elcibey3

Elçibəylə bağlı uydurma iddiaya nöqtə qoyuldu (VİDEO)

elcibey3“Azadlıq”ın Türkiyə təmsilçisindən “zəhərlənmə şousunu” alt-üst edən araşdırma

Elçibəyin xəstəliyi və ölümü ilə bağlı gizlinləri üzə çıxaran sənədli film çəkilib

“Azərbaycan saatı” Əbülfəz Elçibəyin ölümü ilə bağlı məqsədli şəkildə gündəmə gətirilən iddialara son nöqtə qoydu. “Azadlıq” qəzetinin Türkiyə təmsilçisi Aydın Taş verilişə qonaq gələrək Elçibəyin xəstəliyini və ölüm səbəblərini sənədlər və faktlarla ortaya qoyan sənədli film hazırladıqlarını, bu filmin tezliklə geniş ictimaiyyətə də nümayiş etdiriləcəyini bildirdi.
Elçibəyin zəhərlənməsi ehtimalı…
A.Taş deyir ki, Elçibəyin ölümü ilə bağlı ortaya bəzi iddialar atılandan sonra Türkiyədə araşdırma aparmağa qərar verib: “Əvvəlcə Elçibəyə diaqnoz qoyan Ankara Xəstəxanasının həkimləri ilə, həmin dönəmdə səhiyyəyə rəhbərlik edən şəxslərlə görüşdük. Bütün bunlardan sonra ortaya nəticə çıxdı. Mən bu nəticəni başından bəri bilirdim. Sadəcə məlum iddialara son qoymaq üçün araşdırma aparıb sənədli bir film çəkməyə qərar verdik. Azərbaycanın və Türkiyənin o dönəmdə xüsusi əhəmiyyəti olan bəzi şəxsləri – həkimləri, siyasətçiləri, nazirləriylə görüşdük. Ortaya bir nəticə çıxdı. Bu nəticəyə görə Elçibəyin zəhərlənməsi ehtimalı yoxdur. Bunu əvvəlcədən bilirdik, sadəcə həm sənədlərlə, həm də şahidlərin dedikləri ilə isbat etmiş olduq. Elçibəyə Ankara Xəstəxanasında qoyulan ilk diaqnozun sənədini tapdım. Təxminən 40 günlük müalicədən sonra Elçibəy Ankaradan getdi. Sonra ikinci dəfə gətirildi. Məndə GATA-ya qədərki mərhələdə bütün xəstəxana sənədləri var. Bu sənədlərdə Elçibəyin nədən əziyyət çəkdiyi, onun verdiyi analizlər və qoyulan diaqnozlar var. Onun hansı üsullarla müalicə olunduğu, hansı dərmanları qəbul etdiyi və müalicə dövrünün tarixi – hər bir şey bu sənədlərdə yazılıb. Elçibəyi müalicə edən mütəxəssis həkimlərin qeydləri də var.

“Bütün həkimlərin ortaq fikri bu idi ki…”

A.Taş görüşdüyü bütün həkimlərə zəhərlənmə iddialarıyla bağlı suallar verib: “Dedilər ki, əgər elə bir şey olsaydı, bu, qan və digər analizlərdə ortaya çıxardı. Əlimdə olan sənədlərdə bütün analizlərin cavabları var. O vaxt Ankara xəstəxanasının baş həkimi olan Nüsrət Akyürəklə, Elçibəyə ilk diaqnozu qoyan həkimlə, həmçinin xəstəxananın bəzi həkimləri ilə görüşdüm. Bütün həkimlərin ortaq fikri bu idi ki, zəhərlənmə ola bilməzdi. Sənədli film üçün çəkdiyim süjetlərin bir qismini sizə də gətirdim. Onları yaymağım üçün hər hansı məhdudiyyət yoxdur. Mənim dediklərimi Elçibəyin həkiminin dilindən eşitmək daha inandırıcı olar”.
Daha sonra “Azərbaycan saatı”nda Ankara xəstəxanasının o zamankı baş həkimi Nüsrət Akyürəyin Elçibəyin xəstəliyi ilə bağlı fikirlərinin yer aldığı süjet nümayiş etdirilib. Həmin süjetdə N.Akyürək deyir ki, Elçibəy Ankaraya ilk gəlişi zamanı artıq prostat vəzinin xərçəngindən əziyyət çəkirdi. Ikinci dəfə gətiriləndə infeksiya bütün bədənə yayılmışdı: “Zəhərlənmə ilə bağlı ehtmalı ilk dəfə eşidirəm. Bədənində bütün orqanlarına təsir göstərən mikrob var idi. Bu da böyrək, ağciyər və qaraciyərinə keçərək onları yararsız hala gətirmişdi. Ortada prostat xərçəngi, xərçəngə bağlı olan mikrob və şəkər xəstəliyi var idi. Rəhmətliyin belə bir olayla gündəmə gəlməsinə üzülürəm. Onun çox önəmli bir şəxsiyyət olduğunu düşünürəm”.

