Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın türk tələbələrinin təhsil haqqından azad edilməsilə bağlı qəti mövqeyi Azərbaycanda da pulsuz ali təhsil məsələsini gündəmə gətirdi. Əlbəttə ki, məntiqi sualdır: gündən-günə çiçəklənən, qlobal iqtisadi böhrandan uğurla adlayan, Avropanı iqtisadi baxımdan bala-bala geridə qoyan Azərbaycanda təhsil haqları niyə ləğv olunmamalıdır?
Ictimaiyyət bu məsələni müzakirəyə çıxaran kimi ölkə rəsmiləri, Tağı Əhmədovun sözü olmasın, “burcutmağa” başladı. Birisi durub dedi ki, Türkiyədə təhsil haqları ləğv olunmayıb, mətbuat yanlış anlayıb, tələbələr “dövlətə ödədiyi cüzi rüsumdan” azad ediliblər.
Bu açıqlama təbii ki, Türkiyənin “pulsuz ali təhsilə” keçmədiyinə bizi inandırmağa, Ərdoğanın addımına verilən ictimai reaksiyanı səngitməyə köklənib.
Əvvəla, Ərdoğan bu məsələni şifahi olaraq gündəmə gətirib, layihə isə hazırlanır və yaxınlarda təsdiqlənəcək. Hələ təsdiqlənməyən layihə barədə “Türkiyədə təhsil haqları ləğv olunmayıb” kimi absurd iddianı irəli sürmək bunların hardan ağlına gəldi? Halbuki, Türkiyə mediası rəsmi mənbələrə istinadən tələbələrin təhsil haqqından azad ediləcəyini yazır.
Ikincisi, hətta “dövlətə ödənən rüsumun ləğvi” məsələsi olsa belə, söhbət Türkiyədə 1 milyon 524 min 300 nəfərə şamil olunan “böyük rəqəmdən”, başqa sözlə, təhsil haqqının azalmasından gedirsə, Azərbaycan niyə analoji addım atmamalıdır? Niyə ötən 2011-2012-ci tədris ili üçün ali məktəblərdə təhsil haqları qaldırılmalı idi? Həm də faizlə yox, dəfə ilə: 3-7 dəfə! Ötən ildən bu günə qədər guya ölkədə orta aylıq əməkhaqqının 10 faiz civarında qalxdığını bəyan edən Azərbaycan hakimiyyəti təhsil haqlarının 3-7 dəfə qalxmasını hansı iqtisadi məntiqlə əsaslandıra bilər?
Bu sualların açıq qaldığı bir məqamda Milli Məclisin Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev “Azərbaycan universitetlərində təhsil haqqının ləğvi barədə danışmaq yersizdir” bəyanatıyla baltanı kökündən vurdu, Əliyevlər hakimiyyətinin mahiyyətini büsbütün açıb ortaya qoydu.
Təhsil haqlarını niyə ləğv etmək olmazmış, hansı səbəblər varmış?
Ş.Hacıyevə görə, tələbələrin təhsil haqları “çox böyük rəqəmdir, onun ləğvi üçün həmin rəqəmin ödənilməsini dövlət öz üzərinə götürməlidir; dövlətdə isə bu vəsait yoxdur”.
Ötən yazılarımızın birində təxmini və kobud bir rəqəm hesablamağa çalışmışdıq, indi bir daha gözəyarı rəqəm çıxaraq: TQDK-nın məlumatına görə, bu il ali təhsil müəssisələrində plan yeri 34 mindir (yuvarlaq götürürük) ki, bunun 11 mini dövlət sifarişli yerlərdir – yəni, pulsuzdur. Qəbul planının tam dolmadığını və 1600 vakant yer qaldığını nəzərə alsaq, deməli, pullu təhsil alanların ümumi sayını 21 minlə əhatələyə bilərik. 4 təhsil ili müddətində bu rəqəm 84 min edir.
Azərbaycanda hər bir tələbə ildə 900-4500 manat arası təhsil haqqı ödəyir; ancaq 3 mindən yuxarı olan ödənişlər bu payda xüsusi çəkiyə malik olmadığından, mütəxəssislər bir tələbənin il ərzində təhsil haqqını ortalama 2 min civarında götürməyin tərəfdarıdır.
Beləliklə, bütün təhsil ocaqlarında (və 4 il ərzində) təhsil haqlarının ləğvi üçün Azərbaycanın dövlət büdcəsindən təxminən 170 milyon xərcləmək kifayətdir.
Şəmsəddin Hacıyevin sözlərinə görə, bu “yekə rəqəm” büdcəmizdə yoxdur. Niyə? Qusardakı Yay-Qış sürüşmə kompleksi üçün süni qar yağdırılmasına 6 milyard, ildə 15 dəfə “üzlükləri dəyişib, yenidən təmir olunmasına” və sonra da “sökülüb, yerində təzə, Bakımıza layiq yaraşıqlı binalar” tikilməsinə” milyardlar ayırmaq üçün dövlət büdcəsində vəsait tapılır, ancaq gənclərin pulsuz təhsil alması məsələsi gələndə Azərbaycan gücsüz, zəif, iqtisadi baxımdan çökmüş ölkəyə çevrilir? Məmurlar “cütdırnaqlı” eşşəyə, “dörddırnaqlı” ata, sala oturdulan “dövlət katerinə”, Dubayda villalar almağa, cinsiyyətindən Allahın da baş çıxarmadığı “rəngbərəng müğənniləri” konsertə çağırmağa, toylarında oxutmağa milyonlar tapa bilirlər, ancaq ölkənin gələcəyi naminə bu millətin sərvətindən bu millətin övladlarına xərcləməyə pul tapmırlar?..

Pulsuz təhsil gündəmə gələn kimi Azərbaycan müflisləşdi
•