Təxribatçı filmə görə dünya qarışdı

Daha iki ölkə hədəfə çevrildi – Sudanda Almaniya və İngiltərə səfirliklərinə hücum oldu

Liviyada ABŞ səfirinin öldürülməsilə bağlı ilginc məlumatlar yayıldı

ABŞ-da çəkilən, Məhəmməd peyğəmbərin təhqir olunduğu filmə etirazlar davam edir. “Islamın məsumiyyəti” adlı filmə qarşı qəzəbli nümayişlər Sudana da sıçrayıb. Sudanlı etirazçılar Almaniya və Ingiltərənin bu ölkədəki səfirliklərinə hücum ediblər. Sudanın paytaxtı Xartumda 5 min nəfərin qatıldığı aksiya zamanı Qərb ölkələri əleyhinə qəzəbli şüarlar səsləndirilib.
Polis Almaniya və Ingiltərə səfirliklərinə hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar Almaniya səfirliyinin binası qarşısında vurulmuş emblemi söküblər, binanın giriş qapısının önündə yanğın törədiblər və pəncərələri sındırıblar.
Ingiltərənin Xarici Işlər Nazirliyi açıqlama yayaraq Sudandakı səfirliyə hücum etmək istəyən nümayişçilərin qarşısının polislər tərəfindən alındığını bildirib.

Kəşmirli ruhani amerikalıları bölgədən çıxmağa çağırdı

Hindistanın nəzarətində olan Kəşmirin müsəlman ruhanisi Bəşiruddin Əhməd Islamı təhqir edən filmə görə qızışan etirazların təhlükəli ola biləcəyini deyərək, amerikalıları Himalay regionunu tərk etməyə çağırıb. Müsəlman ruhanisi bildirib ki, amerikalıların özlərinin təhlükəsizliyi baxımından onlar çoxu müsəlman olan Kəşmiri təcili tərk etməlidir. Ruhani filmin müsəlmanların heysiyyatına toxunduğunu deyib.

Livan…

Livanın şimalındakı Tripoli şəhərində cümə namazından sonra toplaşan 300-ə yaxın etirazçı Nur meydanına gələrək aksiya keçirib. Təhlükəsizlik qüvvələrinin güclü tədbirlərinə baxmayaraq, etirazçılar ABŞ əleyhinə şüarlar səsləndiriblər, bu ölkənin bayrağını yandırıblar. Aksiyaya qatılanlar meydanın yaxınlığında yerləşən bir “fast food” restoranını da yandırıblar. Nümayiş zamanı bir nəfərin öldüyü və 25 etirazçının yaralandığı deyilir.

İndoneziya…

İndoneziyanın paytaxtı Cakartada da məlum filmlə bağlı aksiya keçirilib. ABŞ-ın bu ölkədəki səfirliyinin önünə toplaşan etirazçılar “Allahın elçisinə yönəlik təhqirləri qınayırıq!” yazılmış plakat qaldırıblar. “Hizbut-təhrir” təşkilatından bir nəfər nümayişçilər qarşısında çıxış edərək, filmdə Məhəmməd peyğəmbərin təhqir olunduğunu söyləyib. O, həmçinin ABŞ-ın Indoneziyada qalmaq haqqının olmadığını deyib. Bundan sonra aksiya iştirakçıları amerikalıların Indoneziyadan çıxmasını tələb ediblər.

Qüds…

Israilin Qüds şəhərindəki məsciddə toplaşmış fələstinlilər də cümə namazından sonra filmə etiraz aksiyasi keçiriblər. Polis aksiya iştirakçılarının şiddətli olaylar çıxarmaması üçün aksiya keçirilən ərazini mühasirəyə alıb. Etirazçılar əllərində “Anam, atam sənə fəda olsun, ya Rəsulallah!” yazılmış plakatlar qaldırıblar. Qüdsdəki ABŞ konsulluğuna doğru getmək istəyən nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Qarşıdurmada yaralıların olduğu barədə məlumatlar yayılıb.

Qətər…

Qətərin paytaxtı Dohanın mərkəzindəki məsciddə cümə namazından sonra yüzlərlə nümayişçi məscidlə ABŞ səfirliyi arasındakı 1 kilometrlik yolu piyada qət edərək, məlum filmə etirazlarını bildiriblər. ABŞ səfirliyinin binasına girməyə çalışan etirazçılara polis mane olub. Burada da polislərlə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Misir 4 gündür qaynayır

Misirin paytaxtı Qahirədə isə qalmaqallı filmə etirazlar artıq 4 gündür ki, davam edir. Təhrir meydanına toplaşanlar ABŞ əleyhinə şüarlar səsləndirir, onlar bu ölkənin bayrağını yandırıblar. Nümayişçilər meydanın yaxınlığındakı ABŞ səfirliyinə daş və molotof kokteyli atıblar. Polis aksiya iştirakçılarının səfirlik binasına daxil olmasının qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Yaranmış qarşıdurmada 220-dən çox insanın yaralandığı bildirilir.

ABŞ Benqazidə baş verənləri öncədən bilirmiş?

