Samir Əliyev: “Regionların iqtisadi inkişaf proqramının həyata keçirilməsi yalnız abadlaşdırma işlərindən ibarətdir”
Son aylar ölkədə iqtisadiyyatın kreditləşməsi bir qədər azalıb. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir. Həmçinin o da məlum olur ki, kredit qoyuluşunun 87,1%-i Bakının payına düşüb. Vaxtı keçmiş kreditlərin də 82,8%-i paytaxtın hesabındadır.
Bütün bunlar bir daha bankların əsas fəaliyyəti paytaxtda həyata keçirdiyini göstərir. Bu da regionlarda əhalinin həyat səviyyəsinin aşağı olması ilə – kredit alıb, sonra onu qaytarmaq imkanında olmaması ilə izah oluna bilər. Həmçinin bu hal regionların iqtisadi və sosial inkişafı proqramı çərçivəsində həyata keçirilən işlərin nəticəsiz qaldığını, yaxud da, ümumiyyətlə, bu istiqamətdə addımların atılmadığını göstərir.
Iqtisadçı-ekspert Samir Əliyev əslində Bakı və Bakı ətrafı ərazilərdə kredit qoyuluşunun 95 faiz təşkil etdiyini deyir. Həmçinin əmanət qoyuluşunun da təxminən 90 faizi də Bakı və Bakı ətrafının payına düşür.
Ekspert cəmi 2 regional bankın olduğunu, filialların, bankomatların da əsas hissəsinin paytaxtda olduğunu qeyd etdi. Bu da onu göstərir ki, bu gün bank sektoru regionlarda işləməkdə maraqlı deyil. Çünki regionlardakı situasiya buna imkan vermir. Banklara hətta regionlarda filial açmaq sərf etmir. Bunun əsas səbəbi bankların sayının çox, müştərilərin isə az olmasıdır. Digər tərəfdən, regionlarda iş yerlərinin az, əhalinin gəlirlərinin aşağı olması bankların orda işləməsinə imkan vermir. Nəzərə almaq lazımdır ki, bu gün regionlarda kreditlər verilir. Hətta regionlarda kreditlər üçün girov qismində ancaq Bakıda yerləşən daşınmaz əmlak qəbul edilir. Bu baxımdan bank sektoru daha çox Bakıda təmərküzləşib. Bu da ölkə iqtisadiyyatındakı disbalansla bağlıdır. Əsasən paytaxt iqtisadiyyatından ibarət olan ölkə iqtisadiyyatındakı vəziyyət bank sektorunda da özünü göstərir.
Ekspertin sözlərinə görə, regionların iqtisadi inkişaf proqramının həyata keçirilməsi yalnız abadlaşdırma işlərindən ibarətdir. Açılan müəssisələr qısa müddətdən sonra bağlanır. Bu gün rayonların vəziyyəti “Potyomkin kəndini” xatırladır.
Fizzə