Zərərçəkənin oğlu Nigar Yaqubludan şikayətçi olmadıqlarını bildirdi
Müsavat fəalı Nigar Yaqublu barəsində çıxarılmış 2 aylıq həbs qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib. Şikayəti məhkəməyə vəkil Nemət Kərimli təqdim edib. N.Yaqublunun müdafiəsini N.Kərimli ilə yanaşı vəkillər Osman Kazımov, Aslan Ismayılov və Adil Ismayılov həyata keçirir.
Bir neçə tanınmış vəkil də N.Yaqublunun müdafiəsinə qoşulmağa hazır olduğunu bildirib.
N.Yaqublunun həbsinə səbəb olmuş yol qəzasında həlak olan Aydın Acalovun oğlu Rəşad Acalov Baş Dövlət Yol Polisi Idarəsinin istintaq və təhqiqat şöbəsinə rəsmi ərizə ilə müraciət edərək atasının ölümü ilə bağlı heç kəsdən şikayətçi olmadığını bildirib. R.Acalovun istintaqa təqdim etdiyi ərizədə deyilir: “Bildirirəm ki, 25 avqust 2012-ci il tarixdə atam Acalov Aydın Rəşid oğlu yol qəzasında vəfat etmişdir. Mənim sürücü Yaqublu Nigar Tofiq qızına qarşı heç bir şikayətim və ya iddiam yoxdur. Bu işi xətm etməyinizi xahiş edirəm”.
Son sözü məhkəmə deyəcək…
N.Yaqublunun atası – Müsavat başqanının müavini Tofiq Yaqublu bildirib ki, qəza zamanı qızının nə dərəcədə təqsirli olduğu istintaq zamanı üzə çıxacaq və son sözü məhkəmə deyəcək. Bununla belə, T.Yaqublu qızının barəsində həbs-qətimkan tədbiri seçilməsindən narazıdır və bunu həm qanunlara, həm milli dəyərlərə zidd sayır: “Çünki bənzər hadisələrin demək olar ki, heç birində qadınlara qarşı bu cür sərt cəza seçilməyib. Presedentlər də var. Bu, cinayət deyil. Qızım və qohumum qəzaya uğrayıb, biri vəfat edib, biri yaralanıb. Buna görə onu həbs etmək yersizdir. Həbs etməyə bilərdilər. Zatən, bu cür xətalara görə cinayət məcəlləsində elə bir sərt cəza da nəzərdə tutulmayıb”.
Isa Qəmbər: “Heç kim qırmızı xətti keçməməlidir”
Müsavat başqanı Isa Qəmbər “Media forum”a açıqlamasında məsələ ilə bağlı hələlik geniş danışmaq istəmədiyini bildirib: “Ancaq siyasi rəqabətdə yazılı qanunlarla yanaşı, yazılmamış qaydalar da var. Onlardan biri də qırmızı xəttin keçilməməsidir. Rəqabət, qarşıdurma çox sərt ola bilər, amma övladlarımız, qızlarımız, gəlinlərimizlə bağlı mövzularda heç kim bu qırmızı xətti keçməməlidir. Bu sahədə qırmızı xətti keçmək çox pis nümunə ola bilər. Mən siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün gənclərinə öz övladım kimi baxıram. Istərdim ki, hamı belə baxsın”.
“Hesab edirəm ki, Nigar Yaqublunun istintaq prosesi zamanı həbsdə saxlanılmasına zərurət yoxdur”. Bunu, “Qafqazinfo”ya açıqlamasında Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı Apelyasiya Məhkəməsinin bu məqamı nəzərə alacağına ümid etdiyini deyib.
Mühacirlərdən Nigar Yaqublu bəyanatı
Avropada yaşayan bir qrup azərbaycanlı mühacir N.Yaqublunun həbsini bəyanatla pisləyib. Bəyanat müəllifləri bildiriblər ki, N.Yaqublu barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilməsini üzüntü ilə qarşılayıblar: “Bu, humanizm prinsiplərinə zidd qərar olmaqla bərabər, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirəcək hərəkətdir. Hamıya aydındır ki, bu qərar çıxarılarkən Nigar Yaqublunun özünün və valideynlərinin siyasi mənsubiyyəti əsas götürülüb. Avropada yaşayan siyasi mühacirlər olaraq inanırıq ki, ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları qanunçuluğu, ictimai rəyi, Nigar Yaqublunun gəncliyini nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin yanlış qərarının dəyişdirilməsi, gənc fəalın dərhal azadlığa buraxılması yönündə təxirəsalınmaz tədbirlər görəcək”(“Mediaforum”). Bəyanatı Eldəniz Yusibov, Fikrət Hüseynli, Ilham Həsən, Yusif Abulov, Ədalət Quliyev, Teymur Eminbəyli, Hacı Hacılı, Sarvan Rizvanov, Isa Sadıqov və başqaları imzalayıb.
Siyasi Azadlıqları Müdafiə Alyansı da N.Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanat müəllifi N.Yaqublunun barəsində həbs-qətimkan tədbirinin seçilməsindən narahat olduğunu və bu həbsin siyasi motivli olduğunu bildirib. SAMA ümid edir ki, Azərbaycan hakimiyyəti N.Yaqubluya qarşı çıxarılmış ədalətsiz qərarın ləğvinə çalışacaq.
YAP-çı deputatdan da reaksiya gəldi
N.Yaqublunun həbsinə YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadədən də reaksiya gəlib. A.Mirzəzadə bildirib ki, məsələ hüquqi müstəvidə həll olunmalı, hüquqi normaların yerinə yetirilməsi şübhə altına alınmamalıdır: “Eyni zamanda, bu gün bütün mümkün hüquqi mexanizmlər nəzərə alınmaqla onun azadlıqda olması məsələsi nəzərdən keçirilməlidir. Ancaq bu, xanım Yaqublunun istintaqdan yayınmasına, onun azadlığa çıxması məsələsinə siyasi don geyindirilməsinə gətirib çıxarmamalıdır. Çünki bu, siyasi motivli iş deyil. Hüquqi və demokratik dövlətdə heç bir halda hüquqi məsələlərin siyasi məsələlərlə qarışdırılmasına yol verilməməlidir. Təəssüf edirəm ki, son günlər biz bunu müşahidə edirik. Bir deputat kimi, bir insan kimi mən də hesab edirəm ki, gənc azərbaycanlı xanımın bu gün azadlıqda olmasının hüquqi yolları axtarılmalıdır”.
N.Yaqublu sentyabrın 11-də həbs edilib. Həbs müsavatçı A.Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-i Bakıda baş verib. A.Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Sentyabrın 11-də Daxili Işlər Nazirliyi A.Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini açıqlayıb.