Sentyabrın 17-də müsavatçı fəalın şikayətinə baxılacaq
Müsavat Partiyasının üzvü Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsindən verilmiş şikayətə sentyabrın 17-də saat 11-də baxılacaq. Vəkil Nemət Kərimli bildirib ki, şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Rasim Isgəndərovun sədrliyi ilə baxılacaq.
Daha iki vəkil – Iradə Cavadova və Akif Əlizadə Müsavat fəalı Nigar Yaqublunun müdafiəsinə qoşulub. Artıq vəkillərlə rəsmi müqavilə imzalanıb. Beləliklə, Nigar Yaqublunun hüquqlarını müdafiə edən vəkillərin sayı altıya çatıb. Digər vəkillər Osman Kazımov, Nemət Kərimli, Aslan Ismayılov, Adil Ismayılovdur.
Vətəndaş cəmiyyəti təşkilatları dünən RATI-nin ofisində N.Yaqublunun həbsi ilə bağlı toplantı keçiriblər. Tədbirdə N.Yaqublunun atası – Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Divan üzvü Qubad Ibadoğlu, AXCP-dən sədr müavinləri Nurəddin Məmmədli, Gözəl Bayramlı, Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, partiya üzvləri Təzəxan Mirələmli, Ilqar Hüseynli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Iradə Cavadova, vəkillər Aslan Ismayılov, Adil Ismayılov və ictimai fəallar iştirak ediblər.
“Nigar istintaqdan yayınmayıb”
T.Yaqublu çıxışında bildirib ki, N.Yaqublunun istintaqdan yayınması haqda xəbərlər yanlışdır: “Nigar heç bir istintaq hərəkətindən yayınmayıb. Ilk gündən bütün çağırışlara gedib. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi düzgün deyil”.
N.Yaqublu barəsində seçilmiş həbs qərarını pisləyən hüquq müdafiəçiləri bildiriblər ki, bu hadisə Azərbaycan mentalitetinə, dəyərlərinə uyğun deyil, gənc bir xanımın həbsdə saxlanması son dərəcə pis haldır.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı Nigar Yaqublunun müdafiəsinə qatılanları təmkinli olmağa səsləyib: “Həbsdə olan gənc bir xanımdır. Bu səbəbdən Nigarın müdafiəsinə qatılan hər kəs hərəkətində, açıqlamalarında diqqətli olmalıdır. Ən kiçik səhv belə Nigar xanımın əleyhinə istifadə oluna bilər”.
AXCP hər cür dəstəyə hazırdır
AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib ki, təmsil etdiyi partiya Nigar Yaqublunun müdafiəsi üçün mümkün olan hər şeyi etməyə hazırdır.
Toplantıda N.Yaqublunun azadlığa buraxılması üçün prezident Ilham Əliyevə, baş prokuror Zakir Qaralova və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmək qərara alınıb.
Müraciətdə N.Yaqublunun həbsindən narahatlıq ifadə olunur: “Məhkəmə həbs-qətimkan tədbirini seçməklə gələcəkdə Nigar Yaqublu barəsində azadlıqdan məhrumetmə cəzasının tətbiq olunacağı təhlükəsinin yüksək olduğunu nümayiş etdirib. Bir müddətdir ki, milli məhkəmələrdə həbs-qətimkan tədbirinin tətbiqinin məhdudlaşdırılması ilə bağlı kampaniya aparılır. Bu məsələ Ali Məhkəmənin Plenumunda xüsusi müzakirə olunub və yerli məhkəmələrə həbslə bağlı olmayan qətimkan tədbirlərinin seçilməsinə üstünlik verilməsi tövsiyə olunub. Hazırda az ağır və ağır cinayətlərin törədilməsində təqsirləndirilən şəxslər barəsində daha çox həbslə bağlı olmayan qətimkan tədbirləri seçilir. Xüsusilə Nigar Yaqublu kimi gənc, ali təhsilli və hər hansı kriminal keçmişi olmayan, ictimai fəaliyyəti ilə fərqlənən xanımlarla bağlı belə qərarların qəbuluna rast gəlinmir. Abşeron Rayon Məhkəməsinin qərarından görünür ki, Nigar Yaqublunun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə zərurətin olub-olmaması faktiki olaraq araşdırılmayıb, həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkünlüyü əsaslandırılmayıb, prokurorun təqdimatında göstərilən halları təkrarlamaqla kifayətlənilib və nəticədə keçirilən məhkəmə prosesi formal xarakter daşıyıb.
Bütün bunları nəzərə alaraq Sizdən Azərbaycanın müvafiq qanunvericiliyindən, ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən çıxış edərək həbs-qətimkan tədbrinin dəyişdirilməsi və istintaqın bundan sonra Nigar Yabuqblunun azadlıqda olması şəraitində davam etdirilməsinə nail olmaq məqsədilə zəruri hüquqi addımların atılması üçün əlaqədar orqanlara göstəriş verməyinizi xahiş edirik”.
Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mehman Əliyev, Qubad Ibadoğlu, Azər Mehtiyev, Iradə Cavadova, Ilqar Hüseynli, Tofiq Turkel, Oqtay Gülalıyev, Aytəkin Imranova, Leyla Əliyeva, Zohrab Ismayılov, Mirvari Qəhrəmanlı, Sahib Məmmədov, Sabit Bağırov, Ilqar Ibrahimoğlu və başqaları imzalayıb.
Rəbiyyət Aslanova güzəştin əleyhinədir
“Heç kim istəməzdi ölümlə nəticələnən belə bir hadisə baş versin. Bu, həmin gənc qızın taleyində də uğursuz bir məqamdır”. Bunu, Nigar Yaqublunun həbsinə münasibət bildirən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. R.Aslanova bildirib ki, məsələnin siyasiləşdirilməsinin əleyhinədir: “Mətbuat yazır ki, Nigar Yaqublu Müsavat funksionerlərindən birinin qızıdır və ona hansısa güzəştlər olmalıdır. Heç bir güzəşt olmamalıdır. Imkan vermək lazımdır ki, müvafiq orqanlar məsələni araşdırsınlar. Əgər Nigar Yaqublunun günahı varsa, cəzasını alacaq. Günahı yoxdursa, ona hər hansı cəza verilməyəcək. Nəyə görə o qızın ətrafında belə bir ajiotaj yaradılıb”.
N.Yaqublu haqda seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi təkliflərinə gəlincə, Rəbiyyət Aslanova hesab edir ki, həbs qərarı təhqiqat nəticəsində seçilib: “Bu, törədilən əməlin ağırlığından asılıdır”.