Bir uşağı məktəbə göndərmək üçün təxminən 200 manat pul lazımdır…
Ailədə iki və daha çox övlad məktəblidirsə, deməli, durum lap faciəvidir
Dərs ilinin başlanmasıyla valideynlərin qayğıları da bir xeyli artır. Paytaxtda kitab, məktəb ləvazimatlarının satışıyla məşğul olan istənilən dükana daxil olanda şagirdlərin üzündə sevinc, valideynlərin çöhrəsində isə qayğı, ağırlıq hiss edərsən. Bunun da səbəbi ilk növbədə qiymətlərin “od tutub yanması” ilə bağlıdır…
Ildən ilə qiymətlər bahalaşır
Ötən gün Bakıda dərslik və digər məktəb ləvazimatları satılan dükanlara baş çəkib qiymətlərlə maraqlandıq. Məlum oldu ki, bir şagirdin dərsliklə təmin olunması orta hesabla 100 manatdan da baha başa gəlir.
Amma konkret olaraq, metronun “28 May” stansiyasının yaxınlığında olan kitab mağazasında birinci sinif üçün kitablar və iş dəftərləri satışa tam tərkibdə çıxarılmadığından neçəyə başa gələcəyini hələlik müəyyənləşdirə bilmədik. Digər məktəb ləvazimatlarına gəlincə, onların qiymətində ötən ilə müqayisədə artım var. Ötən illə müqayisədə dəftərlər 3-5 qəpik, sadə qələmlər 4-6 qəpik, rəsm dəftərləri, rəngli qələmlər 10-15 qəpik, məktəbli çantaları 3-6 manat bahalaşıb.
Indi isə konkret qiymətlərə keçək…
Birinci sinif şagirdləri üçün 12 vərəqli dəftərin bir ədədi 10 qəpikdir. 12 vərəqli, amma daha keyfiyyətli dəftərlər isə 20 qəpikdir. 20 vərəqli dəftər 20, 40 vərəqli 25-30, 100 vərəqli isə 60-70 qəpiyə satılır. Qələmlərin qiyməti də növündən asılı olaraq, 20 qəpik – 4 manat arasında dəyişir. Sadə qara karadaşın bir ədədi 10-20 qəpikdir. 6 və 12 ədəd karandaş dəstlərinin qiyməti 60 qəpiklə 3 manat arasındadır. 24 ədəd rəngli karandaşın qiyməti isə keyfiyyətindən asılı olaraq 5-8 manat arasında dəyişir. Şəkil albomlarının qiyməti isə ölçüsü və kağızın keyfiyyətindən asılı olaraq, 50 qəpikdən 4 manata qədərdir. Eyni flomaster dəstini də sayından və keyfiyyətindən asılı olaraq 2 manatdan 10 manata qədər almaq olar. Plastilinin ən ucuzu 40 qəpik, bahası isə 3 manatdır. Pozanların qiyməti 20-80 qəpik arasındadır. Ən ucuz su qabı Çindən istehsalıdır ki, onun qiyməti 2 manat, Türkiyə, Dubay istehsalı olanlar isə 6-13 manatdır.
I-V sinifə iş dəftərlərinin ləğv edildiyi deyilir, ancaq satılır
Ən çox bahalaşan qələm qabları və çantalardır. Karandaş qablarının qiyməti 3-12 manat civarındadır. Qız uşaqları üçün məktəbli çantalarının qiyməti 10 manatdan 40 manatadək, oğlan uşaqları üçün isə 10 manatdan 20 manatadəkdir. Düzdür, dükanlarda 10 manatdan ucuz çantalar da tapmaq olur. Ancaq elə ilk baxışdan görünür ki, bu malın cəmi 2-3 ay ömrü var. Birinci sinif uşaqları üçün üz qabığı rəngli olan 12 vərəqli dəftərlərin bir ədədi 20-40 qəpiyə satılır. Məktəbə ilk qədəmlərini qoyacaq “birincilər” üçün məktəb ləvazimatları almaq valideynlərə 15 manatdan baha başa gəlir.
Artıq bir neçə ildir dərslikləri məktəblər şagirdlərə pulsuz paylasa da, iş dəftərlərini valideynlər özləri alırlar. Bu il birinci sinifdən beşinci sinfə qədər şagirdlər üçün iş dəftərlərinin ləğv edildiyi bildirilsə də, satışda bu məhsullar var. Birinci sinfə gedəcək şagirdə isə 7-8 iş dəftəri alınmalıdır. Iş dəftərlərinin qiyməti də 3-5 manatdır.
