Nigar Yaqubludan heyrət xahişi

Onu həbs etdilər. Həbsin psixoloji təhlili belə deməyə əsas verir ki, artıq hakimiyyət nümayəndələri özlərini amanda hesab eləyirlər. Artıq rahat nəfəs alırlar. Taxt-tac üçün bütün təhlükələr aradan qaldırılıb. O, həbs edilibsə, deməli, daha bu rejimə zaval yoxdu. Istəsələr yüz il, istəsələr min il hakimiyyətdə qala bilərlər. Bundan belə ölkəni daha şövqlə, daha güclü ehtirasla talaya, korrupsiyanı daha da çiçəkləndirə bilərlər. Məhkəmələr öz ədalətsiz qərarlarını daha rahat çıxara biləcəklər. Dövlət yol polisləri bundan sonra heç bir xüsusi əziyyət çəkmədən sürücülərdən rüşvət ala biləcək. Kimin evini, malını, mülkünü istəsələr, çox rahatlıqla əlindən alacaq, heç maneə olmadan adamları küçələrə ata biləcəklər. Nə isə, nə qədər murdar şey varsa, daha da rahat nəfəs almaqda davam edəcək. Çünki…
Çünki gənc fəal Nigar Yaqublu həbs edilib. Bu qədər cahil təfəkkür olarmı? Niyə olmur. Var ki, qızı həbs eləyiblər də. Özü də bir gün ac-susuz saxlayaraq. Adlı-sanlı vəkillər bu məsələyə hüquqi qiymət veriblər deyə, oralara baş vurmuram. Bunlar hər dəfə daha rəzil bir addım atmaqla sanki vətəndaşın heyrət hissini öldürmək istəyirlər. Yəni o qədər inanılmaz əməllər görürsən, bu inanılmaz əməllərə o qədər heyrətlənirsən ki, daha bundan o yana murdarlıq mümkün deyil, ondan sonra ən inanılmaz və ən iyrənc əmələ də immunitetin yaranır və daha heç nəyə heyrətlənə bilmirsən. Eləcə, sinirləri öldürülmüş psixi xəstə kimi donuq-donuq baxmağın qalır. Fikirləşirəm ki, bəlkə gerçəkdən bunların bənzər əməlləri bu psixi donuqluğa, keyliyə hesablanıb?
Çox vaxt belə addımları qisas kimi dəyərləndirirdim. Yəni küsəyən və kinli bir uşağın kini kimi. Yəni “sən məni çox istəmirsən, mən də qartopunun içinə daş yerləşdirib sənin başına vururam” kimi. Indi bir anlıq xəyalınıza gətirin ki, hakimiyyət rəhbərləri ilə qartopu oynayırsız. Bəri başdan deyirəm, dəbilqə geyməyi unutmayın!
Hə, sən demə, bu ölkədə qeyri-səmimilik, yəni yalan danışmaq cinayət imiş. DIN-nin mətbuat xidmətinin yaydığı ilk açıqlamada deyilirdi: “Ilkin araşdırma zamanı Nigar Yaqublu qeyri-səmimilik göstərərək avtomobilin mərhum Aydın Acalov tərəfindən idarə edildiyini bildirib”. Lakin ikinci açıqlamada deyilir ki: “Nigar Yaqublu Abşeron Rayon Məhkəməsində nəqliyyat vasitəsini özünün idarə etdiyini səmimi etiraf etməklə yanaşı, sürücülük vəsiqəsinin olmamasını və Aydın Acalovun ona avtomobil sürməyi öyrətdiyini bildirib”. Deyə bilərlər ki, Nigar sonradan səmimi olub. Yaxşı, sən bunu birinci dəfə qeyri-səmimiliyə görə həbs elədin, onda ikinci dəfə səmimi etirafına görə barı zaminə burax. Yox e, yalan danışmaq olmaz. Bir müxalifətçinin qeyri-səmimi olması cinayətdi, vəssalam! Bu hakimiyyət nə qədər istəsə yalan danışa bilər – iş yerləri, analoqsuz inkişaf, müxalifətçilərin üzünə durquzdurduqları yalançı şahidlər və s. Kəsəsi, həqiqətdən başqa hər şey. Onda gərək Azərbaycan hakimiyyətində bir adam azad qalmayaydı, hamısını yuxarıdan aşağıya kimi bir-bir həbs edəydilər. Olmaz. Çünki onlar hakimiyyətdi, müxalifət deyil. Hə, Nigarın sürücülük vəsiqəsi də yoxmuş. Bu da cinayətdi. Gərək qiyməti 1200 manatdan 1500-ə qədər olan vəsiqə alaydı ki, indi cəzası yüngül olaydı.
…Əziz Nigar! Əziz müəllimə! Sənin necə iradəli olduğunu yaxşı bilirəm. Bilirəm ki, bundan da qatısına dözə bilərsən. Səndən sadəcə bir xahişim var – heyrətini itirmə. Bacardığın qədər heyrətlən bu hakimiyyətin əməllərinə. Yalan sözdü ki, deyirlər: insan son ümidini itirəndə ölür, yalan sözdü. Insan heyrətini itirəndə ölür, heyrətini. Mən Ilham Əliyevdən yox, “filan şeyə heç təəccüblənmirəm” deyənlərdən qorxuram. Sən heyrətlənməkdə davam elə. Bax, mən də heyrət içindəyəm. Birlikdə heyrətlənək.