Vəfa Quluzadə: «Amerikanın Yaxın Şərqdə apardığı siyasət kimlərisə bərk qəzəbləndirib»
Müsəlman dünyasında ciddi etiraza səbəb olan “Müsəlmanların məsumiyyəti” filminin yaratdığı qalmaqal böyüməkdədir. Filmin nümayişindən sonra bir çox ərəb ölkələrində ABŞ səfirliyinin hədəfə alınması, Liviyada isə səfirin öldürülməsi filmin təsadüfən ortaya çıxmadığını göstərir. Eyni zamanda filmlə bağlı bir sıra məqamların ortalığa çıxması, o cümlədən filmin rejissorunun kimliyi ilə bağlı yaranan müamma, aktyorların anti-islam ifadələrinin dublyaj zamanı əlavə edildiyini bildirməsi də baş verənlərin təxribat olduğunu deməyə əsas verir. Təxribatın arxasında dayana biləcək qüvvələr arasında ABŞ-ın düşmənləri ilə yanaşı onunla dost İsrailin də dayana biləcəyi ilə bağlı fikirlər səslənir.
Əslində isə ABŞ-ın hədəfə alındığı bu təxribat hansı qüvvələr tərəfindən hazırlana bilərdi və Vaşinqtonun buna cavabı necə olacaq?
Politoloq Vəfa Quluzadə ABŞ-ın əleyhinə hazırlanmış təxribatın arxasında dayanların müəyyənləşdirməyin çətin olduğunu deyir. Çünki bir qayda olaraq təxribat törədənlər uzaqda olduğundan onların tanımaq olmur: «Məsələn, kəşfiyyatlarda belə adət var. Terrorçunu silahlandırırlar, təlimatlandırırlar, pul verirlər və deyirlər ki, Usama Bin Ladenin adından terror aktı törədəcəksən. O da Usama Bin Ladeni sevir, gedib o terror aktını törədir. Sonra məlum olur ki, onun arxasında dayanan Bin Ladenin düşməni olan ölkədir. Heç vaxtı sifarişçi üzdə olmur. Üzdə olan yalnız icraçıdır. İcraçı da sifarişçini tanımır. Çünki aralarında zəncirlər olur». ABŞ-ın ərəb aləmi ilə əlaqələri gücləndirdiyini deyən ekspert təxribatın arxasında dayanlarla bağlı yalnız ehtimalların irəli sürüldüyünü qeyd etdi: «Amerika ərəb aləmi üçün əlindən gələni edir. Liviya üçün də çox iş görüb. Həmin Benqazidə üsyana qalxanların arxasında Amerika dayanıb. Amma bu təxribatın arxasında hansı ölkənin kəşfiyyatının dayandığını demək çətindir. Bunu yalnız ehtimal etmək olar. İranı sevməyənlər deyə bilər ki, İranın işidi. Rusiyanı sevməyənlər deyər Rusiyanın işidi».
Ekspertin fikrincə, Amerikanın Yaxın Şərqdə apardığı siyasət kimlərisə bərk qəzəbləndirib. Ona görə də 11 sentyabrda güya belə bir qisas hazırlayıblar: «Adi adamlar heç vaxt bü cür terror aktını həyata keçirə bilməzlər. Amerika dünyanın bir nömrəli dövlətdir və hər yerdə çox güclü siyasət aparır. Ona görə belə şeylər olur».
Ekspert ABŞ-ın din məsələsini nəzarətə götürməli olduğunu da vurğuladı: «Konqresdən qanun keçirməlidir ki, dinlərə sataşan adam böyük cəza alacaq. Təxribatçılar dindən istifadə edib belə şeylər etməsinlər. Rusiya kanallarının birində Kozırev adlı aparıcı müharibələr haqqında danışırdı. Deyir ki, mən istərdim dinlər olmasın. O dinlər olmayanda filankəslər filankəsləri, müsəlmanlar da yahudiləri öldürməyəcək. Kozırev böyük səhv edib. Yahudiləri öldürən xristianlar olub. Xristian Hitler öldürüb, xristian çar Rusiyası daima yahudiləri qırıb. Antisemitizm xristian aləmində yaranıb. Müsəlman aləmində antisemitizm yoxdu. Nə vaxt müsəlmanlar yahudiləri qırıb?»
ABŞ-ın baş verən təxribata cavabına gəldikdə, V.Quluzadə artıq belə bir cavabın verdiyini bildirdi. Belə ki, ABŞ bu cinayəti törədənləri tapıb onların cəzalandırmağı söz verib. Həmçinin dövlət katibi Hillari Klinton deyir ki, insanlar dinləri təhqir olunanda sülh yolu ilə etirazlarını bildirə bilər. Misirin prezidenti Məhəmməd Mursi də deyib ki, insanlar dinc yolla öz protestini bildirə bilər. Ancaq terrora əl atmağa imkan verməyəcəyik: «Terrorçu terrorçudu, cinayətkar cinayətkardı. Onların heç bir dinə dəxli yoxdu. Bu cür terrorlar Amerikaya zərrə qədər də xələl gətirə bilməyəcək. Amma Amerikaya nifrət edənlər bir dəfə sevinə biləcək. Bundan artıq olmayacaq».
Fizzə