Hakimiyyət terror çağırışına cavab verəcəkmi?

Azərbaycan rəsmiləri Jirinovskini qeyri-ciddi adam sayır

Şovinist və qeyri-adi açıqlamaları ilə tanınan Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovski özünəməxsus fikirləri ilə yenə də gündəmə gəlib. Erməni diasporunun Moskvada keçirdiyi mitinqdə çıxış edən Jirinovski bu dəfə Ermənistan xüsusi xidmət orqanlarından Ramil Səfərovun ekstradisiyası və azadlığa buraxılmasına cavab tələb edib.
O həmçinin bildirib ki, Rusiya hərbi yardım edərək Ermənistan ordusunu Yaxın Şərqin ən güclü ordusuna çevirməlidir. Avropalı deputatların Azərbaycanla bağlı tənqidi fikirlərinə sərt cavab verən Azərbaycan tərəfi ermənipərəst mövqeyi ilə seçilən Jirinovskiyə hansı cavabı verəcək?

Siyasi ekspert Elxan Mehdiyev Jirinovskinin Rusiyadakı müəyyən dairələrin, o cümlədən hərbi dairələrin fikrini əks etdirdiyini deyir. Digər tərəfdən, Jirinovski bilir ki, Ermənistan xüsusi xidmət orqanları Ramil Səfərovu aradan götürmək istiqamətində aktiv çalışır. Onun çıxışı da Rusiya xüsusi xidmət orqanlarına erməni kəşfiyyatına kömək etmək üçün bir çağırışdı.
Ekspert Azərbaycanın bu çağırışı sərt şəkildə cavablandırmalı olduğunu deyir. Çünki Jirinovski parlamentdə təmsil olunan partiya rəhbəri, Rusiyanın siyasi səhnəsində seçilən siyasi fiqurdur. Digər tərəfdən, Rusiya burdan gedən bütün bəyanatlara hər zaman reaksiya verir. Jirinovski kimilərin Ermənistanla bağlı çağırışları isə artıq adi hala çevrilib. Bu baxımdan Azərbaycan onu sərt şəkildə pisləməli və etiraz etməlidir.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu cür çağırışları təxribat adlandırdı. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərindən terrora qarşı mübarizə aparan fəal ölkələrdən olub. Əgər kimsə terror üsulunu seçirsə, Azərbaycan da daima mübarizə üsulunu seçib.
XIN rəsmisi kiminsə Azərbaycanla terror və təhdid dili ilə danışmasını mümkünsüz hesab edir. Çünki Azərbaycan buna yol verməz: “Terrora çağıran tərəf terrorun bir hissəsidir. Beynəlxalq ictimaiyyət də görməlidir ki, Azərbaycanın dövlətçiliyinə qarşı bu təhdidlər səngimir. Biz də bu təhdidlərin arxasında duran tərəflərə ittiham və qınaq yağdırırıq”.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Eldar Ibrahimov Jirinovskinin Azərbaycanda, Rusiyada, eləcədə bütün dünyada ağlı üstündə olmayan bir adam kimi tanındığını deyir. YAP təmsilçisi həmçinin ATƏT-in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmalı olduğu Rusiyanın Ermənistanı silahlandırdığını da xatırlatdı. Amma bununla belə Azərbaycanın qonşu dövlət kimi Rusiya ilə münasibətləri yaxşı səviyyədədir: “Təəssüf ki, Jirinovski kimi adamlar da var. Onun dediklərinin əleyhinəyik, o düzgün hərəkət etmir. Jirinovskiyə başqa cür cavab vermək olmur. Rusiyanın deputatıdı, partiya sədridir, prezidentliyə namizəd olub. Ağlı başında olan adam belə şey danışmaz. Deməli, o, regionda müharibə istəyir. Ona xeyir edir ki, Ermənistan və Azərbaycan sülh yolu ilə barışıq əldə etməsin, müharibə olsun. Insandı da, ağlı buracan çatır, ona nə deyəsən”.
Qeyd edək ki, Jirinovskinin bundan əvvəl səsləndirdiyi bu tip fikirlərinə də Azərbaycan sərt münasibət bildirməyib və bu RLDP sədrinin qeyri-ciddi adam olması ilə izah edilir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan rəsmiləri, o cümlədən hakimiyyətə yaxınlığı ilə seçilən mətbuat Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi fikir səsləndirən avropalı deputatlara, siyasilərə dərhal sərt cavab verir. YAP təmsilçiləri bir qayda olaraq bu tip fikir səsləndirənləri qeyri-ciddi adlandırsa da, onlara cavab verməyi özünə borc bilir. Bu halda Jirinovski niyə eyni cavab almasın? Hakimiyyət təmsilçilərinin qeyri-ciddi adlandırdığı Jirinovski müxalifət partiyasının rəhbəri olsa da, bir qayda olaraq Putinin mövqeyini dəstəkləyən şəxs kimi tanınır. Hətta bu günlərdə Putinin əleyhinə çıxış edən deputatın Dumadan uzaqlaşdırılması təşəbbüskarı da Jirinovski olub.
Maraqlıdır ki, rəsmi qurumlar Jirinovski kimi qeyri-ciddi adama reaksiya verməyi lazım bilmir, ancaq Azərbaycanda heç kimin ciddi fiqur kimi qəbul etmədiyi Hafiz Hacıyevin bir iddiası ilə cinayət işi qaldırmağı vacib sayır.
Fizzə