derin-ozuller-zavodu

Heydər Əliyevin adını daşıyan nəhəng zavod məhv edilir

derin-ozuller-zavoduMüəssisənin işçiləri “Azadlıq”a şok faktlar açıqladılar

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun bir qrup əməkdaşı redaksiyamıza müraciət edərək müəssisənin taleyi ilə bağlı maraqlı faktlar açıqlayıblar. Bir çox başqa müəssisələrdən fərqli olaraq bu zavodda nə iş problemi var, nə də maaş. Zavod il ərzində kifayət qədər böyük sifarişlər alaraq onları artıqlaması ilə icra edir. Eyni zamanda müəssisədə işçilərə verilən əmək haqqı min manata yaxındır. Hazırda zavodun bir problemi var, o da onun özəlləşdirilərək özündən qat-qat kiçik bir müəssisəyə – BosŞelf MMC-yə verilməsidir.
Işçilər deyir ki, zavodun bu vəziyyətə düşməsinə səbəb ARDNŞ-nin Sərmayələr Idarəsinin rəisi Vaqif Əliyevin və BosŞelf-in rəhbəri Ixtiyar Axundovun məkrli planlarıdır: “Şahdəniz” layihəsi çərçivəsində hazırlıq və təmir işlərinə ayrılacaq milyonlarla vəsiti mənimsəmək istəyirlər. Ona görə də, birləşərək zavod haqqında harada gəldi mənfi rəy yaradırlar. Hətta dəfələrlə ARDNŞ rəhbərliyinə zavodla bağlı yalan məlumatlar veriblər. Deyirlər ki, zavodda guya, əmək intizamı aşağı səviyyədədir, heç bir iş aparılmır, avadanlıqlar yararsız vəziyyətdədir. Bütün bu cəhdlərdən sonra nəhayət ki, ARDNŞ rəhbərliyi ilə razılaşaraq zavodun fəaliyyətinin dayandırılması və BosŞelf MMC-yə verilməsi ilə bağlı razılıq alıblar. Halbuki zavod hazırda yüksək iqtisadi göstəricilərə malikdir, burada olan nizam-intizam ARDNŞ-nin müəssisələrində və BosŞelf-də olduğundan dəfələrlə üstündür. Zavodda güclü mütəxəssislər yetişib. Zavod tərəfindən “Azəri-çıraq” neft layihəsinin və digər layihələrin icrası yüksək səviyyədə icra olunub. Dərin Özüllər Zavodu “Əsrin müqaviləsi” çərçivəsində bir sıra müasir qurğu və obyektlərin tikilib istifadəyə verilməsi üçün mühüm işlər görüb. Indi Azərbaycanda hasil olunan neftin böyük hissəsinin çıxarıldığı “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli” blokları, həmçinin müvafiq üst tikililəri bu zavodda istehsal olunub. Demək olar ki, dənizdəki yataqların əksəriyyəti bizim müəssisədə hazırlanan hidrotexniki qurğular sayəsində açılıb və istismar olunub. Hazırda zavodun quraşdırma meydançasında inşa edilən “Günəşli” 7 saylı SDP-nin tikintisinə start verilib. Bu qurğu dənizin 146 metr dərinliyində quraşdırılmaq üçün nəzərdə tutulub”.
Şikayətçilərin sözlərinə görə, razılaşmaya əsasən, ötən layihələrdə BosŞelf “Azəri-günəşli-çıraq” neft layihəsinin zavoda aparılması məqsədilə bütün avadanlıqlar təzələnməli, təmir işlərinə böyük məbləğdə vəsait ayrılmalı idi. Lakin həmin pullar BosŞelf tərəfindən mənimsənilib: “Zavoda BosŞelf tərəfindən heç bir yeni avadanlıq alınmadı. Bütün layihə tapşırıqlarını zavod öz vəsaiti və çox yaxşı olan avadanlıqları ilə yerinə yetirdi. Hazırda zavodda 2020 nəfər işçi çalışır, onların 80%-dən çoxu yüksək səviyyəli mütəxəssis, peşəkar işçidir. Bu gün Heydər Əliyevin adını daşıyan, həmçinin ARDNŞ, BP və digər şirkətlərin verdiyi bütün sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirən nəhəng bir zavodu ləğv edib yalan vədlər üzərində yaradılan BosŞelf kimi balaca bir quruma təslim etməyə nə ehtiyac var? Doğrudanmı ulu öndərin adını daşıyan, yüksək iqtisadi göstəricilərə malik olan, gəlirlə işləyən, dünyada tanınan bir zavoda dövlət sahib çıxa bilmir?”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.