Bəzi firma mağazalarında qiymətlər daha yüksəkdir. Məsələn NT mağazalarında 12 vərəqli “Alfa” dəftərlərinin qiyməti 20 qəpikdir. Eyni adda rəsm dəftərlərinin qiyməti isə 1 manat 20 qəpikdir. Rəngli karandaş dəstinin qiyməti isə 2 manat 50 qəpikdir. Diyircəkli qələmlərin bir ədədini 20 qəpiyə, “Faber-Castel” rəngli qələmləri isə 1 manat 60 qəpiyə almaq olar. Mağazada çantalar da qiymətlərinə görə fərqlənir. Burada valideynlər qiyməti 10 manatdan 110 manatadək olan çantalar arasında seçim etmək imkanına malikdirlər.
Valideynlər sıxlıq və bahalıqdan şikayətçidir
Valideynlərin işi məktəb ləvazimatları almaqla bitmir. Artıq bir neçə ildir ki, valideynlər övladlarına həm də məktəbli formaları almalıdır. Bunu almaq üçünsə, ən azı bir gün vaxt sərf etməlisən. Çünki məktəbli geyimlərini istehsal edən Bakı Tikiş Evinin (BTE) bütün dükanlarında sıxlıqdır. Dərs günü yaxınlaşdıqca müştərilərin sayı daha da çoxalır.
Bir neçə geyim dükanına baş çəkəndə vəziyyətin həddindən artıq pis olduğunu gördük. Valideynlər həm qiymətlərin baha olmasından, həm də sıxlıqdan əziyyət çəkirlər.
Vahid məktəbli geyimlərinin qiymətləri formaların ölçülərinə görə dəyişir. I-IV siniflər üçün 26 ölçüdən 38 ölçüyə qədər geyimlər 40 manata, 40-44 ölçü isə 45 manatadır. VII-XI siniflər üçün geyimlər isə 44-48 ölçüdə 53 manat, 50-54 ölçüdə isə 55 manatadır. Komplektə kostyum, köynək və jilet daxildir. Kostyum, köynək ayrı-ayrılıqda da satılır. Ibtidai siniflər üçün kostyum 26-38 ölçülü 30 manata, 40-44 ölçülü isə 35 manatadır. Jilet və köynəyin hər biri 5 manatdır. Yuxarı siniflər üçün 34-48 ölçüdə kostyumu ayrıca 40 manata, 50-54 ölçüdə kostyumu isə 42 manata almaq olar. Jilet 6, köynək 7 manatdır. Ağ rəngli məktəbli köynəkləri tez çirkləndiyi üçün valideyn ən azı 2 dəst köynək almalıdır.
Məktəbli geyimilə yanaşı, uşağa ayaqqabı da gərəkdir. Ona görə ayaqqabıların qiymətilə də maraqlandıq. Məlum oldu ki, qiymət ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir. Ibtidai sinif şagirdləri üçün 10 manatdan ucuz ayaqqabı yoxdur. Yuxarı sinif şagirdlərinə ayaqqabı almaq üçünsə valideyn ən azı 25-30 manat xərcləməlidir.
Məktəbli geyimi qiymətindən baha satılır
BTE istehsalı olan məktəbli formaları mərkəzi ofislə yanaşı, paytaxtın bir neçə yerində də satılır. Alıcılar metronun “Qara Qarayev” və “Əhmədli” stansiyalarının yaxınlığında bu geyimlərin 5-10 manat baha satıldığını deyirlər. Həmin ünvanlarda olarkən 40 manatlıq geyimin 47 manata satıldığını gördük. Satıcıdan niyə baha satıldığını soruşduqda, o, “xoşun gəlmir, alma…” deyib başqa müştəriyə yaxınlaşdı.
BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov mətbuata açıqlamasında sözügedən ünvanlardakı dükanların onlara heç bir aidiyyəti olmadığını bildirib. Deyib ki, bu dükanlar BTE-nin adından istifadə edib pul qazanırlar: “Biz onlara heç nə edə bilmirik. Bu səbəbdən məsləhət görərdim ki, alıcılar bizim rəsmi dükanlarımıza müraciət etsinlər. Rəsmi dükanlarımızda qanunsuz qiymət bahalaşmasına rast gəlmək mümkün deyil”.
***
Beləliklə, bir valideyn övladını məktəbə göndərmək üçün dərsliklərə 80-120, dərs ləvazimatlarına 20-40, məktəbli geyiminə 40-55 manat arası pul xərcləməlidir. Bu isə 140-215 manat arası bir rəqəm deməkdir. Bir evdən iki və daha çox uşaq şagird olanda vəziyyət lap dəhşətli olur…
Ramin DEKO