Elçibəyin müalicəsini kim gecikdirmişdi?

Daha sonra A.Taş çıxışını davam etdirərək bildirib ki, Azərbaycanın keçmiş prezidenti ağır bir xəstəlik keçirsə də, hökumət onun səhhəti ilə bağlı tükünü belə tərpətməyib: “Xəstəliyin bu qədər inkişaf etməsinin səbəbi nə idi? Bu sualı verəndə bütün həkimlər eyni cavabı verirdilər – müalicə gecikib. Yaxşı, Elçibəyin müalicəsi niyə gecikib, niyə daha əvvəl müalicə edilmədi? Bu sual Azərbaycan hökumətinə ünvanlanmalıdır. Ilk vaxtlar sizin də yadınızda olar ki, rəhmətliyin ölkə xaricinə çıxmasına icazə verilmirdi. Bu səbəbdən də xaricə gedib müalicə oluna bilmirdi. Necə olur ki, bir dövlət öz keçmiş prezidentini müalicə edə bilmir? Bu gün Türkiyənin 7-ci prezidenti Kənan Evren çevrilişdə ittiham olunsa da, müalicəsi aparılır, dövlət onu yaşadır. Təbii ki, o cinayət törədib. Amma prezident kürsüsünə hörmət olaraq ona baxırıq. Amma Azərbaycan hökuməti Elçibəyin ölməsi üçün əməlli-başlı iş apardı. Mənim gördüyüm budur. Oradakı həkimlər bu diaqonozu qoya bilməzdilərmi? Azərbaycan dövləti Elçibəyə baxa bilməyəcək qədər kasıbdırmı? Vəziyyəti ikinci dəfə pisləşən vaxt Elçibəyə bu qədər laqeyd yanaşılmasına anlam verə bilmirəm”.

“Azərbaycanda ona çox pis baxmışdılar”

Daha sonra növbəti süjet yayımlandı və N.Akyürəkin Elçibəyin Ankaraya ikinci qayıdışı ilə bağlı fikiləri açıqlandı: “Elçibəy Türkiyə vətəndaşlarının ürəyində taxt qurmuş bir adam idi. Türk dünyasının önəmli şəxsiyyətlərindən biri müayinə ilə bağlı mənim xəstəxanama gəlmişdi. Gəldiyində  vəziyyəti çox yaxşı deyildi. Prostatdan iynə ilə analiz götürülməli idi. Aldığım məlumatlardan və Elçibəyin danışıdıqlarından belə başa düşdüm ki, Azərbaycanda ona çox pis baxmışdılar. Sanki keçmiş dövlət başçısı deyil, kənddə yaşayan və sağlıq sorunları olan imkansız bir insan olub. Bu durum məni çox üzmüşdü. Bizə xəbər gəldi ki, Elçibəy ağırlaşıb. Ağciyəri ağırlaşmışdı, çox halsız idi, qızdırması var idi, şəkəri qaydadan çıxmışdı, sistemli infeksiya işarələri var idi. Bundan sonra müalicə başladı. Sonrakı mərhələdə daha da ağırlaşmağa başladı. Bura gətrilməmişdən müalicə şərtləri çox pis idi. Məsələn, ayaqyolu kənarda imiş. Bizdə bu, kənd yerlərində olur”.

Heydər Əliyev nədən narahat idi?

