«Naxçıvan qruplaşması İlham Əliyevin üçüncü dəfə namizədliyinə təhlükəsizlik qarantiyası kimi baxır»
Fuad Qəhrəmanlı: «İqtidar Türkiyənin Suriya məsələsindəki mövqeyindən ehtiyatlanır»
Bugünkü müsahibimiz AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə də söhbətimizə 2013-cü il prezident seçkisi ərəfəsində müzakirə olunan əsas mövzulardan biri ilə başladıq. Söhbət I.Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməsindən gedir. Ictimai Palata son sessiyasında artıq birmənalı şəkildə I.Əliyevin namizədliyini 3-cü dəfə irəli sürməsinin yolverilməz olduğunu vurğulayıb. F.Qəhrəmanlı hesab edir ki, əgər I.Əliyev 3-cü dəfə namizədliyini irəli sürəcəksə, bu, Azərbaycanda avtoritar rejimin mövcud olduğunu bütün dünyaya nümayiş etdirəcək:
– Bu gün Ictimai Palata çalışır ki, ictimai rəydə Ilham Əliyevin üçüncü dəfə prezident seçkilərində iştirak etməməsi ilə bağlı müxalif düşərgədə konsensus əldə olunsun. Bu məsələ ilə bağlı həm Azərbaycan xalqına, həm də beynəlxalq aləmə vahid mövqe təqdim edilsin. Bu məsləyə münasibət lakmus kağızı kimi həm də kimin müxalif mövqedə nə dərəcədə səmimi olduğunu göstərəcək. Məncə, seçki öncəsi belə bir aydınlaşmanın olmasına ehtiyac var. Ilham Əliyevin üçncü dəfə namizədliyinə qarşı ölkənin vətəndaş cəmiyyətinin yekdil mövqeyindən sonra təbii ki, beynəlxalq aləm də bu məsləyə biganə qalmayacaq. Cəmiyyətin bu rəyinin nəzərə alınmaması isə seçkilərin legitimliyinin prosesin əvvəlindən pozulması demək olacaq ki, bu da gələcək seçki saxtakarlıqlarına daha kəskin etirazların yaranmasına təsir göstərəcək. Bu bir daha təsdiq edəcək ki, xalq demokratik qaydada hakimiyyəti dəyişmək hüququndan məhrum edilib. Ilham Əliyevin namizədliyini irəli sürəcəyini birmənalı bildirməməsi də hələ ki, onun da dünyanın və cəmiyyətimizn ilkin reakssiyalarının nə olacağını gözləməsi ilə bağlıdır. Bu reaksiyalar kəskin olarsa, yəqin ki, o, namizədliyini hakim alənin başqa bir üzvünün namizədliyi ilə əvəz edəcək.
Naxçıvan qruplaşmasının qarşısında üç seçim var
– Hakimiyyətdaxili qrupların bu məsələdə rolu nə dərəcədə əhəmiyyətlidir. Kimin namizəd olacağı daxildəki qüvvələr balansına təsir göstərəcək?
– Bu gün iqtidardaxili qruplar arasında münasibətlər elədir ki, onlar səlahiyyət və korrupsiya mənbələrinə nəzarəti ələ keçirmək uğrunda kəskin rəqabət aparırlar. Imkan düşəndə bir-birlərinə qarşı müxalifətə olduğu kimi bir-birlərinə də eyni qəddar davranışı göstərməyə hazırdırlar. Hakimiyyətin bir qrupun iradəsindən aslı vəziyyətə düşməməsi üçün onlardan hər hansı birinin sıradan çıxarılmasına hələ ki, yol verilmir. Ancaq iqtidarda Bakı-Şirvan qruplaşması açıq büruzə verməsə də Ilham Əliyevin üçüncü dəfə namizəd kimi seçkidə iştirak etməməsini istəyir, əvəzində isə hakim ailənin başqa bir üzvünün namizəd olmasını istəyirlər. Bu plan baş tutarsa, onlar seçkidən sonra hakimiyyət daxilindəki Naxçıvan Ermənistan qruplaşmasının aparıcı fiqurlarını sıradan çıxararaq nəzarəti birmənalı şəkildə ələ alacaqlarına ümid edirlər. Hətta əslən Naxçıvandan olan bəzi fiqurlar indidən Bakı Şirvan qruplaşmasına cəlb olunurlar ki, bu prosesi ermənistanlılardan sonra, naxçıvanlılara qarşı kampaniya kimi təqdim etmək mümkün olmasın. Naxçıvan qruplaşması isə Ilham Əliyevin üçncü dəfə namizədliyinə özlərinin təhlükəsizlik qarantiyası kimi baxırlar. Yox əgər yuxarıda deyilən səbəblərdən İlham Əliyev seçkidə iştirak etməzsə, o zaman bu qruplaşma ya onu gözləyən təhlükə ilə barışmalı, ya içindəki oliqarxlardan kiminsə namizədliyini müdafiə edib, bunu Putin-Medvedev tandeminə bənzər variant
kimi qəbul edilməsi üçün təzyiq etməlidir. Ya da ki, siyasi müxalifətlə müəyyən anlaşmalara gedərək dəyişikliklər prosesində rol almalıdır. Ancaq görünən odur ki, Naxçıvan qruplaşması daha çox gözləmə taktikasına üstünlük verərək Ilham Əliyevin namizəd olacağına ümidini bağlayıb.
