Filmin 4 mühüm siması haqda məlumatlar yayıldı; sifarişçi ortaya çıxdı
Məhəmməd peyğəmbərin təhqir olunduğu “Islamın məsumiyyəti” adlı filmə etirazlar davam edir. ABŞ-ın hədəf alındığı etiraz aksiyaları islam ölkələrindən Avropa və Avstraliyaya da sırçayıb. Ingiltərənin paytaxtı Londonda filmə etirazlarını bildirən bir qrup müsəlman ABŞ və Israil bayraqlarını yandırıblar. ABŞ səfirliyi qarşısında aksiya keçirən nümayişçilər Obama administrasiyasına və müsəlmanları təhqir edən filmə qarşı şüarlar səsləndiriblər.
Anjek Çodari adlı etirazçı deyib ki, yayımlanan film tətbiq olunan siyasətin görünən hissəsidir. Ancaq müsəlmanlar getdikcə daha müasir və savadlı olmağa başladıqları üçün belə təhqirlərə qarşı durmaq gücündədirlər: “Dünyanın harasında olsaq ABŞ və onun müttəfiqləri qarşısında öz qürurumuzu müdafiə edəcəyik”.
Etirazlar coğrafiyası genişlənir
Avstraliyanın ən böyük şəhəri Sidneydəki ABŞ-ın baş konsuluğuna müsəlmanların hücumu olub. Yayılan məlumatlara görə, polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Məhəmməd peyğəmbərin təhqir edildiyi “Islamın məsumiyyəti” adlı filmə etiraz edən Sidney sakinlərinin sayı minədək olub.
Əksəriyyətinin kişilər təşkil etdiyi aksiya iştirakçılarının əllərində “Bizim ölülərimiz cənnətdə, sizinkilər isə cəhənnəmdədir”, “Peyğəmbəri təhqir edən şəxsi cəzalandırın” kimi yazılar əks olunmuş plakatlar tutublar. Onlarla etirazçı konsulluğun binasına daxil olmağa çalışsa da polislər onların qarşısı ala bilib. Polislər arasında xəsarət alanların olduğu bildirilir. Bundan sonra aksiya iştirakçıları “Hayd-park”a toplaşaraq ABŞ əleyhinə şüarlar səsləndiriblər.
Türkiyənin paytaxtı Ankarada da ABŞ səfirliyinin önündə etiraz aksiyası keçirilib. Səadət Partiyası fəallarının təşkil etdiyi aksiya dinc xaraketerli olub. Aksiyaya qatılanlar ABŞ və Israil əleyhinə şüarlar səsləndirərək peyğəmbərin təhqir olunduğu filmə etirazlarını bildiriblər. Qalmaqallı filmə etirazlar Istanbul və Hatay şəhərlərində də keçirilib.
Qalmaqallı filmin sifarişçisi polisə aparıldı
Dünyanı ayağa qaldıran “Islamın məsumiyyəti” filminin sifarişçisi Nakoula Basseley Nakoula polis tərəfindən evindən götürülərək federal qurumlara təhvil verilib. Ilk dəfə göstərilən Nakoulanın sifəti ictimaiyyətdən gizlədilib. Polis keçmişdə fırıldaqçılıq ittihamıyla həbs olunan 55 yaşlı Nakoulanın şərti azadlıq şərtlərinin pozub-pozmadığını yoxlayacaq.
Polis rəsmisi Stiv Utimor Kaliforniya ştatının Kerritos şəhərindəki evindən götürüldüyünü, ancaq rejissorun həbs edilmədiyini bildirib. O, Nakouladan sadəcə ifadə alınacağını söyləyib. Əlavə edək ki, qalmaqallı filmin rejissoru 2010-cu ildə saxta sənədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərin bank hesablarından pul çəkmək və fırıldaqçılığa görə 21 ay şərti azadlıqdan məhrum edilib.
ABŞ konsulluğuna hücumla bağlı ilginc açıqlama
Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna hücum və səfir Kristofer Stevensin öldürülməsiylə bağlı ilk rəsmi açıqlama yayılıb. Liviya parlamentinin sədri Məhəmməd Yusif əl Məqarif konsulluğa təşkil edilən hücumun planlı olduğunu və dəqiqliklə reallaşdırıldığını bildirib. Parlament sədri “AFP” agentliyinə açıqlama verən Məqarif başqa ölkələrdə yaşananları şərh etmək istəmədiyini deyərək Liviyada baş verənlərin xüsusi incəliklə icra edilmiş əməliyyat olduğunu söyləyib.
