Zivər bəy Əhmədbəyov
Bakının qədim memarlıq abidələri dünyanın çox şəhərləri ilə bəhsə girə bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət nümunələri əsas etibarı ilə ecazkar şərq elementləri əsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən yararlanaraq meydana gəlib. Belə gözəl əsərlərdən bir neçəsinin müəllifi də dövrünün görkəmli ziyalılarından sayılan Zivər bəy Əhmədbəyov olub. Onun yaratdığı bənzərsiz memarlıq abidələri mədəni irsimizə əvəzsiz töhfələr bəxş edib. Zivər bəy ilk ali təhsilli azərbaycanlı memardır.
Zivər bəy Əhmədbəyov Şamaxıda Cümə məscidi, Bakıda Təzə Pir məscidi, Əmircanda Murtuza Muxtarovun tikdirdiyi məscidin, Bakıda necə-necə yaşayış evinin memarı olub.
Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində qulluqçu ailəsində doğulub. Onun atası Şamaxıda quberniya idarəsində kiçik məmur vəzifəsində işləyib. Atası ilk əvvəl Zivər bəyi molla məktəbinə qoymuş, lakin bir il keçdikdən sonra Bakıya gimnaziyaya oxumağa göndərmişdir. Zivər bəy gimnaziyanın istedadlı, bacarıqlı tələbələrindən biri kimi tanınır və 1893-cü ildə o, əlaçı tələbə kimi Sankt-Peterburq Mülki Mühəndislər Institutuna göndəriş alır. Bu məktəb həmin dövrün zəngin uşaqlarının oxuduğu təhsil ocağı hesab olunurdu.
Zivər burada da fəal, bacarıqlı tələbə kimi ad çıxarır və Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər Ittifaqına üzv seçilir. Onun sorağı Azərbaycana gəlib çatır. Hələ tələbə ikən o, Sankt-Peterburqda Həsən bəy Zərdabi və Ismayıl bəy Qasprinski ilə görüşür. Bu görüş onun həyatında dərin iz buraxır. Həsən bəy onun dərin zəkalı, açıq fikirli bir gənc olduğunu vurğulayır. Işinə böyük dəyər verir. Fəaliyyətini Bakıda davam etdirməyi məsləhət görür.
Bu barədə Zivər bəy Əhmədbəyovun Həsən bəyə yazdığı bir məktubda oxuyuruq: “Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə vermiş olduğunuz töhfəni əsla unutmayacağam. Inanıram ki, ən qısa zamanda görüşəcəyik”.
Qərbi Avropa və Şərq memarlıq ənənələri bir arada
Zivər bəy ali təhsilini başa vurduqdan sonra təyinatla Bakıya gəlir. Qubernatorun qəbulunda olur. Şəhərdə yenicə başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin vaxt Bakı sənaye şəhəri kimi inkişaf yolunda idi. Zivər bəyin işlərində Qərbi Avropa üslubuna meylli olması diqqət çəkir. Tikilən binaların xüsusi naxışları və ornamentləri qubernatoru belə təəccübləndirir. Beləliklə, o, az vaxt ərzində Bakı qubernatorunun və elitar təbəqənin şəxsi malikanələrinin memarı kimi tanınır.
Nabat Aşurbəyova Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzəpir məscidinin tikilməsində o, ilk diplomu azərbaycanlı memar kimi Sankt-Peterburq Mülki Inşaat Mühəndisliyi Institutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur. Nabat xanım Zivər bəyə xeyli vəsait verərək, onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə ezam etmişdir.
Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim edir. Lakin, Bakı qubernator idarəsi pravoslav ruhanilərinin fitvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verdi. Əgər məscidin minarəsi iki mərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş Aleksandr Nevski pravoslav kilsəsini kölgədə qoyardı.
Onun layihəsi ilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır. Nadir memarlıq abidəsi kimi tanınan Əjdər bəy məscidi belə tikililərdən biridir.
Dövrünün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyov Bakıda daha bir ibadət məkanı tikmək fikrinə düşür. Xeyli vaxt məqsədəuyğun yer axtarılır. Nəhayət ki, o zaman Qanlı təpə adlanan ərazini bəyənir və məscidin orada inşa edilməsini istəyir. Tanınmış memar, Təzəpir məscidi və digər nadir memarlıq abidələrində iz qoyan Zivər bəy Əhmədbəyova yeni məscidin layihəsini sifariş verir. Istedadlı memar bu sifarişə də yaradıcı yanaşır. Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bir layihə hazırlayır. Əjdər bəy zövqlü insan olduğundan bu maraqlı layihəni bəyənir və tikintiyə başlamaq barədə tapşırıq verir. “Kaspi” qəzetində dərc edilən bir məlumata görə, məscidin təməli 1912-ci ilin martında qoyulur, 1913-cü ilin dekabrında möminlərin ixtiyarına verilir.
AXC dövründə Bakının baş memarı
Zivər bəy Əhmədbəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ildən Bakı şəhərinin baş memarı vəzifəsində çalışıb. Həmin vəzifəni sovet hakimiyyəti illərində də ömrünün sonuna qədər icra edib.
Zivər bəy Əhmədbəyov iyirmi altı yaşında ikən Zərifə xanım adlı tatar əsilli bir bəy qızı ilə ailə həyatı qurub. Zərifə xanımdan bir qızı, bir oğlu olub. Oğlu Cəlil Almaniyada tibb təhsili alıb. Onun sonrakı taleyi haqqında da heç bir məlumat yoxdur. Qızı Nailə xanım qızlar gimnaziyasını bitirib, Bakı kəndlərinin birində müəlliməlik edir. Cavanşirlər nəslindən (Qarabağ xanları) olan bir bəylə ailə həyatı qurur.
Z. Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası da onun layihəsi əsasında tikilib.
1917-ci ildə Z.Əhmədbəyov “Islam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaratmışdır.
1908-22-ci illərdə Əmircanda və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.
Əmircanda tikdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi YUNESKO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
26 may 2011-ci ildə Bakıda “Nizami” metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Z.Əhmədbəyovun heykəlinin məhz “Nizami” metrostansiyasının qarşısında ucaldılması təsadüfi deyil. Metronun sol tərəfində memarlıq üslubunda tikilən binanın müəllifi Z.Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də Z.Əhmədbəyovun adını daşıyır.
Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir