Türmədə narkotik bazarı

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

2011-ci il yanvarın 26-da Qobustan həbsxanasına, dustağın yanına görüşə gələn birisi göy soğanın içində narkotik keçirməyə cəhd edir və tutulur. Qobustanda belə şeylər olur. Bu hadisədən 3 ay əvvəl – 2010-cu il noyabrın 8-də də bir dustağa konfetin içində heroin keçirmək istəmişdilər.
Orada narkotik bazarı var və buna görə də bazara “sol”dan dürtülən narkotikin qarşısı alınır. Içəridə bazar olmasa, dustaq ora narkotik gətizdirməz, özü də nə, heroin! Heroini istemal etmək üçün balaca bir “laboratoriya” gərəkdir: şpris, ən azı.
Mən “17″-yə gedəndən 1-2 həftə sonra eşitdim ki, serjantlardan birini rədd eləyiblər. Niyə? Bu qoçaq serjant şpris axtarışı ilə məşğul olanda ətrafdakıları şübhələndirib, onu izləməyə başlayıblar, sən demə, adam özü narkoman imiş. Onu iynəni damarına yeritdiyi yerdə yaxalamışdılar.
“17″-də ”bazar” yox idi. Orada nə rəis narkotik satdırırdı, nə də personaldan hər kimsə. “12″-də də narkobazar olmayıb. Bu cür xəbərlərin statistikasını yığın. Məlum olacaq ki, ölkənin 5-6 cəzaçəkmə müəssisəsində davamlı olaraq içəri narkotik keçirmək cəhdləri olur və davamlı olaraq da ələ keçirilənlər var. Bu nə vəhşətdir, belə? Niyə həbsxanaya düşüb canına dinclik vermək istəməyən narkomanlar elə bu 5-6 ”zon”a gəlib çıxır? Iki il yarım ərzində mənim böyrümdə-başımda yüzlərlə narkoman qaynaşıb. Həbsxanada olduqları müddətdə bu adamların hər hansı birinin “kaş içəri bir-iki ”çet” heroin keçirə biləydim” kimi arzusunu belə eşitmədim. Yoxdur, deməli, yoxdur! Adam bu “yox”a vərdiş edir, vəssalam. Amma içəridə bazar təşkil ediləndə orada iynələnmək imkanı olur. Həvəs həvəsi doğurur. Içəridə isə bu “bazarı” rəislər təşkil edir.
Əlbəttə, mən bir rəisin bu boyda həngamənin altına təkbaşına girəcəyini təsəvvür etmirəm. Bu biznesin iri himayəçiləri var. Həbsxanalarda narkotik alveri çox iri pullar gətirir. Burada narkotik bayırdakından 5 dəfə bahadır, müştərisi də başının altında: hər tərəf narkomandır. Gedin, hasarın üstündən baxın, 6-cı “zon”da nə qədər adamın elə içəridə olduğu zaman narkotikə qurşandığını görəcəksiniz. Bazarı olmayan “zon”a narkotik keçirmək 100 faizlik ilişmək deməkdir. Belə “zon”larda onu istifadə etmək mümkün deyil. Hər tərəf Idarənin agentlərilə doludur.
Bu qədər agent haradan əmələ gəlir? Axı, bu, aşağı davranış modelidir, bizim dustaqların, dünənki və sabahkı tam hüquqlu vətəndaşların arasında bu qədər agent necə əmələ gəlir?
Bu, bayırdan içəriyə işləyən konveyerdir.
Nadir hallarda narkoman birinci dəfə polisin caynağına keçən kimi məhkəməyə göndərilir. Əksər hallarda onlardan pul alıb buraxırlar. Həm də bir neçə dəfə. Pul verib yaxasını qurtaran narkoman polisin qeydiyyatına düşür. Polis onları saf-çürük edir və özünə gerçək agentlər yaradır. Bu agentlər polis üçün narkoman ovu təşkil edirlər. Polis də əvəzində onlara narkotik verir və beləliklə, bu tip narkomanlar olurlar “paykovoy” adlanan xüsusi zümrə. Amma heç bir “paykovoy” həbsdan yaxasını qurtarmır. Zamanı gələndə himayədar polis “paykovoy”a “qaqaş, çürümüsən e, getməlisən”, deyib qandalı taxır qoluna. Onlar da gəlib düşürlər “zon”a və burada onların şəxsi işindəki xüsusi qeydiyyat düşür əməliyyat müfəttişlərinin əlinə. Həbsxanada “paykovoy”ları boykot, hətta ola bilər ki, xüsusi haqq-hesab gözləyir. Amma Əməliyyat şöbəsi onları ifşa etmir və əvəzində məlumat şəbəkəsinə “işə” alır.
Eyni qayda, öz ortaqlarını istintaqa satanlara da tətbiq edilir; eyni qayda nə zamansa kimlərisə şikayət edib tutduranlara da tətbiq edilir; eyni qayda həbsxana Idarələrində ötəri sıxma-boğmaya dözməyib əməkdaşlığa razılıq verən zəif iradəli adamlara da tətbiq edilir…
Beləliklə, həbsxanalarda agenturanın nəhəng şəbəkəsi yaranır. Hər bir həbsxanada dustaqların 30-60 faizi bu agenturanın içində yer alır. Üstəgəl, bütün “zon”larda kontingentin 10 faizini təşkil edən sanitarlardır (Bunlar azadlığa çıxanda da polisin agentura şəbəkəsində təkrar istifadəyə qaytarılırlar).
