Vəkil Rövşən Yusifov: “Sürət Hüseynovu idarəyə dəvət edərək bildiriblər ki, əgər o rəisdən xahiş etsə, oğlunu buraxacaqlar”
“Respublikanın bəzi güc strukturları keçmiş baş nazir Sürət Hüseynovun Azərbaycana qayıtmağından əsassız narahatlıq keçirirlər. Özlərini rəhbərlərinin gözündə işgüzar, peşəkar simasında göstərmək üçün ona qarşı təqib və təzyiqlərə başlayıblar.
Sürət Hüseynova qarşı heç bir kompromat əldə edə bilimədiklərindən onun ailə üzvülərinə və qohumlarına qarşı provakasiyaya əl atılıb”. Bu sözləri Surət Hüseynovun vəkili Rövşən Yusifov “Bizim Yol” qəzetinə sabiq baş nazirin oğlunun həbsi barədə açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, Nail Hüseynova qarşı düşünülmüş və qabaqcadan planlaşdırılmış əməliyyat həyata keçirilib. Nəticədə o insidentə cəlb olunub və sonrada heç bir ictimai təhlükə yaratmayan, nə mülki, nədəki inzibati qanunvericiliklə məsuliyyət nəzərdə tutulmayan bir hərəkətə görə Gəncə şəhər, Nizami Rayon Polis Şöbəsinin əməkdaşlrı tərəfindən saxlanılıb: “Saxlanılmanın səbəbləri və əsasları barəsində yaxınlarına heç bir məlumat verilmir. Bir neçə dəfə polis maşını ilə gələn polislər Sürət Hüseynovu idarəyə dəvət edərək bildiriblər ki, əgər o rəisdən xahiş etsə, oğlunu buraxacaqlar. Sürət Hüseynov cavab verib ki, onun oğlu heç bir cinayət törətməyib bu səbəbdən də heç kimdən xahiş etmək niyyətində deyil”.
Vəkilin sözlərinə görə, bir neçə ay öncə də Sürət Hüseynov əsassız yerə polis tərəfindən təzyiqlərə məruz qalıb: “Səbəbsiz yerə onu polis bölməsinə çağırıb, izahat verməsini istəyiblər. Sürət Hüseynov bölməyə getməkdən boyun qaçırıb və heç bir izahat verməyib”.