“Zon”da 1 aprel zarafatı

Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim. Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Asif məsələsi də maraqlı olaydı. Şəmkirli Asif Arazla və Namazov Faiqlə “xlebnik” idi. Çox məzəli adam idi və buna uyğun da zarafatları olardı. Bir gün onun başına toxunma papaq keçirib çarpayını üstünə yıxmışdılar və adamı dümsükləyirdilər. Nəhayət, Asif qalxıb dikələ bildi, papağı gözünün üstündən qaldırmadan qarşısındakı Namazova tutarlı bir təpik atdı. Təpik həqiqətən də sanballı idi və çox zərblə atılmışdı. Amma təəssüf ki, Namazov da, Araz da artıq kupedən çıxıb qaçmışdılar və Asifin bu dəhşət saçan təpiyi ünvan axtara-axtara, sürətinə zərrə qədər dəyişiklik etmədən qarşıdakı çarpayının dəmirini tapdı. Asif ayağını unutmuşdu. O biri ayağının və başının harada olduğu da vecinə olmamalı idi. Torba hələ başında idi. Bir neçə sürətli saniyədən sonra böyrü üstə betonun üstünə aşdı. Orda qıvrıldı. Mən kupedən sıçrayıb ona yaxınlaşana qədər ağlı bir qədər özünə gəldi və bağırmağa, yox, nalə çəkməyə başladı. Bir neçə dəqiqədən sonra isə həmin nalə bağırtıyla əvəz edildi: “Namazov, qarnına bıçaq sox, qolunu doğra, səni ”Sentral”a aparsınlar! Namazov, səni öldürəcəm, mənim balalarıma yazığın gəlsin! Namazooooooooovvvv!”
Mən Asifin qolundan yapışıb onu qaldırmağa hey tapmadım. Qarnımı tutub gülməkdən hissiyyatımı itirəcək vəziyyətə düşdüm, Namazovun çarpayısının üstünə yıxıldım. Özünə gələn Asif, “Doktor, o itin çarpayısına uzanma! ”Padlo”su var. Dur, mənim çarpayımda gül. Uzanma ora, doktor”, deyib zarımağa başladı… (O qədər adamın içində yalnız Asif mənə “doktor” deyə müraciət edirdi).
Bu, dəhşətli bir mənzərə idi.
Asifin başına başqa bir oyun da gətirmişdik. 2009-cu il aprelin 1-də dəstə rəisi Anar Kərimova yekə bir ərizə yazdım. Ərizədə qeyd etmişdim ki, Şəmkirli, “Çopra” ləqəbli Asif (onun belə bir ləqəbi yox idi) korpusda heroin satışı ilə məşğuldur, Komendant Əli də onu himayə edir və narkotik satışından gələn gəliri öz aralarında bölüşürlər. Zəruri adamların hamısına xəbərdarlıq edilmişdi. Dəstə rəisi isə ərizəni oxuyan kimi məsələni başa düşmüşdü. Aprelin 1-i idi, zatən. Çıxıb həyətdə oturduq. Dəstə rəisi Asifi kabinetinə çağırtdırdı. Bir azdan Əlini də oraya dəvət etdilər. Səs-küy artdıqca Asifin iniltisi də artırdı: “Araaaaaaz! Araaaaaz! Hardasan?!”
Araz yuxarı, kabinetə qalxdı. Biz pilləkənin altına yığışıb qulaq asmağa başladıq. Araz içəri girən kimi Asif daha da şiddətlə inildəməyə başladı: “Mənə şər atıblar. ”Doktor” yazıb. Mən batdım. Doktordan gözləməzdim. Yazıb ki, guya mən burada heroin satıram!..”
Araz səsini başına atdı: “Yaxşı eləyib! Axmaq. Dünən öldürmüşdün məni. Heroin adına sırıdığın o zibil nə idisə, damara vuran kimi göyərdim, dedim öləcəyəm… Axmağın biri!”
Nəsə tappıltı səsi gəldi. Komendant Əli çölə sıçradı: “Su! Su! Ürəyi getdi”.
Aşağıdan kimsə su apardı.
Sonra isə dəstə aşağı düşməyə başladı. Asif mənə çatanda: “A doktor, niyə mənə yazığın gəlmir? Ölərəm, axı. Belə zarafat olar? Mən ölüm, gəl, gedək o ərizəni mayordan al!”
Bu da sizə daha bir xam gülüş materialı oldumu? Di gedin, “srok”unuzu çəkin, yaramazlar!..
***
Yəqin ki, ölkənin qəzet-kitab oxuyan bütün adamları jurnalist Eynulla Fətullayevin paltarından narkotik maddə tapıldığı barədə məlumatla və bundan sonrakı proseslərlə tanışdır. Mənim, Eynulla Fətullayevə qarşı hansısa yeni ittihamın hazırlandığı, onun həbsxana dili ilə desək, “raskrutka” ediləcəyilə bağlı məlumatım əvvəlcədən var idi. Bu xəbəri “həbsxana poçtu” ilə eşitmişdim. Hətta Eynullanın cibindən narkotik “tapılandan” sonra da həmin variant qüvvədə saxlanılırdı və ittihamın “bişirilməsi” üçün zəruri istintaq hərəkətləri aparılmışdı, ifadələr alınmışdı. Bu barədə xəbəri yazıb həyat yoldaşıma da vermişdim ki, bu narkotik cəhənnəmə, başqa bir ittiham var ki, onun qarşısını alsınlar. Xoşbəxtlikdən, həmin ittiham sonradan lazım olmadı və narkotik məzhəkəsi məhkəməyə çıxarıldı.
