“Birləşmə təklifindən sonra hər kəsin mahiyyəti göründü”

Qaya Əliyev: «Müavinliyimi birlik təklifimə görə danırlar»

«Başqa təşkilatdan cəbhəyə gəlmək qəbahət deyil, bazardan siyasətə gəlmək qəbahətdir»

Son vaxtlar KXCP daxilində mübarizə gedir. Söhbət, partiyanın sədr müavini Qaya Əliyevin AXCP ilə birləşmək təklifindən sonra yaranmış vəziyyətdən gedir.Bir sıra partiyalaşları Q.Əliyevin bu təklifini təqdir etsə də, onun ünvanına təzyiqlər də az olmadı. Bütün bunların fonunda istər partiyada, istərsə də mətbuatda Q.Əliyevin əleyhinə kampaniya başlayıb. Baş verənlərə Q.Əliyevin özü ilə aydınlıq gətirməyə çalışdıq:

– Partiyanın digər sədr müavini Xəzər Teyyublu sizin 7-8 ay əvvəl başqa partiyadan KXCP-yə gəlişinizi ciddi qəbahət kimi qabardır.
– Xəzər bəy mənim 7-8 ay əvvəl partiyaya gəldiyimi iddia edir, ancaq üzvlük vəsiqəmin verilmə tarixi 6 oktyabr 2011-ci ildir. Faktla danışsaq, deməli, ən azı, 1 il əvvəl partiyaya üzv olmuşam. Xəzər bəy polemikanı partiyaya sonradan gəlmək istiqamətinə yönəltməyə çalışırsa, onun nəzərinə çatdırım ki, Mirmahmud Mirəlioğlu da cəbhəyə VHP-dən gəlib.
Əgər Xəzər bəy siyasətə yeni gəlmiş və palitra ilə yeni tanış olan bir gəncin təşkilati mənsubiyyət axtarışında olmasına qəbahət kimi yanaşırsa, deməli, o, 40 yaşında siyasətdə olub təşkilati mənsubiyyət axtarışında olan, VHP-dən AXCP-yə, AXCP-dən KXCP-yə gələn Mirmahmud bəyə də şüuraltı daha qəbahətli yanaşır. Üstəlik, dahi öndərimiz Rəsulzadə də Müsavat partiyasına gəlməmişdən əvvəl Hümmət təşkilatında, ondan əvvəl isə “Müsəlman-gənclik” təşkilatında olub. Burda qəbahət nə var ki? Başqa təşkilatdan cəbhəyə gəlmək qəbahət deyil, bazardan siyasətə gəlmək qəbahətdir. Xəzər bəy kimi bir təşkilatda olub dəfələrlə mövqeyini dəyişməkdənsə, bir mövqedə olub təşkilatını dəyişmək yaxşıdır. Təşkilat formadır, şəxsi əqidə isə mahiyyət. Əsas da mahiyyətdir.
Ümumiyyətlə, Mirmahmud Fəttayevin Xəzər Teyyublu vasitəsilə mətbuat üzərindən mənimlə apardığı bu polemika Aydın Şükürovun onun barəsindəki ittihamlarının doğruluğunu təsdiq edir.

– Sual doğuran məqamlardan biri də partiyada tutduğunuz postla bağlıdır. Iddia olunur ki, siz bu ilin mayında müavinlikdən uzaqlaşdırılmısınız.
– O zaman nəyə görə Xəzər bəy 30 iyunda yazdığı SMS-lə məni 2 iyul saat 12-də keçirilən Idarə Heyətinin iclasında iştiraka dəvət edirdi? Indi Xəzər bəy deyir ki, “Idarə Heyətinin iclasına dəvət o demək deyil ki, bu adam mütləq həmin iclasa gəlməlidir, ola bilsin, partiyanın sədri xahiş edib, mən də onu qərargaha çağırmışam”. Məgər sədrin tapşırığı ilə qərargaha dəvət olunan şəxsə SMS yazılanda ona Idarə Heyətinin iclasının tarixi, saatı bildirilir? Digər tərəfdən, Xəzər bəy məni harasa dəvət edəndə birbaşa SMS-də göstərir ki, niyə və hara çağırılıram. Sübut kimi, digər SMS-ləri də göstərə bilərəm. Həm SMS, həm də KXCP-nin rəsmi saytının fotosu sübut edir ki, müavin olmuşam və birlik təklifinə görə müavinliyim danılıb.

“Bu adamlar özlərini təkzib edirlər”

– Bəs baş verənlərin Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyini irəli sürmək niyyətilə əlaqələndirilməsini necə qiymətləndirirsiniz?
– Mirmahmud bəyin göstərişilə Xəzər Teyyublunun təşkil etdiyi “zəhmətkeş məktubları” kampaniyası çərçivəsində bir açıqlamada deyilir ki, KXCP-yə gəlməmişdən əvvəl birlik təklifilə çıxış etmişəm. Indi isə Xəzər bəy deyir ki, məhz Mirmahmud bəyin prezidentliyə namizədliyini irəli sürməsindən sonra belə bir təkliflə çıxış etmişəm. Bu adamlar özləri özlərini təkzib edirlər. Partiyanı Rəsulzadə-Elçibəy platformasından çıxarıb hakimiyyətin satellitinə çevirməyə çalışanların bizə qarşı bu tipli ittihamları gülüncdür.

– Xəzər Teyyublu iddia edir ki, KXCP rəhbərliyinin cəbhələrin birləşməsinin əleyhinə olduğu təsəvvürü yaradılmağa cəhd göstərilir.
– Indi artıq valı dəyişib başqa mahnılar oxumağa başlayır ki, guya, sən demə, Mirmahmud bəy bu birlik təklifinin əleyhinə deyilmiş. Əgər bu, doğrudan da belə idisə, o zaman hörmətli Mirmahmud bəyin “Mərkəz” qəzetinin 5 sentyabr tarixli müsahibəsindəki “Qaya ya səhvini başa düşəcək, ya da haqqında bir tədbir görüləcək” ultimatumu nə deməkdir? Axı, mən o müsahibəyə qədər yalnız bu təklifi irəli sürmüşdüm və hələ heç nə danışmamışdım? Gözləmə mövqeyində dayanaraq reaksiyalara fikir verirdim. Nəyə görə bu təklifdən sonra sosial şəbəkələrdə Mirmahmud bəyin göstərişilə, saxta profillərlə əleyhimə kampaniya aparıldı? Niyə məhz bundan sonra müavinliyim danıldı? Niyə məhz bundan sonra partiyanın rəsmi elektron mətbu orqanından adım müavinlər sırasından çıxarıldı? Mənə elə gəlir ki, hər şey aydındır. Konfutsi deyirdi ki, qaranlığı lənətləməkdənsə, ayağa qalx, bir şam yandır. Biz də bu təklifi etməklə ayağa qalxıb bir şam yandırdıq və bu şamın işığında hər kəsin mahiyyəti göründü.

Xəyal