Bu arada, Məhəmməd peyğəmbərin təhqir olunduğu iddia edilən “Islamın məsumiyyəti” adlı filmə etiraz əlaməti olaraq ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum və səfir Kristofer Stivensin öldürülməsilə bağlı yeni detallar ortaya çıxıb. Britaniyada yayımlanan “The Independent” qəzetinin yazdığına görə, ABŞ Benqazidəki konsulluğa hücum barədə əvvəlcədən məlumatlı olub.
Yüksək vəzifəli amerikalı diplomatik mənbələrə istinadən yayılan xəbərdə deyilir ki, hadisələrdən 48 saat əvvəl Benqazidə və Misirin paytaxtı Qahirədəki diplomatik binaların hücuma məruz qalacağı barədə məlumat ABŞ Dövlət Departamentinə çatdırılıb. Ancaq səfir Kristofer Stivens və digər diplomatlara bu haqda xəbərdarlıq edilməyib. ABŞ Mərkəzi Kəşfiyyat Idarəsi (MKI) isə bu iddiaları rədd edib.

Təhqirə etiraz, yoxsa liviyalıların intiqamı?

Hücumla bağlı yayılan başqa bir iddiaya görə, Məhəmməd peyğəmbərin təhqir olunduğu filmdən diplomatik korpusa basqın üçün bəhanə kimi istifadə edilib. Basqını reallaşdıranların əsl məqsədi iyulda Pakistanda öldürülən və əslən liviyalı olan Əbu Yəhya əl Libinin intiqamının alınması olub. Bu iddianı ortaya atanlar hücumdan bir neçə saat əvvəl Əl Libinin intiqamının alınmasına dair videoçağırışın yayılmasını xatırladıblar.
Bu iddia həmçinin konsulluğa hücumun əvvəlcədən planlaşdırıldığına dair şübhələri də gündəmə gətirib.

Amerikalı səfirin öldürülməsi əmrini kim verib?

Israil kəşfiyyatına yaxınlığı ilə tanınan “DEBKAfiles” saytı ABŞ konsulluğuna hücumun “Əl-Qaidə” terror şəbəkəsi tərəfindən, özü də təşkilatın lideri Ayman əl Zəvahirinin birbaşa əmrilə həyata keçirildiyini xəbər verib. Hücumdan sonra ortaya çıxan başqa bir detal isə ondan ibarətdir ki, diplomatik korpusa basqın zamanı binadan olan məxfi və lazımlı sənədlər oğurlanıb. Sənədlərin hansı səbəbdən və kimlər tərəfindən oğurlandığı məlum deyil.

ABŞ-ın Liviyaya müdaxilə edəcəyi gündəmə gəldi

ABŞ-ın Benqazidəki konsulluğuna hücumdan dərhal sonra Birləşmiş Ştatların Liviya sahillərinə 2 hərbi gəmi göndərdiyinə dair xəbərlər yayılmışdı. Ötən gün gecə saatlarında isə Benqazi hava məkanı uçuşa qadağan zona elan olunub. Benqazi aerodromundakı mənbə “AFP” agentliyinə hava sahəsinin təhlükəsizlik səbəbilə bağlandığını bildirib. Hava sahəsinin bağlanması ABŞ-ın Liviyaya müdaxilə edəcəyilə bağlı iddiaların yayılmasıyla əlaqədardır. Bildirilir ki, Obama administrasiyası konsulluğa hücumun əvvəlcədən planlaşdırıldığını isbatlasa, Liviyaya pilotsuz qırıcılar göndərəcək.
Islam dünyasını ABŞ-a qarşı qaldıran filmlə bağlı da yeni detallar məlum olub. “BBC”-nin müxbiri Alasteyr Leythidin bildirdiyinə görə, ABŞ-da çəkilən film iyunun axırında Hollivudda yerləşən balaca kinoteatrda nümayiş olunub. Lakin etirazlar bu filmin parçaları ərəb dilinə tərcümə edilərək “YouToube”da yerləşdiriləndən sonra başlayıb. “Islamın məsumiyyəti” adlanan bu filmi özünü “sambacile” adlandıran internet istifadəçisi iyulun 1-də internetə yerləşdirib.

Qalmaqallı filmə çəkilmiş aktrisadan şok açıqlama

Müxbir qeyd edir ki, film çox ucuz və keyfiyyətsiz alınıb. Aydın olur ki, Islam və Məhəmməd peyğəmbər haqqında səslənən ən təhqiramiz sözləri aktyorlar deməyib, filmin axırında səslənən musiqinin üzərinə sonradan dublyaj edilib. Filmdə çıxış edən aktrisalardan biri deyib ki, o, bu filmin Islama qarşı olduğundan xəbərsiz imiş və bu halı pisləyir.
Kaliforniyalı Sindi Li Qarsiya “gawker” saytına açıqlamasında bildirib ki, o, qalmaqallı filmdə kiçik bir rol oynayıb. Lakin ona öncədən filmin “Desert Warriors” adlandırılacağı və Misirdə 2000 il bundan qabaqkı həyat haqqında olacağını söyləyiblər. O, rejissoru məhkəmə verə biləcəyini də istisna etməyib.

Filmi “YouTube”da paylaşan kimdir?

Filmin rejissoru olduğunu iddia edən və özünü Sam Bacile adlandıran bir kişi bir neçə mətbuat orqanıyla danışıb. O həmçinin Islama qarşı təhrikedici fikirlər söyləyərək, filmə dəstək nümayiş etdirib. O, bəzi mənbələrə 52, bir başqalarına isə 56 yaşında olduğunu deyib. Özünü Sam Bacile adlandıran şəxs əlavə edib ki, o, milliyyətcə yəhudidir, Israildə anadan olub, yəhudi donorlar sayəsində də filmi ərsəyə gətirmək üçün bir neçə milyon dollar pul toplayıb. Lakin “sambacile” adlı istifadəçinin keçən həftəyə qədər “YouTube”dan başqa bir yerdə izi olmayıb. Sam Bacilenin real insan olduğu şübhə altındadır.

Elxan