sulheddin

“Regionda böyük müharibəyə hazırlıq gedir”

sulheddin“Azərbaycanın demokratikləşməsi üçün əlverişli beynəlxalq şərait yaranıb”

Sülhəddin Əkbər: “Azərbaycanın hakim siyasi elitasının davranışı feodal dövrünün siyasi etikasına daha uyğundur”

“Əliyevin namizədliyi məsələsində İctimai Palata ilə mövqeyim üst-üstə düşür”

Seçkilər yaxınlaşdıqca mətbuatda əsas müzakirə predmetlərindən biri də Konstitusiyaya edilən dəyişiklikdən sonra bir şəxsin məhdudiyyət olmadan prezident ola biləcəyi ilə bağlı məqamdır. Artıq Ictimai Palata Ilham Əliyevin ali qanundakı bu dəyişiklikdən istifadə etmək niyyətinə sərt reaksiyasını verib. Son sessiyasında təşkilat bəyan etdi ki, I.Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi yolverilməzdir. Bu dəfəki həmsöhbətimiz ACP sədri Sülhəddin Əkbərə ilk sualımız məhz bu məqamla bağlı oldu. S.Əkbər hesab edir ki, IP-in səsləndirdiyi bəyanat reallıqla səsləşir və demokratik düşərgə demokratik normaların bu dərəcədə tapdanmasına imkan verməməlidir:

Beynəlxalq birliyin sərtliyi vətəndaş cəmiyyətindən asılıdır

– Bu istiqamətdə partiyamızda hələki rəsmi müzakirə olunmayıb. Şəxsi mövqeyim isə ondan ibarətdir ki, Ictimai Palatanın fikirlərinə qatılıram. Bununla bağlı dəfələrlə mövqeyimi bildirmişəm. Qanunun geriyə qüvvəsi yoxdur. Amma çox təəssüf ki, bu prinsiplər əməl olunmur və bu tip qərarlar qəbul olunur. Amma vətəndaş cəmiyyəti, beynəlxalq çevrələr bu məsələyə münasibət bildirməlidir. Əks halda hakim partiya yenə Ilham Əliyevin namizədliyini irəli sürəcək və seçkilərdə də əvvələr olduğu kimi saxtalaşdırma baş verəcək.

– Bir şəxsin 3 dəfə dövlətə rəhbərlik etməsini demokratik dünya qəbul etmir. Məhz bu məqam nəzərə alınarsa beynəlxalq birliyin bu məsələyə münasibəti necə olacaq?
– Beynəlxalq birliyin, xarici dövlətlərin konkret hansı addımlar atmasını söyləmək çətindir. Amma düşünürəm ki, Azərbaycan cəmiyyəti, siyasi və ictimai çevrələr buna sərt reaksiya versələr, beynəlxalq birlik də adekvat mövqeyi ortaya qoyacaq. Ona görə bunun üçün daxildə müqavimət lazımdır.

Müxalifətin üzərinə böyük vəzifə düşür

– BMT-də son çıxışında Barak Obama bildirmişdi ki, Amerikanın düşməni təkcə terroristlər deyil. Öz ölkələrində demokratiyanı boğan, müddətsiz özlərini prezident seçdirən və bu yol ilə dövləti fəlakətə aparan liderlər də Amerikanın düşmənidir. Azərbaycanda hazırda baş verənləri bu açıqlamanın fonunda necə dəyərləndirmək olar?
– Azərbaycanın demokratikləşməsi üçün əlverişli beynəlxalq şərait yaranıb. Düzdür təəssüf ki, yerləşdiyimiz bölgədəki şərait barədə bunu demək çətindir. Amma qonşu regionlarda baş verənlər Azərbaycanda da oxşar köklü demokratik dəyişikliklərin baş verməsi üçün əlverişlidir. Amma çox təəssüf ki, eyni fikri Azərbaycan daxilindəki şərait və şərtlər barədə söyləmək olmur. Çünki Azərbaycan daxilində çox ciddi problemlər var. Bu problemlərin bəziləri hakimiyyətin yürütdüyü repressiv siyasətdən, demokratiyanı və azadlıqları boğmasından qaynaqlanır. Eyni zamanda problemlər siyasi müxalifətdən, vətəndaş cəmiyyətindən, ziyalılardan qaynaqlanır. Ictimai-siyasi passivlik fonunda, seçkiyə bir ildən bir qədər artıq vaxt qaldığı zamanda insanların siyasi gələcəklərinə laqeyidlik təəssüf və narahatlıq hissi yaradır. Yəni Azərbaycanın demokratikləşməsi üçün yaranan əlverişli beynəlxalq şərait ilə ölkə daxili şərait təəssüf ki, tərs mütənasib, adekvat deyil. Burada təbii ki, müxalifətin üzərinə böyük vəzifələr düşür. Xüsusən də özünü ana müxalifət adlandıran qüvvələr bu vəzifənin məsuliyyətini də dərk etməlidirlər. Ölkədə yaranmış vəziyyətin məsuliyyətini anlayaraq, zəruri addımlar atmalıdırlar.

