Elçibəyin həkimi sərt danışdı

“Doğrudan da əlində sənəd varsa, mən Hafiz Hacıyevi də, özümü də Azadlıq meydanında yandıraram”

Hakimiyyətin “zəhərlənmə şousu” iflasa uğrasa da, YAP iqtidarı məsələni gündəmdə saxlamağa çalışır. Lakin şounun əsas aktyoru Hafiz Hacıyev danışdıqca iqtidar daha gülünc vəziyyətə düşür.
O, sonuncu dəfə bir neçə media orqanına müsahibəsində iddia edib ki, Türkiyədə Elçibəyin həkimləri ilə görüşüb və onlardan eks-prezidentin zəhərlənməsini təsdiq edən sənədlər alıb. Bundan başqa o, “Yeni Azərbaycan” qəzetinə müsahibəsində deyib ki, indi Xanım Xəlilova və baş nazirin keçmiş müavini Kamil Vəli Nərimanoğlu Türkiyədə Elçibəyi müalicə edən həkimlərlə görüşüb onları zəhərlənmə faktını təsdiq edən sənədləri Azərbaycana verməməyə razı salmağa çalışırlar.
Hafiz Hacıyevin bu iddiası ilə bağlı Ankara Dövlət Xəstəxanasının baş direktoru Mühittin Çətin “Yeni Müsavat”a bildirib ki, deyilənlər uydurmadır: “Hafiz Hacıyev deyilən şəxs Azərbaycan mediasına bizimlə bağlı uydurma fikirlər deyib. O kimdir ki, Ankara Dövlət Xəstəxanası Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin xəstəliyi haqqında sənədləri ona təqdim etsin? Doğrudan da əlində sənəd varsa, mən Hafiz Hacıyevi də, özümü də Azadlıq meydanında yandıraram”.
Eks-prezidenti Gülhanə Hərbi Tibb Akademiyasında müalicə edən Cankom Germiyanoğlu da “Yeni Müsavat”a eks-prezidentin müalicə tarixçəsinin heç kimə verilmədiyini deyib. Tibb akademiyasından onu da bildiriblər ki, Azərbaycan istintaq orqanları bu sənədi Türkiyədən istəsə, onların təqdim edilməsi ilə bağlı heç bir problem yoxdur.
Xanım Xəlilova Hafiz Hacıyevin iddialarına belə cavab verib: “Türkiyə bazar yox, hüquq dövlətidir. Hafiz buranı heç yerlə dəyişik salmasın. Hafiz Hacıyevin dediklərinin qondarma iddia olduğunu elə ilk gündən Elçibəyin həkimləri təsdiq edib. Istintaqa gerçəkləri üzə çıxarmaq gərəkdirsə, rəsmən sənədləri Türkiyə tərəfdən istəyə bilər”.
Professor Kamil Vəli Nərimanoğlu isə bildirib ki, Hafiz Hacıyevin quraşdırmaq istədiyi bu komediya sadəcə gülüş doğurur. O, bildirib ki, Hafiz Hacıyev bu iddialarını davam etdirəcəyi təqdirdə onu məhkəməyə verəcək. Professor daha sonra deyib: “Hafiz Hacıyevin iftiralarını və uydurmalarını yayan qəzetlərə də, belə bir adamın çıxardığı məzhəkəyə görə cinayət işi açan istintaq orqanlarına da yazığım gəlir. Bir ana gərəkdir ki, oturub Azərbaycanın dərdinə ağlasın. Bu cür psevdoproblemlərlə insanların başını qatmağa ad tapmaq çətindir”.