Sabah uşaqlarımdan niyə üzr istəyəcəyəm?

Bizdə seçki necə keçirilirsə, məktəbdə də elə təhsil verirlər. Büdcə pulları hansı yolla xərclənirsə, polis işini necə görürsə, məhkəmənin ədaləti nədirsə, məktəbin verdiyi dərs də odur. Ona görə də dərs ilinin başlaması mənasında işlənən “məktəb açılır” kəlməsini eşidəndə pərt oluram. Dərhal da deyirəm, məktəb bizdə çoxdan bağlanıb. Açılan məktəb deyil, öz üzərinə düşən gerçək vəzifəni yerinə yetirmirsə, deməli, o bağlanıb.
Əlifbanı, oxuyub-yazmağı öyrətmək müasir dövrdə hələ məktəb olmaq demək deyil, savad, təhsil vermək deyil. Ona görə də bizim uşaqların əksəriyyəti məktəbi qurtaranda müasir təfəkkürdən uzaq olur. Onların çoxunun hissləri ibtidai, düşüncə tərzi feodal, savadı aşağı, davranışları anlaşılmazdır. Təsvir etməyə əsəblərim çatmır, uşaqlarımın hansı mühitdə oxuduğunu düşündükdə, eyni zamanda həm utanır, həm də qəzəblənirəm…
Vəziyyəti özünüz təsəvvür etməyə çalışın. “Bazarkom” duyğuları ilə yaşayan direktorlar, xırdavat alverçisinin qayğıları ilə işləyən savadsız müəllimlər, repititorluqdan yorulub əldən düşmüş, daim əsnəyən, xəstəhal, əsəbi görkəmli çox az sayda savadlı müəllim və hərəsi öz evindəki dəyəri və yanaşmanı asanlıqla məktəbə daşıyan danqabaş uşaqlarımız… Budur mühit.
Hər cür səbəb üçün qəpik yığılır, pul yığılır, hər cür mövzuda qeybət edilir, söhbət edilir, amma məktəbin əsas vəzifəsi çoxdan ən sonuncu plana keçib. Valideynlər də qəbul edib bunu. Ona görə də uşaq məktəbdən gələn kimi, ya evə haram yolla gələn puldan ayırıb, ya da min bir zülmlə qazanılan qazancdan kəsib, onu təzədən repititorun yanına göndərirlər. Həm də bütün fənlərdən. Həm də az qala hamı. Deməli, məktəb faktiki olaraq da bağlanıb, əvəzində repititorluq açılıb. Bir çox valideynlər hətta pul verirlər ki, uşaqlar məktəbə gedib vaxt itirməsin, bütün gücünü repititora sərf etsin…
TQDK sədri Məleykə Abbaszadənin öz işinə fərqli münasibətinə, qoyduğu problemlərə, qaldırdığı suallara əsaslanıb bir az ümidlənmişdim ki, bəlkə düzələr. Amma onun da məktəbdə keçirdiyi son imtahanları görəndə, qəbulda keçid ballarına etdiyi endirimləri eşidəndə bu ümidim də öldü. Bu da bir siyasi qeybət imiş. Sizə elə gəlməsin ki, təhsil bu hakimiyyətin vecinə deyil, ona görə təhsil pis günə qalıb. Yox, təhsili bilərəkdən belə hala salıblar. Daxilən kölə, potensial əlçalanlar yetişdirmək üçün bu vəziyyət onlara sərf edir. Misir Mərdanov da təhsili pis günə qoyduğuna görə gözdən düşmədi, o məktəb tikintisindəki maliyyə müəmmalarına görə qəzəbə gəldi. Hamı gördü bunu.
Nəticədə sabah dərsə gedəcək uşaqlarımızın məktəbi yoxdur. Az sayda seçilən liseylərə isə hər kəs düşə bilmir, hamının pulu çatmır. Bəs onlar necə böyüyəcək?
Bir haşiyə. 2009-cu ildə Kıprıza getmişdik. Orada bizi məktəbə apardılar. Soruşduq ki, azərbaycanlı uşaqlar oxuyurmu həmin məktəbdə. Dedilər ki, əlbəttə, hətta məktəbə yeni azərbaycanlı uşaq gələndə “dava” düşür müəllimlər arasında. Onları öz siniflərinə götürmək üstündə. Təəccübləndikdə izah etdilər ki, bizim uşaqlar o qədər qabiliyyətli olur ki, hər müəllim onları öz sinfinə almaq istəyir. Vətəndə isə əksəriyyət uşaqlarının əlindən şikayətçidir. Əslində onları yaxşı oxudacaq məktəb yoxdur burada, bizsə günahın hamısını uşaqlarda görürük.
Ikinci haşiyə. Bakı küçələrində keyfiyyətsiz pal-paltar satan bir pakistanlı ilə söhbət etmişdim. Dedi ki, özü illərdir buradadır, amma hazırda uşaqlarını ölkəsinə yollayıb oxumağa. Çünki uşaqları bir az oxuyandan sonra, buranın məktəbi onu qane etməyib.
Reallıq ortadadır. Bir neçə türk liseyi uğurları ilə bu ölkədə əfsanəyə çevrilib. Vəziyyət o qədər gülməlidir ki, ali məktəblərin boş yerlərini doldurmaq üçün keçid ballarını “iki” səviyyəsinə salsalar da, boş yerlər yenə dolmadı. Ali məktəblərdəki təhsilin keyfiyyətsizliyi isə ayrı bir mövzudur, amma məktəblər artıq bu səviyyəsiz ali məktəblərə girəcək tələbələr də yetişdirə bilmir. Repititorluq da köməyə çatmır hətta.
Bir sözlə, sabah məktəbin açıldığını düşünənlər yanılır. Məktəb bizdə çoxdan yoxdur. Indi isə çalışmalıyıq ki, həmin məktəblərin yerində qalan məktəbəbənzər qurumlar uşaqlarımızı az pozsun. Yəni uşaqları onlardan qorumalıyıq…
…Sabah isə uşaqlarımdan üzr istəyəcəyəm! Yaxşı təhsil onların haqqı idi!