160 dustaq 80 nəfərlik barakda

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Bu arada onsuz da ingilis dilini buraxmışdım. Ramazan ayı girmişdi və özümü tamam-kamal ibadətə həsr etmək qərarına gəldim. Bütün gün ərzində Quranı əzbərləməklə məşğul olurdum. Buna, hətta Ramazan ayından bir ay əvvəl başlamışdım. Ingilis dili ilə, deyəsən bir ilə yaxın məşğul oldum və sonra davam etdirmək qərarıyla fasilə verdim. Bütün məktəblərdə birnəfəsə tədris 9 ay olur, amma mən bir-iki ay da əlavə elədim. Doğrudur, imtahan baş tutmadı, müəllimim dəli oldu, amma neyləyə bilərdim, müəllim seçmək imkanım yox idi. Bu xarabada, hətta Dehlini öz kəndinin yox, ingilis dilinin paytaxtı sayan hindistanlı da duruş gətirmədi, bir aydan sonra yenidən açılmış hansısa cinayət işinə görə onu götürüb təkrar istintaqa apardılar…
Quranı əzbərləməkdə uğurlarım olurdu. Ilk dəfə “ər-Rəhman” surəsini əzbərləməyə başladım. 1993-cü ilin payızında Zərdabdan Bakıya qayıdanda Ağsu yaxınlığında avtomobil qəzasında həlak olan can dostum, Azərbaycanın tələbə hərəkatının açar isimlərindən olan mərhum Əlisəfa Qədirov bu surəni çox xoşlayırdı. Hətta onun təziyə mərasimində də gənc molla, “Mərhumun qəlbini oxşayan bu surəni onun ruhuna bağışlayıram” – deyə “ər-Rəhman” oxumuşdu. Bundan sonra həcmcə kiçik olan bir-iki surəni əzbərlədim və “Yasin”ə keçdim. Etiraf edirəm ki, bu surəni əzbərləməkdə xeyli çətinlik çəkdim. “Yasin”dən sonra hesabladım ki, “Hafiz” (Quranı əzbər bilənlərə verilən ad) olmaq üçün mənə 5 ilə qədər vaxt lazımdır. Tamamilə axmaq mülahizələrlə Azərbaycana gəlib çıxan və burada da sərhəd pozuculuğuna görə 2 il həbs alaraq özünün daha 3 həmyerlisi ilə birlikdə “balanda” qaşıqlamaqla gün keçirən əfqan Heydər Zərifi (hərdən onu cırnadırdım ki, Azərbaycanın dövlət başçısının ata-anasının adını üstünə taxıb burda həbsdə yatmaqdansa, get ad-soyadını dəyiş, insan kimi başqa bir ölkədə yaşa) mənə deyirdi ki, onun Amerikada həbsxanada olan əmisi Quranı 4 il 4 aya əzbərləyib, hafiz olub. Müddət məntiqli idi. Üstəlik, nəzərə alsaq ki, Heydərin əmisi həbsxanaya düşməmişdən əvvəl də Quran oxuyurmuş, “Taliban” müsəlləhlərindən imiş, o zaman bu dörd il dörd ay da onun üçün hələ çox uzundur. Mənimsə buraya gələnə qədər Quranla tanışlığım yalnız namazın mətni qədər məhdud idi.
Amma Ramazandan az sonra bu dərsə də fasilə verməli oldum. Baraklara taxta döşəmə vurmağa başladılar. Əlbəttə, bunu yayda da etmək olardı ki, baraklara taxta döşənəndə dustaqlar həyətdə yata bilsinlər. Amma AQO qrupu bizim həbsxanaya yayda gəlməmişdi və dustaqların məişət səviyyəsi ilə bağlı soruşanda da mən onları yayda baraka dəvət etməmişdim. Avropanın 7-8 dövlətinin səfir statuslu, iri ranqlı nümayəndəsi bir qrup olaraq özünü bizim baraka soxanda gözləri kəlləsinə çıxmışdı və daha sonralar təkrar oluna biləcək bu qorxunc heyrətin dozasını aşağı salmaq üçün “UITI”-dən qərar vermişdilər ki, bu xarabaya qışda taxta döşəmə vurulsun, yayda isə tavan. Buradan o nəticə çıxırmı ki, bu zamana qədər bizim yaraşıqlı həbsxanamızın tavanı və döşəməsi yox idi? Yox. Bina varsa, onun döşəməsi və tavanı və ya bunları əvəz edən nəsə olmalıdır. Yoxsa, buna “bina”, “qapalı yaşayış sahəsi”, hətta “barak” demək olmaz, axı!