İlham Əliyev özünə güvənmir
– Seçki yaxınlaşdıqca hakimiyyətin seçkidə Rusiyadakı Putin variantından da istifadə edə biləcəyi gündəmə gətirilir. Amma Rusiyadan fərqli olaraq müvvəqəti prezident yerinə kənar şəxs yox, məsələn, Ramiz Mehdiyevin və ya Kəmaləddin Heydərovun deyil, hakim ailənin üzvlərinin adları hallanır. Bu iqtidarda prezident olacaq biri yoxdurmu?
– Bilirsinizmi, Putin avtoritar lider kimi güclü fiqurdur və baş nazir kimi də hakimiyyət iyerarxiyasını nəzarətdə saxlaya bildi. Ancaq Ilham Əliyev prezident postundan əl çəkərsə, prosesləri nəzarət altında saxlaya biləcəyinə, revanş imkanı qazana biləcəyinə inanmır. Bu həm də onu göstərir ki, daxildə elə bir etimadsızlıq mühiti var ki, belə məsələlərdə kimsəyə etibar edilmir. Burada həm də Paşayevlərin iddialarının da həlledici təsiri var.
– 2013-cü il seçkiləri öncəsi hakimiyyət qeyd etdiyiniz kimi regional dayaqlarından da məhrum olub. Ölkədə insan haqlarının, mülkiyyət hüquqlarının, siyasi azadlıqların ciddi şəkildə məhdudlaşdırıldığı göz önündədir. Cəmiyyətdə də hakimiyyətdən narazılıq pik həddədir. Bütün bunların fonunda 2013-cü il seçkiləri hakimiyyətə nə vəd edir?
– 2013-cü il seçkiləri əvvəlki seçkilərdən daha gərgin keçəcək. Çünki bir tərəfdən aparıcı müxalifət qüvvələri seçkidə vahid namizədlə iştirak etməkdə qəraralıdırlar, digər tərəfdən isə Şərqdə baş verən proseslər kütləvi mübarizə yolu ilə ən qəddar diktatorları dəyişməyin mükünlüyünə inam yaradıb. Eyni zamanda beynəlxalq birlik demokratik mübarizələrə daha fəal dəstək verməyə başlayıb. Bu baxımdan hazırlıqlar ona yönəlməlidir ki, seçkidə təkcə səs almağa yox, həm də alınmış səsləri qorumaq üçün xalqı meydanlara çıxarmaq mümkün olsun. Biz maksimum vəzifə olaraq seçkidə hakimiyyət dəyişikliyini, minimum vəzifə kimi isə saxta seçki nəticələrinə qarşı iqtidar-müxalifət qarşıdurmasını iqtidar-cəmiyyət qarşıdurması müstəvisinə keçirərək, seçki nəticələrinin beynəlxalq səviyyədə tanınmamasına nail olmağı nəzərdə tuturuq. Seçki saxtalaşdırılsa belə, iqtidardakılar görməlidirlər ki, avtoritar rejimi saxlamaq cəhdləri siyasi böhranla nəticələnəcək. Qısası, seçki günü hakimiyyət dəyişikliyi olmasa belə, həmin ərəfədə yaranmış situasiya, vaxtilə Ukrayna və Gürcüstanda olduğu kimi qısa müddətdə dəyişikliklərin əsasını qoymuş olsun.
Qan tökmək xilas yolu deyil
– Bir müddət sonra Suriyada Əsədin devrilməsi ilə demokratikləşmənin yeni mərhələyə qədəm qoyması gözlənilir. Bütün bunların fonunda I.Əliyev yenidən 3-cü dəfə namizədliyini verməkdə israr edə bilərmi? Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan prezident seçkisi ərəfəsində yenidən dünyanın gündəminə gələcək?
