Şəhər rəhbərliyinin 11-ci mikrorayondakı qəzalı bina ilə bağlı tədbir görməməsi sakinləri sərt addımlar atmağa vadar edib
Sumqayıt şəhər 11-ci mikrorayon ev 2-də yaşayan sakinlər etiraz aksiyası keçirmək niyyətindədir. Buna səbəb onların yaşadağı binanın qəzalı vəziyyətdə olması, müvafiq qurumların isə heç bir tədbir görməməsidir.
Sakinlər bildirib ki, dəfələrlə şəhər icra hakimiyyətinə müraciət etsələr də, nəticəsi olmayıb: “Icra başçısının müavini Tariyel Hacıyev gəlib binaya baxır və sonra deyir ki, hələ heç bir təhlükəsi yoxdur. Bina isə aşmaq üzrədir. Binövrəsi zədələnib, burada yaşamaq çox təhlükəlidir”.
Sakinlərin sözlərinə görə, bina 1982-ci ildə istifadəyə verilib. Artıq bir neçə ildir ki, qəzalı vəziyyətdədir. Həmin binaya baxış keçirərkən sakinlərin haqlı olduğunu gördük. Bina əyilərək yanaşı tikilən digər binaya yapışıb. Həmin bina faktiki olaraq qəzalı bina üçün dayaq rolunu oynayır. Bundan başqa binanın fasad hissəsində iri çatlar əmələ gəlib. Müvafiq qurumlar heç bir tədbir görmədiyindən sakinlər məcburiyyət qarşısında həmin çatları özləri suvayıblar. Lakin bu təhlükəni aradan qalxmayıb.
“Çatları suvayırıq, bir neçə gündən sonra suvaq dağılır. Çünki bina əyilir. Bu binanın təməlində ciddi problem var. Suvamaqla, dayaq vurmaqla bu problem həll olunası deyil. Sakinlər təcili evakuasiya olunmalı və ciddi şəkildə yenidənqurma işləri aparılmalıdır. Amma kimə deyəsən, icra hakimiyyəti heç bir iş görmək istəmir. Deyirlər ki, guya məsələ baş nazirin müavini, fövqəladə hallar komissiyasının sədri Abid Şərifova çatdırılıb. O, rəy verəndən sonra tədbir görüləcək. Deyəsən, Abid Şərifov rəy verənə kimi bina aşacaq və biz də məmurların məsuliyyətsizliyinin qurbanı olacağıq”.
Sakinlərin sözlərinə görə, onların əlacı etiraz aksiyaları keçirməyə qalıb: “Istəyirik ki, binanın yaxınlığındakı avtomobil yolunu bağlayaq. Bəlkə onda icra başçısı Eldar Əzizov gəlib binaya baxar və bir tədbir görər”.
Azad