Əliyev Ərdoğanın ətəyindən niyə bərk yapışıb?

Elxan Şahinoğlu: “Artıq o anlayır ki, Türkiyə ilə münasibətləri soyuq səviyyədə saxlamaq Azərbaycana fəlakətlər gətirər”

Azərbaycanla Türkiyə arasında münasibətlərin ən gərgin dövrü məhz Ilham Əliyevin prezidentliyi zamanı yaşanıb. Xatırladaq ki, bir neçə il əvvəl iki ölkə arasında bayraq qalmaqalı yaşandı. Ardınca “Wikileaks” saytının açıqladığı sənədlərdən məlum oldu ki, Ilham Əliyev Türkiyəyə etimad göstərmədiyi və bu ölkənin enerji mərkəzinə çevrilməsinin əleyhinə olduğunu bildirib. Ancaq son vaxtlar ölkə başçısının qardaş ölkəyə müsibətinin xeyli dəyişdiyi nəzərə çarpır.
Doğrudur, bu münasibətlərin tam səmimiyyət üzərində qurulduğunu da iddia etmək hələ tezdir. Çünki Türkiyə Azərbaycanla birtərəfli qyadada viza rejimini ləğv etsə də, qarşı tərəf bu addımı atmağa tələsmir. Baş nazir Ərdoğanın Azərbaycana son səfəri zamanı da Ilham Əliyev bu prosesin mərhələlərlə həll ediləcəyini deyib. Lakin hakimiyyətə yaxın mənbələrdən mətbuata sızan məlumatlara görə, rəsmi Bakı bu məsələnin həll edilməməsini Iranla əlaqələndirir. Belə ki, Tehran Azərbaycanın Türkiyə ilə viza rejimini tam aradan qaldırmasının əleyhinədir və bu addım atılacağı təqdirdə cavab tədbirlər görə bilər. Ancaq Irana məhəl qoymadan Israillə yaxın münasibətlər quran Azərbaycanın belə bir bəhanəsi inandırıcı deyil. Ancaq hər halda Qərblə münasibətləri korlanan Ilham Əliyevin regionda nüfuzu artan Türkiyəyə tərəf meyilləndiyi açıq-aşkar görünür. Əliyev belə davranışla nəyə nail olmaq istəyir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın bu mövqeyini Türkiyənin bölgədəki imkanlarının genişlənməsi, iqtisadi qüdrətinin artması ilə izah edir. Artıq Əliyev anlayır ki, Türkiyənin bölgədəki problemlərə nüfuz imkanları artıb və bu ölkə ilə münasibətləri soyuq səviyyədə saxlamaq, inkişaf etdirməmək Azərbaycana fəlakətlər gətirər. Həmçinin hakimiyyətin özü üçün də problemlər yarada bilər. Ona görə də əlaqələri müəyyən istiqamətdə inkişaf etdirməyə çalışırlar.
Lakin ekspert hələ də bəzi problemlərin həll olunmadığını və iki ölkə arasında əsasən enerji, iqtisadi-biznes əlaqələrinin inkişaf etdiyini bildirdi: “Demək olmaz ki, bütün problemlər həll olunub. Viza məsələsini bu qədər uzatmaq da olmaz. Bu, artıq Türkiyədə böyük narahatçılıq yaradır”.
Ekspert hərbi-təhlükəsizlik sahəsində də əməkdaşlığın yetərincə olmadığını vurğuladı: “Türkiyə Qırğıstanla birgə hərbi təlimlər keçirir. Nədən Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirməsin. Bu, Ermənistanla Rusiyaya da dolayı mesaj olar. Azərbaycan hökuməti təkcə enerji istiqaməti deyil, bütün istiqamətlərdə Türkiyə ilə münasibətlərin perspektivindən danışmalıdır”.

Fizzə