Yazıçılar Birliyi 37-ci il repressiyalarına görə üzr istəsin!

Bu il 37-ci ilin dəhşətli repressiyalarından 75 il keçir.
Əslində, 37-ci il haqqında keçmiş zamanda danışmaq da doğru deyil. Biz hazırda 37-ci ilin qorxu mühitini, işgəncələrini, satqınlıqlarını, işverənliklərini bir başqa formada yaşamaqda davam edirik.
Şair demişkən, həqiqətən də davam edir 37. Daha kəskin, daha ciddi.
Hətta Azərbaycanda ötən əsrin 30-cu illərinin mənəvi terror, mənəvi genosid dövrünün yadigarları, törəmələri olan qurumlar var ki, onları hazırda da yağ içində böyrək kimi bəsləyir, yenə də repressiv bir rejimin təbliğat-təşviqat maşınının əsas vintciklərindən, təkərciklərindən biri kimi qoruyub saxlayırlar.
Onlardan biri Azərbaycan Yazıçılar Birliyidir (AYB). Bu qurum məhz Azərbaycanın gerçək aydınlarının, istedadlı, dəyərli qələmlərinin cəzalandırıldığı, sürgünlərə göndərildiyi, güllələndiyi illərdə yaradılıb. Vəzifəsi də ədəbiyyatı partiya və hökumət işinin yedəyinə bağlamaq olub.
Donosbazlıq, yaltaqlıq, əzənin əziləni daha çox əzməsinə kömək etmək, Stalin repressiyalarına haqq qazandırmaq Yazıçılar Birliyinin yaranış səbəbləridir. Bu mənada qətiyyətlə demək olar ki, AYB-nin əli zamanında Hüseyn Cavidlərin, Müşfiqlərin, Çəmənzəminlilərin, Əhməd Cavadların qanına bulaşıb.
Bir növ 37-ci ilin töhməti hələ də Yazıçılar Birliyinin üzərindədir. Bu qurum 75 il öncənin mənəvi terrorunun məsuliyyətini, lənətini hələ də daşımaqdadır.
O üzdən 37-ci il repressiyalarının 75-ci ildönümündə AYB-nin bir vaxtlar repressiya edilməsində bu və ya digər şəkildə iştirak etdiyi aydınlarımızın ruhundan üzr istəməsi gərəkir. Üstündəki lənət yükünü az da olsa xəfiflətməsi gərəkir.
Gözləyirik!
Film terrorlarına sözardı
Məlum filmlə bağlı müsəlman ölkələrində səfirliklərə hücumları heyrətlə və ibrətlə izləyirik.
Islamı şiddət, zor dini kimi göstərən filmə etirazı necə şiddətlə, zorla bildirmək olar? Bununla o filmin müəlliflərini haqlı çıxardıqlarının fərqində deyillərmi bunlar?
Ortada hər nə qədər ağır, qəbuledilməz həqarət olsa belə, heç bir kitaba, filmə, rəsmə qarşı güclə cavab verilməməlidir. Sözün qarşılığı dəyənək olmamalıdır. Bu, ancaq çarəsizlik əlamətidir. Bu, ancaq gücsüzlərin işidir.
Biri sənin dinini zor dini kimi göstərirsə, sən də ağlını, zəkanı, istedadını, bacarığını işə sal, öz dinini mərhəmət dini kimi göstər.
Məsələ Islamla da bağlı deyil.
Elə xristianlığın özünə qarşı xristianların özlərinin tənqidlərlə, həqarətlərlə dolu yazdıqları romanlar, çəkdikləri filmlər azdırmı? Siz bunların hansına qumbara ilə, pulemyotla cavab verildiyini görmüsünüz?
Gedib hansısa səfirliyi dağıdana qədər (hələ onu demirəm ki, orta çağ Şərqində “elçiyə zaval olmaz” misalı məşhur idi, indi soruşuram: nə oldu, bəs siz çox milli-mənəvi idiniz?) oturub düşünmək lazımdır, məsələn, elə bu xəbər haqqında: “Londonda qiyməti 300 milyon funt olan (təqribən 480 milyon dollar) Ərəbistan şahzadəsi Sultan Ibn Abdel Əzizin evi satılır. Bu 7 mərtəbəli malikanədə bütün şüşələr güllə keçirməzdir, mülkdə bir tona yaxın qızıl işləmələr var. Yataq otaqlarının sayı 40-dan çoxdur”.
Bir toplum onun sərvətlərini talayıb, qanını sümürərək özünə dəbdəbə quranlara səssiz, təpkisiz qalıb, belələrinə güldən ağır söz deməyib, belələrinə toz qondurmayıb, belələrini sorğulamayıb bir filmlə müharibə edərsə, o toplumu kimsə ciddiyə almaz.
Hər kəs, hətta haqlı ikən də haqsız görər.
O toplum düşdüyü bataqlıqda çabalamaqda davam edər.
Məndən bir məsləhət
Xeyli vaxtdır XIX əsr Rusiyası haqqında oxuyuram.
Məsələn, Gertsenin məktublaşmalarını.
Belinskinin məqalələrini.
Çexovun məktublarını, onun barəsində xatirələri.
Həm müdhiş bir enerji verir insana, həm də şər üzərində qələbənin yolları haqqında düşünməyə kömək edir.
Gəldiyim son qənaət: bizim o dövrü yaxşı-yaxşı oxumağımız, öyrənməyimiz lazımdır. Mütləq lazımdır!
Həm xətalarımızı görmək, həm yanlışlarımızı düzəltmək, həm də real mübarizəni əxz edə bilməyimiz üçün lazımdır.