Amma dustağın üstündən nə zaman narkotik çıxa bilər, hansı “zon”larda narkomaniya təşkil edilir, bunu kimlər təşkil edir? Bu suallar həbsxanalara nəzarət edən dövlət strukturlarına yüzə-yüz bəllidir; əgər bəlli deyilsə, o zaman onları aparın, tullayın zibilliyə.
Eynullanın cibindən narkotik çıxa bilməzdi, ona görə ki, 12-ci kalonda narkotik satışı təşkil edilmir. Gərək işin düzünü deyəsən. Məsələn, 6-cı “zon”da, Qobustanda, aşağı-yuxarı, 1-ci “zon”da adamın üst-başından narkotik çıxa bilər, amma 12-də çıxa bilməz. Orada narkotik satışı yoxdur. Narkotik satışı – buna “bazar” deyirlər – olmayan “zon”larda içəri narkotik keçirmək çox təsadüfi adamların ağlına gələ bilər. Bu da o cür adamların ağlına gələ bilər ki, onların həyatında narkomaniyanın əməlli-başlı çəkisi olsun. Eynulla narkoman deyil, narkotiklə əlaqəsi yoxdur, narkotik həyatının heç bir parametrində oturmayıb və buna görə də onun üzərinə narkotik maddə atılması açıq həyasızlıqdır, türmə jarqonu ilə desək, “naxalka”dır.
Narkotik dövriyyəsilə həbsxanalar şəbəkəsinin çox maraqlı və birbaşa əlaqələri var. Əlbəttə, narkomanların əksəriyyətinin yolu həbsxanalardan gəlib keçir, burada ilişib qalır, təkrar-təkrar buralara uzanır. Amma bunlar xırda balıqlardır. Ola bilər ki, statistikada iri balıqları da göstərsinlər, “odur, 2-ci zonda, 1-ci zonda, 6-cı zonda iri narkotik tacirləri yatır” – deyə barmaq uzatsınlar. Amma bu, hələ hamısı deyil.
Mənimlə birlikdə belə bir xəbərin üstündə baş sındırın: 38 ildir türmələrdə hərlənən Kürdəmirli Daşdəmir azadlığa çıxandan bircə həftə sonra Baba adlı bir iranlıdan iki kiloqram tiryək aldığı yerdə tutulub. 38 il ərzində Sovet hökumətinin üç-dörd dənə rəhbəri dəyişib, sonra bu hökumət tappıltı ilə çöküb, Azərbaycan müstəqil olub, burada da bir seriya qaynar hadisələr – inqilablar-qiyamlar baş verib, ölkənin 20 faizini ermənilər işğal edib, o biri 80 faizi bir sülalənin əlinə keçib və 18 ildir bu 80 faizi talan edirlər; Bakı-Tbilisi-Ceyhan çəkilib, içindən neft axır, Oğuz-Qəbələ-Bakı su kəməri bitirilib və içindən su axıda bilmirlər; Ilham Əliyev minlərlə sexin, yeraltı keçidin, asfalt parçalarının qırmızı lentini kəsib, amma Daşdəmirin bütün bunlardan ancaq söz-söhbət səviyyəsində xəbəri var. Bu qədər xəbəri bir-birinin ucuna tikə bilməyən Daşdəmir həbsxanadan çıxıb 1 həftə ərzində özünü toparlayır və dərhal da Baba adlı bir iranlı gəlib ona deyir ki, 3500 manat ver, bu iki kilo tiryəki verim sənə. Daşdəmir bu diri iranlını görəndə ilk növbədə gözləri kəlləsinə çıxmalı idi, sonra da 38 ilin dustağı kimi oturub fikirləşməli idi ki, “bu Baba mənə ”torba” tikir”. Amma Daşdəmir bunları fikirləşmədiyinə görə də Azərbaycanda narkotik dövriyyəsi vüsət götürüb. Narkotikə görə həbs edilənlərin mütləq əksəriyyəti anonim mənbəni günahlandırır. Guya, “mən salim-salamat adam idim, ”Sonanın uşaqları” məni yoldan çıxartdılar”. Bizim istintaqçı qaqaşlar həbs edilən narkomanın peysərinin üstünü kəsdirib hökmən “Sonanın uşaqları”ndan birinin adını dəftərə yazacaqlar. “Sonanın uşaqları” isə ələkeçməz partizan kimi şeydir. Onlar kölgədir, ruhdur, hər yerdə var və heç yerdə deyillər. Bu, işin bayır tərəfi.
Keçək içəri, Daşdəmirin 38 ildir həyat sürdüyü yerlərə baş çəkək…

ardı var