A.Taş deyir ki, Azərbaycanda Elçibəyə Türkiyədə xüsusi münasibət göstərilməsindən də narahat olanlar var idi: “Bunun başında duranlardan biri də Heydər Əliyev idi. Hətta rəsmi qurumlara demişdi ki, nə iş görürsünüz, niyə Elçibəy bu qədər müddətdir Ankarada qalır. Xəstəliyi və müalicəsi ilə isə heç maraqlanmadılar. Azərbaycanda onu sevənlər Ankaraya onu ziyarətə gəlirdilər. Elçibəyə hər zaman inanılmaz bir sevgi var idi. Türkiyədəki sevənləri də onu tez-tez ziyarət edirdilər. Amma təəssüflər olsun ki, bir dəfə olsun, bir Azərbaycan rəsmisi onu ziyarət etməyə gəlmədi. Türkiyənin o vaxtkı səhiyyə naziri bir həkim-uroloqa Elçibəyin vəziyyətini nəql edəndən sonra həmin həkim təyyarə ilə Azərbaycana getmiş və Elçibəyin durumu ilə maraqlanmışdı. Qayıdandan sonra o, Elçibəyin necə pis şərtlərdə müalicə olunduğunu, ayaqyolunun bayırda olduğunu demişdi. Vəziyyəti ağırlaşana qədər ona diqqət göstərilməmişdi”.

Elçibəy ABŞ-da da müalicə olunub?

A.Taş daha sonra Elçibəyin Türkiyədən əlavə başqa bir ölkədə də müalicə olunmasından danışdı: “Elçibəy Türkiyədə iki də müalicə kursu aldı. Ancaq Türkiyəyə ilk gəlişi ilə ikinci gəlişi arasında ABŞ-da da müalicə olunmuşdu. Orada ona Türkiyədə qoyulmuş diaqnoz – prostat xərçəngi diaqnozu qoyuldu. Bu xəstəlik onun şəkərini də qıcıqlandırırdı. Orada çox az qaldı. Daha sonra Azərbaycana gəldi və ağırlaşdıqdan sonra Ankaraya döndü. Kaş ki Türkiyəyə gəlmədən müalicəsi başlasaydı. Çünki durumu çox ağır idi. Bir prezidentin səhhəti bu duruma düşməməli idi.
Ən pisi odur ki, Elçibəy rəhmətə gedən gün otağındakı əşyalarını zibil qutusuna ataraq otaqdan çıxarmağa, nəşini də tələm-tələsik Azərbaycana göndərməyə çalışıblar. Bunu, hazırda həbsdə olan bir türk generalı öyrənəndə çox əsəbiləşib. Çünki söhbət, Türk dünyasının liderindən gedirdi. Həmin general Azərbaycanın o vaxtkı səfiri ilə az qala əlbəyaxa olacaqmış. Türkiyənin yüksək rütbəli şəxslərinin araya girməsi ilə dava yatırılıb. Türkiyənin rəhmətlik Elçibəyə bir mərasim təşkil etməsindən niyə bu qədər narahat olublar? Biz onu tək Azərbaycanın yox, Türk dünyasının da lideri kimi görürük. Daha sonra əşyaları səliqəli şəkildə iki çemodana yerləşdirilib. Azərbaycan səfirinin maneələrinə baxmayaraq rəsmi bir mərasim də təşkil edilib”.

Sənədli film hansı gizlinləri açacaq?

Sonda Aydın Taş həmin sənədli filmdə Azərbaycan tamaşaçısının nələri görə biləcəyinə aydınlıq gətirdi: “Biz ortaya Elçibəyin müalicəsi ilə bağlı sənədlər qoyacağıq. Bundan sonra heç kim Elçibəyin adı üzərindən siyasət apara bilməyəcək. Filmdə eyni zamanda, Elçibəyin ABŞ-dakı müalicə dövrü də əks olunacaq. Bundan başqa, Heydər Əliyevin Elçibəyin Türkiyədəki müalicəsinə necə mane olmağa çalışdığına aydınlıq gətiriləcək. Bu müalicənin hansı dövlətlərin narahatlığına səbəb olduğunu da öyrənəcəyik. Elçibəyin üç arzusunun nə olduğu, bunlardan hansının gerçəkləşib, hansının gerçəkləşmədiyini də biləcəyik”.