Cahillərə baş qoşacaq sayda ancaq cahil başı tapmaq olar dünyada. Hətta ən mədəni, ən gəlişmiş dövlətlərdə belə, çoxluq onların tərəfində. Bəşər oğlu indi harada yaşamasından asılı olmayaraq bir nütfədən yaranıb və harada doğulmasına, təhsil almasına, formalaşmasına baxmayaraq, bənzər durumlarda eyni təbiəti sərgiləyir; münbit şərait yaranan kimi isə, cahilliyini əməlli-başlı büruzə verir.
Etiraf eləmək nə qədər ağır olsa da, deyim ki, azadlıq özü də insanın pis tərəfinin üzə çıxması üçün bəzən həmin o münbit şərait rolunu oynayır. Belə demək təbiri-caizsə, köləlik azadlığın astar üzüdü. Azadlıq insan köləliyinin ayıbını örtür, kökünü kəsmir.
Deyirlər, qulun, kölənin əxlaqı olmaz. Bu deyimi elə başa düşmək gərək deyil ki, guya bütün qullar, kölələr pis, əxlaqsız adamlardı. Yox. Təbii ki, pis adamla, əxlaqsız adam da eyni şey demək deyil. Insan hətta yaxşı adam ola-ola da əxlaqsız ola bilər. Yəni şərtləri altında mövcud olduğu rejim onu əsarətə ala və əxlaqını naqisləşdirə bilər. Insan rüşvət almağa, korrupsiyaya bulaşmağa, yalanla nəfəs almağa zorlanar. Ancaq deyək ki, məsələn, korrupsiya, rüşvət yolu ilə qazandıqlarından əlsiz-ayaqsızlara əl tutar, ehtiyacı olanlara yardım edər. Hətta Azərbaycanın təpədən-dırnağa murdarlığa bulaşmış nazirləri, məmurları içərisində elələri var ki, adamlar onların haqqında faktlar əsasında yaxşı söz deməkdən çəkinmirlər. Halbuki bu yardımları onlar alçaq yollarla, həm də elə yardım etdikləri kimi adamların və dövlətin dərisini soyaraq qazanıblar və onların bir adı var: cahil və əxlaqsız. Buna şəraiti köləlik yaradır. Bəs azadlıqda?
Axı azadlığın hökmranlığında da insanın özünü ifadə eləməsi üçün açılan sonsuz imkanlar var və çox vaxt bu da təbiətimizdə olan yaramaz cəhətləri üzə çıxarır. Bir növ azadlıq dediyimiz müqəddəs nemət insanı özünün, öz içinin köləsinə çevirir. Insan gözəl keyfiyyətləri kimi öz nifrətini, iyrənc hisslərini də ifadə eləməkdə azad olur. Hətta əxlaqsız bir kölə kimi.
Dövlət deyilən təsisatın vacibliyi də bəlkə elə bu məqamda ən gərəkli nəsnəyə çevrilir. Qanunlar bizi azadlığın köləsi olmaqdan qurtarır. Bəzənsə qanunlar azadlığın qarşısında aciz-avara qalır və bundan da ən böyük zərər dövlətə dəyir.
Dünyanın bir neçə azad ölkəsində – Hollandiya, Danimarka, son çağlar isə Amerikada azadlıq dövlət üçün başağrısına çevrilir. Elə yəhudi əsilli Sem Besilin çəkdiyi “Müsəlmanların məsumluğu” (The Innocence of Muslims) filmi. Bu şəxs azadlığı öz nifrətinin köləsinə çevirib, özünün köləyə çevrilməsindən isə xəbəri belə yoxdu. Əlbəttə, azadlıq hər bir kəsi özünü hansısa dinin, deyək ki, daha çox yabançı dinin ehkamlarına tabe olmaq təhlükəsindən azad edir, ancaq ona cahillikdən qurtulmaqda yardımçı ola bilmir. Semin cahil olduğu aydındı, ama ölkəsində azadlıq olmayan hansısa bir müsəlman Semlə baş etməyin başqa yolunu bilmir və ona görə də öcünü terrorla alır. Liviyada Amerika konsulunu öldürmək elə Sem Besilin cahilliyinin astar üzüdü və onun islamla heç bir bağlılığı yoxdu, sadəcə, bu cahilliklərdən biri azadlıq, biri isə köləliyin terrorudu. Birində yaradan axan irindi, birində qan. Konsulunsa həmin filmə görə suçu yoxdur və onun ölümü zərrəcə ədalətli deyil. Liviyalıların terroruna sevinən cəmi müsəlmanların Besildən ciddi bir fərqi yoxdu, Besilin filminə para ayıran yəhudilərinsə həmin liviyalı terrorçulardan. Amerikaya qələbə çalmağınsa bircə yolu var, o da Amerika kimi azad olmaqdı.
Bizə qalanda isə, biz nə irinin, nə qanın tərəfindəyik. Nəsimi nə deyir:
“Surətin nəqşində hər kim görmədi nəqqaşini, Vahibi-surət onun gözsüz yaratmış başini…”

Bin Laden və Sem Besil
•
•