İsrail və İranın “antiAmerika” planı

«İslamın məsumiyyəti» filminin açdığı yollar hara aparacaq?

“Islam ölkələrində antiAmerika aksiyaları səngimir” – maraqlı başlıqdır. Hətta sosial şəbəkələrdə profil şəkli kimi, Müəmmər Qəddafinin eynəkli şəkillərini yerləşdirənlər də çoxalıb.
Niyə? Qəddafi gedincə onun sarayının qan qoxusu çıxmadımı? On illərlə on minləri necə qəddarcasına öldürdüyü, hətta hakimiyyət uğrunda insanlığın ən acı cinayətlərini törətdiyi ortaya çıxmadımı? Bunu onun məhz öz xalqına etdiyi məlum olmadımı? Amerika istehsalı olan “Islamın məsumiyyəti” filmi ABŞ-ın rəsmi mövqeyidirmi? Başqa bir maraqlı sual: bu film niyə məhz ərəb dilində altyazıyla çıxır? Özü də ABŞ prezidentinin Israil prezidentini qəbul etmək istəmədiyi xəbərindən bir gün sonra… Və ən başlıcası bununla paralel olaraq, Israilin Iranı vuracağına dair xəbərlər niyə gündəmə gəlir? Israil ABŞ-la razılaşmadanmı Iranı vuracaq? Əgər belə olacaqsa, deməli, Təl-Əviv bu müharibə üçün Tehranla anlaşıb. Bu necə olur?
ABŞ son açıqlamalarında Irana hərbi müdaxilənin mümkünlüyünü, amma daha çox iqtisadi və siyasi sanksiyalara üstünlük verilməli olduğunu və Tehran rejiminin istəyi olarsa, dialoqun da bir variant kimi qaldığını deyirdi. Bu durumda Iranın ya yola gəlməsi, ya da sistem olaraq çökməsi Israil üçün ciddi gələcək böhranı yaradır. Çünki Iransız, yəni, kəskin əks mövqeli düşmənsiz bir bölgədə Israil kimsəyə lazım olmaz.
Israilin Iranla anlaşaraq bu ölkəni vurması ona görə yüksək ehtimaldır ki, müharibəyə uzun müddət hazırlıq Tehran rejimini də psixoloji cəhətdən sarsıdıb. Daim zərbə gözləmək və gərginlik içində olmaq  molla rejiminin daxilində çatlara yol açır. Buna görə də hazırkı gərginlik davam etməməlidir. Və aktiv bir proses başlamalıdır ki, sistem yenidən təşkilatlana bilsin.
Bu həm də dinc müqavimətə – iqtisadi sanksiyalara qarşı susan Çini və Rusiyanı da Iranın xeyrinə hərəkətə gətirə bilər. Beləliklə, yeni inqilabi dalğa Suriya ilə hansısa qeyri-müəyyən dövrə kimi tormozlana bilər. Israil isə ABŞ-ı istəmədiyi bir münaqişəyə ortaq edər və daha çox qazanar. Islam dünyasında baş verən etirazları təşkil etmək isə Iranın daxilində ən müxtəlif faktorlara görə Qərbə liberal münasibət bəsləyənləri ya şantaj edib susdurmaq, ya da fikirlərindən daşındırmaq məqsədi güdür.
ABŞ-ı kim təmsil edir?
Bütün bunların təşkil olunmuş bir provakasiya olduğunu isbatlayan ən önəmli nöqtə odur ki, aksiyaçılar ABŞ prezidenti Barak Obamanın Islam dünyasına münasibətini və hadisə ilə bağlı açıqlamalarını nəzərə almır, hətta səfirin ölümünün belə, dinlərarası təfriqəyə yol açmamalı olduğunu deməsindən sonra da bu etirazlar səngimir. Yəni, iş bəlli bir nöqtəyə gələnə qədər ssenari davam etməlidir.

P.S. Yaxın günlərdə “Yeni dünya düzəni və Orta Şərq hadisələrinin perspektivi”nə dair geniş araşdırmamızı təqdim edəcəyik…