Ziya Məmmədovun ortaqları cəzalandırıldı

Akif və Qulam adlı şəxslərə məxsus “AQ Inşaatçı Servis”in əhalidən aldığı 3 milyon manat sahiblərinə qaytarıldı

Baş Prokurorluq vətəndaşların pulunu mənimsəyən tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Əliyev Şakir Yusifəli oğlu “AQ Inşaatçı Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə aldatma və etibardan sui-istifadə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2010-2011-ci illərdə cəmiyyətin Nəsimi rayonunda inşa etdiyi 21 mərtəbəli binadan mənzil almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərlə mənzilin dəyəri barədə razılaşaraq binadakı mənzillərin satışına dair vətəndaşlarla müqavilələr bağlayıb. Mənzillərin dəyərini vətəndaşlardan tam şəkildə aldıqdan sonra qeyd olunan şəxslərə ciddi uçot sənədi olmayan kassa mədaxil orderləri və mənzilə görə heç bir borclarının olmaması barədə maliyyə arayışları verərək külli miqdarda özgə əmlakını ələ keçirməklə dələduzluq edib.
Bundan başqa, Bakı şəhər sakini Rəşid Qəhrəmanov Ş.Əliyevlə əlbir olaraq həmin binada yerləşən satılmış mənzili digər vətəndaşa təkrar satmaqla onun külli miqdarda əmlakını ələ keçirərək dələduzluq edib. Ümumilikdə vətəndaşlara vurulmuş 3 milyon 52 min 625 manat məbləğində maddi ziyanın istintaq zamanı tam ödətdirilməsi təmin edilib(APA).
Şakir Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində, Rəşid Qəhrəmanova isə həmin məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittihamlar elan edilib.Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Azadlıq” olaraq onu da bildirək ki, biznes dairələrində sözügedən binanın nəqliyyat naziri Ziya Məmmədovun ortaqlarına məxsus olduğu bildirilir. Bu binanın gerçək sahibləri Akif və Qulam adlı şəxslərdir. Şirkətin adındakı A və Q hərfləri də onların adlarının baş hərfləridir. Akif və Qulam bu gün də Ziya Məmmədovun yaxın şəxslər sayılırlar.
Informasiya şöbəsi