Əllini aşandan sonra rayon səfərləri adətən yasla bağlı olur. Fikir vermisinizsə, son illər yas toyları üstələyib. Həm də ölüm xeyli cavanlaşıb. Bunun müxtəlif səbəbləri var, ancaq ən başlıcası əhalinin ağır durumudur. Ölümün cavanlaşmasındasa, YAP hakimiyyətinin “xidməti” danılmazdır. Ölkə səhiyyəsi bərbad durumda, əhali isə bir tikə çörəyin əsiri, bu halda sağlamlıq qayğısına qalmaqdan danışmaq çətindir.
Yas yerinə baş çəkib şəhərə qayıtmalıydım (yeri gəlmişkən, yasına getdiyimiz adam əməliyyatdan sonra dünyasını dəyişmişdi). Ancaq taksi dayanacağına getmək ürəyimdən deyildi. Sırtıq sürücülərlə qarşılaşmaq heç xoş deyil. “Bakıya bir nəfər” deyib hay salan sürücünün həmin bir nəfəri tapandan sonra daha üçünün axtarışına çıxmasına dözə bilmirəm. Buna görə taksi dayanacağına elə saymazyana yanaşdım ki, kimsə yola çıxmaq istəyimi duymasın. Göz qoydum və artıq həqiqətən bir nəfərə ehtiyacı olan taksini görüb özüm ona yaxınlaşdım. Bir cavan oğlan və təxminən mən yaşda iki nəfər yerlərimizi tutduq. Maşında başlayan ənənəvi söhbətdən bəlli oldu ki, heç bu sürücü də o şəkildə adam toplamağı xoşlamırmış. Həm də bunu sanki ürəyimi oxuyurmuş kimi heç bir sorğu-sual olmadan dedi.
Söhbətə qabaq oturacaqda özünə yer eləmiş sərnişin başladı. Kəşfiyyat xarakterli söhbət idi. Taksi sürücüsünün bu fəaliyyətlə nə müddətdir məşğul olduğunu, eyni zamanda köhnə taksi sürücülərinin adlarını sadaladı. Beləliklə, sürücüylə söhbətə körpü saldı. “Söhbət yolun nərdivanıdır” – bunu bir şamaxılı “RAF” sürücüsü deyib. Beləliklə, söhbətə girişən qabaq oturacaqdakı kişi dərhal öz dərdlərindən başladı. Məlum oldu ki, oğlu əsgərlikdədir. 6 ayın əsgəri olsa da, artıq ciddi şəkildə xəstələnməyə macal tapıb. Xəstəliyi ağır olduğundan hətta hospitalda müalicədən sonra ona məzuniyyət də veriblər.
– Gərək uşağı özüm müalicə etdirəm. Baxmadı sözümə, bir az qoyunumuz var, dedim satıb səni saxlatdırım, iki min beş yüz manata razılaşmışdım… Bilmədim kim uşağın saqqızını oğurladı,- yox, əsgərliyə gedirəm,- dedi – qoyunu satma, artırarıq, satıb özümə maşın alaram. Indi qoyunları satıb uşağın müalicəsinə xərcləyirəm. Özüm də işimi atıb Bakıya getmişəm. Orda fəhlələik edir, uşaqla əsgərlik çəkirəm. Neyniyim, orda olmasam, uşaq əldən gedər… Indi ağlı başına gəlib, qurtar deyir məni. O da gecdir. Məndə o pul hardadır…
Başqa sərnişinlər nədənsə söhbətə o qədər də fikir vermirdilər. Cavan oğlanı sağ böyründə oturan söhbətə çəkmişdi. Bəlli oldu ki, oğlan Rusiyada tikintiylə məşğuldur. Hərdən rusca sözləri təhrif edə-edə gördükləri işlərdən danışırdı. Qazancıyla maraqlanan həmsöhbəti isə onun maaşını Azərbaycan manatıyla müqayisə edib bu nəticəyə gəldi ki, elə də böyük məbləğ deyil.
– Burda yaxşı iş tuta bilsən, ondan çox qazanarsan. Düzdür, burda qazanclı işləri hərə öz adamına verir, hər vaxt iş tutmaq olmur. Müvəqqəti işlər həm bezdiricidir, həm də qazancı azdır. Işi də Bakıda tutmaq olur, rayonlarda iş nə gəzir. Bizdə rayonun mərkəzi küçəsi, bir də icra hakimiyyətinin binası ətrafında iş gedir, neçə ildir. Fəhlələr də eyni adamlardır. Hər il sökürlər, sonra yenə tikirlər. O bazara girmək mümkün deyil…
– Guya Bakıda elə deyil, orda da həmin işlərdir, – qabaq oturacaqdakı dilləndi.
Söhbəti maşının növbəti çalaya düşməsi dəyişdi. Qabaq oturacaqdakı kişi dərhal buna reaksiya verdi.
– Yazan da yoxdu bu yollardan. Əvvəllər kişilər vardı, daşdan keçirdi yazdıqları. Hanı “barmaq Ramiz”?!. Yazıb Ilham Əliyevə çatdırsalar…
Onun sözünü arxada oturan bir az da acıqla kəsdi:
– Hamının hər şeydən xəbəri var. Elə o deyil başda dayanan… Yeyib dağıdırlar. Dünyanın harasında belə yol var… Gürcüstan hər şeyi bizdən alır, amma ən ucqar kəndlərinə də asfalt çəkilib.
Bu yerdə sürücünün telefonuna zəng gəldi. Rayonda ondan Bakıya əmanət yollayan adam çatıb-çatmadığını soruşurdu. Təmkinlə cavab verdi. Ancaq bir neçə dəqiqədən sonra sanki bomba partladı.
– Cındıra bax e… Elə bil “samalyot” sürürəm. Bu yol onsuz axırımıza çıxıb, həm özümüzün, həm də maşınımızın…
Ürəyi soyumayan sürücü bunun ardınca zəng edənin ünvanına əlavə bir neçə “xoş”, amma yazılası mümkün olmayan sözlər ünvanladı. Iki saatlıq yolu üç saat yarıma başa vurduq və xoş ovqatda bir-birimizdən ayrıldıq.

Bir taksidən reportaj
•