Bu hakimiyyətin işlərinə sakit tamaşa etmək üçün gərək böyük əsəb sahibi olasan, əks təqdirdə çox çətin məsələdir bütün bunlara dözmək. Bəli, o gün baxıram, Həştərxandan reportaj verirlər. Körpü tikiblər bu şəhərdə. Gələcək üçün hətta knyaz Vladimirə heykəl ucaltmağı planlaşdırırlar. Əcəba, ruslar bu qədərmi kasıb və aciz olublar ki, öz şəhərlərində körpü tikə bilmirlər və ya öz knyazlarına heykəl ucalda bilmirlər? Vaxtilə Rusiyanı az yedizdirdik?
Bəlkə buna görə bizə minnətdarlıq etdilər?
Heç vaxt yadımdan çıxmaz. Bəli, sovetlər vaxtı idi. Mən Bakı neftindən danışanda rus tələbələrdən biri qeyri-adi təəccüblə soruşdu ki, məgər Bakıda neft var? Mən heç onda da güman etmirdim ki, o həqiqətən Bakıda neftin olmadığını bilmir. Bilirdi, sadəcə özü qəsdən soruşurdu ki, guya onun bundan heç xəbəri yoxdur… Hələ onu demirəm ki, burada özlərini cəmiyyətin qarşısında çox böyük səlahiyyət və vəzifə sahibi kimi təqdim edənlər Həştərxanda hətta adi bir ictimai təşkilatın tədbirində şagird müəlliminə əl çalan kimi əl çalırdılar. Hələ onu demirəm ki, görülən işlər dövlətin adından təqdim olunsaydı bəlkə də buna dözmək, bir qədər səbrlə yanaşmaq olardı. Amma bütün bu işlər bir ictimai təşkilatın adı ilə bağlanır. Bu bir daha onu göstərir ki, nəinki ölkədə, hətta onun hüdudları xaricində təbliğ olunmaq bir neçə nəfərin istisnasız imtiyazına çevrilib.
Bütün bu “xeyriyyə” işlərinin ölkənin və onun iş adamlarının hesabına başa gəldiyinə şübhə etmirəm. Amma bütün bunlar bir ictimai təşkilatın hesabına və adına yazılır. Hər yanda H.Əliyevə abidə ucaldırlar. Bu məntiqlə gərəkdir ki, L.Brejnevə, K.Ustinova və sovetin adını unutduğum bir çox məmurlarına da heykəllər ucaldılsın. Axı H.Əliyev onlardan biri idi. Bunlar vaxtilə Rusiya adlı ölkədə özləri haqda xoş təəssürat qoysaydılar bəlkə də haradasa bunu başa düşmək olardı. Amma belə olmayıb və bunu hamı çox gözəl bilir. Indi diplomatik etiket və protokol xatirinə bunlara rəğbət və xoş münasibət izhar edirlər və bunlar da elə düşünür ki, guya Rusiyada bunları sevirlər. Bizim öz problemlərimiz o qədərdir ki, onları həll edən lazımdır. Amma bunlar pulları xərcləməyə yer axtarırlar. Bir gün eşidəcəyik ki, Qazan xanlığını işğal edən I.Qroznının da şərəfinə Qazanda heykəl ucaldırlar. Neçə illər elə burada bizə S.Razinin adını əzbərlətməmişdilərmi? Ən böyük qəsəbələrdən biri Razinin adını daşıyırdı.
Rusiya mədəniyyətinə böyük sayğım var və onu indi heykəl ucaldanlardan, körpü tikənlərdən qat-qat yaxşı bilirəm. Amma məsələnin başqa tərəflərini də bilirəm… Rusiya imperiya idi və bu xüsusiyyət onun mədəniyyətinin də ayrılmaz atributudur, bu mədəniyyətə də imperiyanı elə qovuşdurublar ki, onları biri-birindən ayırmaq çətindir. Bəli, biz illər və qərinələr ərzində sevə-sevə “Qafqaz altımdadır…” sətirlərini əzbərləmişik, lakin bu sətirlərdə imperiya üçün ifadə olunan qürura diqqət etməmişik. Indi mən bu mədəniyyətdən imtina etməyə çağırmıram, amma hər şeyi öz adı ilə adlandırmaq lazımdır.
D.Rorabaxer bizi birləşdirə biləcəkmi?
Bəli, Rusiya həm də 1813-cü və 1828-ci illər deməkdir. Rusiya həm də 1988-1994-cü illər, Qarabağın və ona bitişik rayonların işğal olunduğu illər və tarixlər deməkdir. Bu gün də Qarabağın işğalının arxasında Rusiya dayanır. Və bizə elə gəlir ki, Rusiyada knyaz Vladimirə heykəl qoysaq, onlar özlərinin Qafqazda forpostları adlandırdıqları Ermənistandan əl çəkib bizə dəstək və kömək olacaqlar. Lakin əfsus. Ermənistanla Rusiyanın izdivacı çox dərindir.
Mən burada konqresmen D.Rorabaxerin adını çəkdim. Bu adam Azərbaycan adlı ölkənin ikiyə bölünməsi faktını gündəmə gətirmək istəyir. Artıq bununla bağlı konkret cəhdlər edib. Lazımdır ki, bizim fəllar, alimlər bu insanla yaxşı təmas qursun, onu fakt və dəlillərlə təmin etsin. Bizə Səttarxana, Xiyabani və Pişəvəriyə heykəl qoymaq lazımdır, daha knyaz Vladimirə yox. Mən hələ Bakını bizə qaytaran türk paşalarını demirəm. Özümüzün o qədər böyük və zəngin tariximiz var ki, yüzlərlə heykəl qoysaq bitib-tükənməz. Amma hələ onlara növbə çatmayıb, çünki bunların əlindən macal yoxdur…

Sizə knyaz Vladimirin heykəli lazımdırmı?
•