Islam dünyasında hiddətə səbəb olan filmin sifarişçisi ABŞ-da yaşayan Nakoula Basseley Nakoula peşman olmadığını və filmin tam versiyasının yaxın zamanlarda yayımlayacağını açıqlayıb. ABŞ-da ərəbcə yayımlanan “Radio Sawa”ya açıqlama verən sifarişçi bunları deyib: “Amerika vətəndaşlarına qarşı şiddətin yönəldilməsində özümü günahkar bilirəm. Amerikanın bu məsələylə bağlı əlaqəsi yoxdur. Səfirin öldürülməsinə üzülsəm də, filmin çəkilişinə görə peşiman deyiləm. Filmin ilk 14 dəqiqəsini internetə sızdıran mən idim. Indi hamısını yaymağı düşünürəm”.
Qəzəb doğuran filmi dəstəkləyən 4 mühüm şəxs…
Məhəmməd peyğəmbərin təhqir olunduğu filmin arxasında 4 nəfərin adı daha çox hallanır. Filmin sifarişçisinin şərti adı “Sam Bacile”, gerçək adı isə Nakoula Basseley Nakoula olduğu təsdiqlənib. Sifarişçi filmə çəkilən aktoryarlara “Çöl Savaşçıları” adlı kinoya çəkildiklərini deyib. Internetdə yayımladığı anonsda adını “Sam Bacile” kimi təqdim edib. “Wall Street Journal” qəzetinin yazdığına görə, 52 yaşlı Israil-ABŞ ikili vətəndaşlığı daşıyır. Ancaq filmin prodüsseri Stiv Kleyn rejissorun kipti xristian olduğunu bildirirdi.
“Islamın məsumiyyəti” filminin ərsəyə gəlməsində əmək sərf edənlərdən biri də Stiv Kleyndir. Filmin prodüsseri kimi təqdim olunan Kleyn “Cəsur Xristianlar Birliyi”, “Milli Amerikan Kipti Məclisi” kimi radikal sağçı və islamafobik bəzi hərakatlararın üzvüdür. Kaliforniya ştatındakı Kaue şəhərinin evanqelist kilsəsiylə yaxın əlaqələrə sahibdir. Məlum filmin istehsalıyla bağlı açıqlamasında “Bu işə sonunda nə olacağını bilərək girdik” deyib.
Quranı yandıran amerikalı rahib filmi dəstəkləyənlər arasında
Qəzəb doğuran filmin yaradıcılarından biri də 2010-cu ildə “Quran yandırma ayini keçirəcəm” deyərək ortalığı qarşıdıran amerikalı rahib Terri Consdur. Rahib “Islamın məsumiyyəti” filminə dəstək verdiyini və filmin rekalmını da etdiyini açıq etiraf edib. ABŞ ordusunun baş qərargah rəisi Consa çağırış edərək filmə dəstək verməməsini istəyib. Rahib isə bu istəyi rədd edib.
Təxribatçı filmin yayılmasında adı hallananlardan biri də Milli Amerikan Kipti Məclisinin misirli rəhbəri Moris Sadekdir. Filmin qalmaqal yaradan anonsunu ərəb dilinə tərcümə edən də məhz Sadek olduğu müəyyənləşib. O, filmin “YouTube” saytına yerləşdirilmiş bölümünün linkini “Twitter” hesabında reklam edib. Moris Sadek ABŞ-ın Kaliforniya ştatında yaşayır və özünü hüquq müdafiəçisi kimi təqdim edir. Yayılan xəbərlərə görə, Məhəmməd peyğəmbərin təhqir olunduğu film ilk dəfə Kaliforniyadakı bir kinoteatrda nümayiş olunsa da bir o qədər diqqət çəkməyib. Ancaq rahib Terri Cons, prodüser Stive Kleyn və Moris Sadekin də işə qarışması Islam dünyasını ayağa qaldırıb.
Elxan