Rəsul Quliyevin ölkəyə gələ bilməməsi bütün müxalifətin problemidir

– ACP-nnin seçkidə iştirakı, Rəsul Quliyevin ölkəyə qayıtması istiqamətində hansı addımlar atılır?
– Təəssüf ki, bu məsələ yalnız ACP və Rəsul Quliyevin problemi kimi görünür. Amma halbuki bu ümilikdə cəmiyyətin, siyasi müxalifətin, demokratik qüvvələrin problemidir. Çünki iddialı bir vətəndaşın Azərbaycana dönüb, seçkilərdə iştirak edə bilməməsi o deməkdir ki, bu seçkilər normal keçirilməyəcək. Bu tendensiya ölkədə demokratik şəraitin olmadığını, seçkidə iştirak etmək istəyən şəxslər üçün azad rəqabət imkanı yaradılmadığını göstərir. Biz partiya olaraq əlbəttə ki, beynəlxalq aləmdə, xüsusilə Rəsul Quliyev özü ciddi iş aparır. Rəsul bəy çalışır ki, beynəlxalq təşkilatların bu barədə qətnaməsi olsun. Yəni həm hüquqi, həm də siyasi müstəvidə müəyyən addımlar atırıq ki, onun ölkəyə dönüşü mümkün olsun və o, seçkilərə qatıla bilsin.

– Əgər bu mümkün olmasa ACP-nin seçki ilə bağlı mövqeyi necə olacaq. Partiya sizin namizədliyinizi müdafiə edəcək, yoxsa siyasi müxalifəti təmsil edən başqa bir namizəd dəstəklənəcək?
– ACP-nin seçki ilə bağlı mövqeyi bundan ibarətdir ki,  Azərbaycanın bütövlükdə demokratik qüvvələrinin hazırda əsas vəzifəsi ölkədə demokratik normal şəraitin yaradılmasıdır. Burada həm texniki, həm siyasi məqamlar nəzərə alınmalıdır. Ikincisi biz çalışmalıyıq ki, ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə nail olaq. Düşünürəm ki, ölkədə normal seçki mühiti olarsa, bütün tərəflərə təbliğat üçün bərabər imkanlar yaradılarsa, namizədin müəyyənləşməsi məsələsi yalnız bu halda geniş müzakirəyə çıxarılmalıdır. Indi bu söhbətin müzakirə predmeti olmasını siyasi, taktiki cəhətdən yanlış və müxalifətin birliyi üçün ziyanlı sayırıq.

İlham Əliyev yenidən namizəd olsa seçki təkrarlanacaq

– Mətbuatda hakimiyyətdaxilində də seçkidə iştirakla bağlı müxtəlif yanaşmaların olduğu bildirilir. Burada əsas müzakirə predmeti Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməyəcəyi təqdirdə hakim partiyanın namizədinin kimin olacağı ilə bağlıdır. Belə bir addımın atılması ehtimalı nə dərəcədədir?
-Bu məsələ ilə bağlı müxtəlif tərəflər olduğu kimi həmin tərəflərin də fərqli yanaşmaları var. Hakimiyyət elitasında bu fikir ondan ibarətdir ki, Ilham Əliyevin namizədliyi yenidən irəli sürülsün. Görünən odur ki, Ilham Əliyev də bu mövqeyin tərəfdarıdır. Ola bilsin ki, Azərbaycanda marağı olan hansısa güclər, onların buradakı təmsilçiləri müxtəlif alternativ variantlar barədə düşünə bilərlər. Amma hakimiyyətdaxili əsas qüvvə Ilham Əliyevin namizədliyi üzərində dayanıb.

