyi kimidir: yurddaşların demokratik institutlara, siyasi liderlərə inamı, eləcə də seçicilərin seçkilərə qatqısı azalıb, o biri yandan ölkədə ksenofobiya geniş yayılmağa başlayıb. Beləliklə, qanunauyğun olaraq, Avropadakı demokratiya böhranı (demokratik dəyərlərə prinsipsiz yanaşma!) Azərbaycan kimi demokratiya yolunda ilkin addımlar atan ölkələrdə başlanğıcdan böhran situasiyası yaranmasına gətirib çıxarıb.
Qross, Herkel kimi alınıb-satılmaz, prinsipial demokratiya adamlarına Avropa Şurasının sayğısız yanaşması, diktatura diktəsi önündə onları arxasız qoyması faktları da demokratik institutların gözdən düşməsinə, avtoritetini itirməsinə gətirib çıxaran görsənişlərdəndir.
Azərbaycanla bağlı başqa bir fakt. Ramil Səfərov faktı. Bir yazımda (“Azadlıq”, 05.09.2012) hakimiyətin R.Səfərovla bağlı hansı yanlışa yol verdiyini göstərmişəm. Indi R.Səfərov harayı qopararaq bizim gözümüzə bir sıra hüquq prosedurlarını soxan Avropa Şurasından, Avropa Birliyindən soruşmaq gərəkir: bu hökumət son iyirmi ildə keçirdiyi bir-birindən antidemokratik seçkilərdə Azərbaycan xalqının seçib-seçilmək hüququnu dönə-dönə tapdayırkən o seçkilərə “demokratiya yolunda daha bir addım” donu geyindirməklə antidemokratik bir rejimə arxa duran siz deyildizmi?! Milli kimliyindən asılı olmayaraq istənilən BIR adamın hüquqları qorunmalıdır – bilirik. Onda, MILYONLARIN illərlə tapdanan hüquqları necə olsun?! Yeri gəlmişkən, erməni terror mafiyası BEŞ MILYONDAN artıq azərbaycanlını özünün tarixi torpağından – indi “Ermənistan” adlandırılan Batı Azərbaycandan, eləcə də Qarabağdan qanlı qırğın yolu ilə qovub çıxarıb – bu BEŞ MILYONDAN artıq adamın hüquqlarından niyə danışılmır?!
AŞ da, AB da, bir sıra bəlli dövlətlər də Ramil Səfərovla bağlı “Ermənistan”la Azərbaycan arasındakı “kövrək barışın” pozula biləcəyindən danışır. Arxasında bəlli dövlətlərin durduğu Minsk qrupunun 20 ildən bəri sürdürdüyü bu “kövrək barış” daha neçə 20 il sürə bilər? Görünür, Batı Azərbaycanı olduğu kimi, ermənilər Qarabağı da bütünlüklə erməniləşdirib mənimsəyənədək. Görünür, aqressorla aqressiyaya uğrayanın bir gözdə tutulması, aqressoru cilovlamaqla bağlı bircə addımın belə atılmaması da bundan ötrüdür. Bunun özü də hüququn tapdanması faktı deyilmi?!

Avropada demokratik dəyər böhranı
•