– Məsələ burasındaır ki, Azərbaycan hakimiyyəti Suriyadan sonra proseslərin Irana yaxınlaşacağını gözlədiyi üçün indidən xarici siyasətdə müəyyən hazırlıqlar görməyə çalışır. Əslində Iranla münasibətlərin pisləşməsinin pərdəarxası səbəbləri Azərbaycanın Iranla bağlı Qərbin tələblərinə həvəslə razı olmasındadır. Bu yol ilə iqtidar regionda gözlənilən geostrateji prosesdə təhlükəsizlik faktorunu qabartamağa, təhlükəsizlik məsələlərində öz əhəmiyyətini artırmağa çalışır ki, demokratiya tələblərini arxa palana keçirə bilsin. Bu fonda Ilham Əliyev Qərbin təhlükəsizlik maraqlarına cavab verdiyini nümayiş etdirmək üçün Rusiya və Iranala münasibətlərdə çox riskli davranır. Bu riskin cəmiyyətdə destablizasiya imkanları da ayrıca bir mövzudur. Ancaq müəyyən ləngimələr olsa da, Suriyadan sonra Iran ətrafında halqanın daralması regionumuza beynəlxalq diqqəti artıracaq və bu da demokratiya ilə bağlı tələbləri gücləndirəcək. Çünki Iran məsləsi təkcə təhlükəsizlik məsələsi deyil, həm də demokratiya problemidir.
– Bir qayda olaraq dünyada demokratikləşmə uğrunda mübarizə canlananda bu, Azərbaycana da təsir edir. Son günlərini yaşayan Suriya rejiminin devrilməsi Azərbaycandakı prosesləri aktivləşdirə bilərmi?
– Bu daha çox psixoloji təsir olacaq. Bir tərəfdən cəmiyyət növbəti dəfə görəcək ki, ən qəddar diktatoru da xalqın gücü ilə devirmək mümkün olur, digər tərəfədən isə iqtidardakılar da görəcəklər ki, hətta xalqa qarşı mübarizədə nəinki polis dəyənəyi, hətta tank, təyyarə belə işə yaramır. Qan tökmək xilas yolu deyil.
Türkiyə Əliyev rejiminə dəstək olmayacaq
– Son zamanlar Ilham Əliyevin Türkiyə ilə mülayim davranmağa çalışdığı sezilir. Ekspertlər hesab edir ki, bu, Ilham Əliyevin 2013-cü il seçkiləri ərəfəsində Qərbdən ciddi təpki gözlədiyinə görə Türkiyənin beynəlxalq əlaqələrindən yararlanmağa çalışmasına hesablanıb…
– Aydındır ki, Türkiyənin Liviya və Suriya məsləsində tutduğu qətiyyətli mövqe bizim iqtidarda da narahatlıq doğurub və bu səbəbdən də Türkiyə ilə münasibətlərdə daha ehtiyatlı davaranmağa çalışıldığı görülməkdədir. Bu baxımdan da Azərbaycanın “Trans-Anadolu” qaz kəmərinə razılıq verməsi təsadüfü deyil. Türkiyə və Qərbə edilmiş ən ciddi jestlərdən biridir. Ancaq məsələ burasındadır ki, Azərbaycan müxalifəti Türkiyə ilə daha sıx inteqrasiyanın tərfdarı olduğu üçün müxalifətin hakimiyyətə gəlməsi indiki iqtidarın qalmasından daha çox Türkiyənin maraqalarına cavab verir. Ona görə də Türkiyənin indiki iqtidarın qalmasından ötrü lobbiçilik etməyə xüsusi maraq göstərəcəyini gözləmirəm. Son zamanlar atılmış bəzi addımlarla yanaşı, bu günə qədər Azərbaycanın PKK məsələsində gözlənilən addımları atamaması, viza məsələsinin həll edilməməsi və s. problemlər Türkiyə tərəfində narazılıq yaradır. Ona görə də istər Türkiyə, istərsə də Qərb olsun seçki ərəfəsində Azərbaycan xalqının mübarizə əhval-ruhiyyəsinə baxıb mövqe müəyyənləşdirəcəklər. Proseslərin həlledici faktoru xalqdır, o, dəyişiklik uğrunda mübarizəyə qoşulacaqsa, o zaman Türkiyə də mövqeyini Qərblə uzlaşdıraraq demokratik mübarizəyə dəstək verəcək.
– Bəzi mülahizələrə görə, Azərbaycan və Ermənistan seçki ərəfəsində olduğuna görə Rusiya Qərbi reginonda demokratiya yaymağa imkan verməmək üçün qısamüddətli hərbi əməliyyatlara başlaya bilər?
– Indiki halda regionda yenidən hərbi əməliyyatların başlanması ehtimalı zəifdir. Rusiya anlayır ki, hərbi əməliyyatların başlanması Qərbin münaqişəni əsas götürərək regiona daha fəal müdaxiləsi və hərbi yerləşməsi üçün əsas yarada bilər. Qərb isə hərbi əməliyyatların başlanmasına enerji və siyasi maraqları üçün təhlükə sayır. Belə bir münaqişə Rusiya ilə Qərb arasında regiondakı münasibətləri kəskinləşdirə bilər. Ona görə də nə Rusiya, nə də Qərb hərbi əməliyyatların olmasını istəmir. Bu isə o deməkdir ki, qlobal güclərdən hər hansı birinin razılığı olmadan nə Azərbaycan, nə də Ermənistan hərbi əməliyyatlara başlamaq iqtidarındadır.
Xəyal