Bizim tavan və döşəmə betondan idi.
Baraklar taxtalananda bizim hamımızı bir baraka yığdılar. 160 nəfər cinayətkarın hamısı 80 nəfərlik yerə yığışdı və təbii ki, burada faydalı heç nəylə məşğul olmaq mümkün deyildi. Ona görə də “zon”da keçirdiyim bu müddət bütün parametrlərinə görə 160 cinayətkarın həyat göstəricilərinin eyni idi. Bu kütləvi həyatı bir qədər səmərəli etmək üçün nəsə fikirləşmək lazım idi və buna görə də baraklar taxtalanmağa başlanan kimi nərd yarışı təşkil etmək barədə düşündüm. Dustaqların həyatında hansısa təşkilatçılıq etmək üçün hökmən Idarəyə məlumat verməlisən. Ictimai təşəbbüslər Azərbaycanda bütün səviyyələrdə qanunsuz, burada isə tam qanuni olaraq təqib edilir. Yəni qanun qəbul edilib ki, həbsxanada özfəaliyyətə yol verilmir, bütün təşəbbüslər müdiriyyətin icazəsi ilə olmalıdır. Burada “Hacıbala Abutalıbov” tapıb onu Konstitusiyanı pozmaqda ittiham edə bilməzsən. Amma mən “Hacıbala Abutalıbov”un böyründən keçməyin yolunu tapmalı idim. Nərd yarışı təşkil etdim, agentura bu barədə Idarəyə məlumat verəndə isə sadə bir izahat verdim: “Orada adamlar üst-üstə qalanıb. Əgər heç bir məşğuliyyət olmasa, hər gün kütləvi davalar törənəcək. Ola bilər, bu, Idarədə xüsusi narahatlıq doğurmasın, amma açığı, qulağımın dibindən uça biləcək küt alətlərin neçəsinin mənin başımı və ya müxtəlif bədən nahiyələrimi zədələyəcəyini hesablaya bilmirəm. Indi orada tam sağlam rəqabət gedir, adamlar idman anlayışı ilə yarışa qoşulublar və onlara imkan vermək lazımdır ki, bu qalmaqalsız adrenalini yaşasınlar”.
Izahatım yetərli oldu və kimsə bu yarışın əleyhinə çıxmadı. Deyəsən, haradasa qeyd eləmişdim ki, 70-80, bəzən hətta 100-də artıq adamın qatıldığı bu yarışlarda birinci mərhələni heç zaman aşa bilmədim, bütün hallarda hansısa mərdiməzar məni udub qırağa tullayırdı. Orada elə möhtəşəm nərd oynayan yox idi, sadəcə, məndə belə alınırdı. Yəqin, bu yarışlarda iştirak edən hər kəs boynuna alar ki, bir aydan artıq davamlı olaraq təşkil edilən bu yarışlarda heç kimin zərrə qədər narazılığı olmadı, korpusda da insanların ən mehriban günləri kimi qeydə alındı. Amma görünür, bu mehriban günlər daş döşəməyə qeyd edilibmiş və taxta döşəmənin altında qalıbmış. Yoxsa, mən oradan çıxan kimi Rövşən Afərin 3000 dollarını mənimsəyib böyük bir müharibə yaratmaz, Emin yenidən “bespredel” cəhdinə görə korpusdan qovulmaz, nə bilim, min dənə başqa hoqqalar çıxmazdı…

ardı var