Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yol verdiyi qüsurlar Arzu Rəhimovu hədəfə gətirib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin(SHXÇDX) Saatlı, Daşkəsən və Göyçay rayon şöbələrində keçirilən əməliyyatla bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, bu əməliyyatlar nəticəsində adıçəkilən rayonlarda fəaliyyət göstərən hərbi komissarlıqların əməkdaşları korrupsiya faktlarına görə saxlanılıblar. Bu tip əməliyyatların davam etdirələcəyi bildirilir.
“Azadlıq”ın dünənki sayında bu əməliyyatların müdafiə naziri Səfər Əbiyevlə SHXÇDX-nin rəisi Arzu Rəhimov arasındakı ziddiyyətlərin təzahürü olduğunu bildirmişdik. Qeyd etmişdik ki, Arzu Rəhimov bununla Səfər Əbiyevin hərbi komissarlıqlardakı kadrlarını zərərsizləşdirir.
Lakin dünən aldığımız məlumatlarda bildirilir ki, əməliyyatların kökündə həm də SHXÇDX-nin fəaliyyətinin qənaətbəxş olmaması dayanır.
7 aydır fəaliyyət göstərən qurum bu müddətdə iki dəfə çağırış həyata keçirib. Bu iki çağırış ərzində isə ciddi qüsürlara yol verilib. Qəzetimizin ötən saylarında yol verilən qüsurlarla bağlı konkret faktları oxucuların diqqətinə çatdırmışdıq. Yada salaq ki, aprel və iyul çağırışları ərzində onlarla vərəm və başqa yolxucu xəstələr, psixi problemi olan şəxslər orduya göndərilirib və Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və başqa silahlı birləşmələr tərəfindən ya dərhal geri qaytarılıb, ya da təxris edilib. Məsələn, psixi problemi olan Nicat Həsənli SHXÇDX-nin Göygöl şöbəsindən son çağırış zamanı əsgər göndərilib və Dövlət Sərhəd Xidmətində qulluq edən bu 18 yaşlı uşaq iki dəfə özünü doğrayıb. Bu əsgər ordudan təxris olunub. SHXÇDX-nin Şəki şöbəsindən əsgər göndərilən Bağıyev Vüsal Kamran oğlu türmədə yatdığı halda əsgər aparılıb. Halbuki qanunvericiliyə görə məhkum olunmuş şəxs həqiqi hərbi xidmətə çağırılmır.
SHXÇDX-nin Ağsu şöbəsindən xidmətə göndərilən Eldarlı Pərviz Vilayət oğlunun da psixi problemi olub və o da ordudan təxris edilib. SHXÇDX-nin Gədəbəy rayon şöbəsindən 2012-ci ilin iyul ayında hərbi xidmətə aparılan Məsimov Ruslan Intiqam oğlu isə epilepsiya xəstəsi olub və təxris edilməsi məcburiləşib. Daha bir təxris edələn əsgər Rəşidov Ismət Ilham oğlu isə SHXÇDX Ağcabədi şöbəsindən son çağırış orduya göndərilib və o kəskin şirzofereniya xəstəsi olub. 2012-ci iln aprel və iyul ayları ərzində vərəm xəstələri Zeynalov Orxan Oktay oğlu SHXÇDX-nin Göygöl şöbəsi, Abdullayev Məhyəddin Dönməz oğlu SHXÇDX-nin Şamaxı şöbəsi, Hidayətov Radik Nurik oğlu SHXÇDX-nin Qusar şöbəsi, Novruzov Sarvan SHXÇDX-nin Ismayıllı şöbəsi, Fəttayev Ramin SHXÇDX-nin Lənkaran şöbəsi, Hüseynov Ağali SHXÇDX-nin Şəmkir şöbəsi tərəfindən xidmətə aparılıb.
Məlumatlarda deyilir ki, məhz bu faktlar ictimailəşdikdən sonra hakimiyyətin yüksək eşalonu da məsələdən narahatçılığını açıq şəkildə ortaya qoyub. Bundan sonra Respublika Prokurorluğunun korrupsiyaya qarşı mübarizə idarəsi, hərbi prokurorluq, və qrumlara nəzarət idarələri birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalara başlayıblar. Nəticədə ortaya kifayət qədər ciddi faktlar çıxıb, xeyli adam istintaqa cəlb olunub. Məlumatlara görə prokurorluğun məsələyə belə sərt şəkildə müdaxiləsinə səbəb övladları xəstə olduğu halda xidmətə aparılan valideyinlərin kütləvi şikayətləri olub.
S.Novruz