Bu qədər nəhəng şəbəkənin qovşağında heroindən və ya başqa narkotik maddədən necə istifadə etmək olar ki, kimsənin diqqətini çəkməyəsən? Deməli, çox sadə məntiqi nəticə yaranır: əgər 0,1 faiz ehtimalla Eynulla Fətullayevin cibindən çıxan narkotik onun özünə məxsus imişsə, 99,9 faiz ehtimalla 12-ci “zon”un rəhbərliyi içəridə narkotik bazarı təşkil edənlərdən idi.
Hətta “bazar”ın olduğu “zon”larda da rəis və ya Əməliyyat şöbəsinin rəisi içəridə satılan narkotiki kimlərin aldığını, hansı xırda qruplar şəklində istifadə etdiklərini bilir. Çünki içəridə təşkil edilən “bazar”ın satıcıları dustaqlar olur. Bu dustaqlar Idarə ilə sıx əməkdaşlıq edən adamlardır.
Həbsxanalarda bu qədər rahatlıqla “bazar” təşkil edilirsə, indi görün çöldə nə hoqqalar baş verir. “Kürdəmirli Daşdəmir” və “Iranlı Baba” tandemi ölkənin çox yekə dairələrinin təzahürləridir. Hələ bu vaxta qədər bircə dəfə də olsun, heç bir məhkəmə mənbə düzgün və ağlabatan şəkildə sübut edilmədiyinə görə narkotikdə ittiham edilən adamı açıb buraxmayıb. Amma özünə hörmət edən məhkəmə hakimi belə etməlidir: sübutlar yetərincə olmadığına görə müttəhimi polisin gözünə soxub öz başından rədd eləməlidir. Niyə eləmir? Təkcə ona görə ki, məhkəmə müstəqil deyil?
“WikiLeaks”i xatırlayın. ABŞ səfiri Enn Dersi öz ölkəsinə məlumat verir ki, Azərbaycan ərazisinə narkotik əsasən Ermənistan və Irandan keçirilərək gətirilir. Səfir xanım bu hesabatda Azərbaycan gömrüyünü yıxıb-sürüyür.
Bizim yerli “Yumurta WikiLeaks”ini xatırlayın. Azərbaycanda bütün sahələrdə belə görüntü yaratmağa cəhd etdilər ki, korrupsiyaya qarşı mübarizə başlayıb və xırda rüşvətxorluq iki ay durdu. Bu görüntünü yalnız Gömrük Komitəsində yaratmağa cəhd etmədilər. Çoxsaylı faktlar təsdiq edir ki, orada adamlara, “Biz göstəriş-filan bilmirik. Necə işləyirdiksə, elə də işləyəcəyik” – deyib rüşvət iddialarına davam etdilər.
Əlbəttə, Gömrük Komitəsinin sədri Aydın Əliyev elə bir müqtədir adam, nəhəng və əzəmətli inzibati-siyasi fiqur deyil ki, prezidentin iradəsini vecinə də almasın. Ölkənin qapıları prezidentə məxsusdur. Başqa heç kimə…
ABŞ Dövlət Departamentinin “Narkotiklərə beynəlxalq nəzarət strategiyası” adlı illik hesabatında bildirilir ki, Azərbaycanda ən geniş istifadə olunan narkotik maddələr tiryək, heroin, ekstazi, həşiş, kokaindir: “Azərbaycan Əfqanıstan və Mərkəzi Asiyadan Qərbi Avropaya, həmçinin Irandan Rusiyaya və Qərbi Avropaya narkotik maddələrin nəql olunduğu marşrut boyunca yerləşir… Bir neçə il öncə ”Balkan marşrutu” bağlandıqdan sonra Azərbaycanın tranzit ərazi kimi rolu artıb. Azərbaycan hökumətinin məlumatına görə, ölkədən daşınan narkotiklərin əsas hissəsi Əfqanıstanda istehsal olunur”.
Elə bu hesabatda göstərilir ki, “rəsmi hakimiyyət narkomanların 18 min nəfər olduğunu bildirir. Qeyri-rəsmi rəqəmlər isə 200-300 mindir. Azərbaycanlı narkomanların 75 faizi heroindən istifadə edir”.
Rusiya Sərhəd Qoşunları komandanının müavini, general-leytenant Doroxin iddia edir ki, onun ölkəsini heroinlə təmin edən, həcminə görə ikinci böyük tranzit xətti Azərbaycandan keçir. BMT-nin rəsmi statistikasına görə, Rusiyada ildə 70 ton heroin istifadə edilir. Hərçənd, qeyri-rəsmi hesablamalara görə, bu rəqəm iki dəfə arta bilər. Deməli, hətta rəsmi statistika üzrə hesablasaq, ildə təkcə Rusiyaya Azərbaycan qapılarından keçib gedən 30 tona qədər heroin daxil olur.
Bu “əzəmətli” rəqəmin qarşısında kürdəmirli Daşdəmir Hacıyevin Iranlı Babadan 2 kilo tiryək aldığı yerdə yaxalanması xəbərini hansı duyğularla qarşılamaq olar? Bu Kürdəmirli Daşdəmir həmin tiryəki yerli polis agenturasından və ya hətta hansısa polis əməkdaşından götürüb, 15 dəqiqə sonra da onu tutub Polis Idarəsinə gətiriblər ki, statistika düzəlsin…

ardı var