– Maraqlıdır Ilham Əliyev növbəti dəfə namizədliyini irəli sürməyəcəyi təqdirdə alternativ kimi adları çəkilən şəxslər də ailə daxilindəndir. Bəs böyük siyasi məktəbin təmsilçisi olduqlarını bəyan edən Rusiya variantına üstünlük verəcəkləri halda nəyə görə özlərinə Medvedev tapa bilmirlər?
– Bu Azərbaycan və Rusiyanın siyasi və mədəni inkişaf baxımından fərqliliyi ilə bağlıdır. Azərbaycan uzun müddət Rusiyanın müstəmləkəsi olub. Bu üzdən metropolu olan Rusiya siyasi mədəniyyət baxımından Azərbaycandan irəlidədir. Azərbaycanın hakim siyasi elitasının davranışı feodal dövrünün siyasi etikasına daha uyğundur. Bu Azərbaycan hakimiyyətinin siyasi və mədəni baxımdan Rusiya iqtidarından geri qalması ilə bağlıdır. Hakim ailə iqtidarı öz əlində saxlamağa cəhd göstərir və buna görə də son ana qədər mübarizə aparmaq niyyətindədir.

– Əvvəlki seçkilərdən fərqi olaraq 2013-cü il prezident seçkisi ərəfəsi hakimiyyət eyni zamanda regional dayaqlarından məhrum olub. Artıq Qərbi azərbaycanlıların və Naxçıvanı təmsil edən şəxslərin hakimiyyətə əvvəlkitək dəstək vermədiyi sezilir. Regional problemlərlə yanaşı ümumiyyətlə ölkədə narazılıq, beynəlxalq təpki pik həddədir. Bütün bunlar hakimiyyətə nə vəd edir?
– 2013-cü ildəki proseslərin hansı istiqamətdə inkişaf edəcəyi Cənubi Qafqaz və qonşu regionlarda cərəyan edən hadisələrdən asılı olacaq. Azərbaycanda daxili siyasi situasiyada xarici faktorların təsiri çox böyükdür. Amma ikinci ən mühüm onu nəzərə almaq lazımdır ki, Azərbaycanda 2013-cü il seçkiləri hansı şəraitdə keçiriləcək. Seçkilər azad və ədalətli olacaq, yoxsa əvvəlki ssenari üzrə keçiriləcək. Əgər seçkilər ənənəyə sadiq qalaraq keçiriləcəksə sadaladığınız faktorlar işləməyəcək. Ölkədə əksinə hər ötən seçki hakimiyyətin nəticələri saxtalaşdırma əmsalı yüksəlir.

Rusiyanın keçirəcəyi iki təlim Qərbə mesajdır

– Həm Azərbaycanda, həm də Ermənistanda qarşıdan seçkilər gəlir. Rusiya hər iki dövlətin nəzarətindən çıxıb, Qərbin təsirinə düşməməsi üçün yenidən onlar arasında müharibəni alovlandıra biləcəyi vurğulanmaqdadır? Hadisələrin belə inkişaf istiqaməti nə dərəcədə realdır?
– Maraqlı məqamdır. Doğurdan da regionda böyük müharibəyə hazırlıq gedir. Bütün maraqlı tərəflər qonşu ölkələr potensial müharibəyə hazırlaşırlar. Rusiya da həm Iran ətrafında gedən proseslərdə ciddi maraqlıdır və Irana müdaxilə olacağı halda hansı siyasi, hərbi, iqtisadi addımları atacağını müəyyənləşdirib. Rusiyanın niyyətlərini bu günlərdə Cənub istiqamətində keçirəcəyi iki hərbi təlim də sübut edir. Bu tədbirlərdən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində “qarşılıqlı əlaqə 2012″, digəri isə Rusiya silahlı qüvvələrinin Cənub istiqamətində keçirəcəyi əməliyyatdır. Bu əməliyyatlardan biri taktiki xarakter daşıyırsa, digəri strateji əhəmiyyətlidir. Onlar heç gizlətmirlər ki, bu təlimlərdə nələr məşq olunacaq. Təlimlərin ssenariləri Irana hərbi müdaxilə, konfliktin Xəzərə yayılması, eyni zamanda Cənubi və Şimali Qafqazın hərbi münaqişəyə qoşulacağı təqdirdə Rusiyanın hansı addımları atacağını əks etdirir. Bütün bunların fonunda Rusiya silahlı qüvvələri Azərbaycan-Ermənistan münaqişəsinin hərbi fazaya keçmə ehtimalı zamanı hansı reaksiyanı verəcəyini də indidən bu təlimlər vasitəsilə bəlli edirlər.

Xəyal