amerika

Vaşinqtonda Azərbaycanla bağlı müzakirələr oldu

amerikaÖlkəmizdə din və ifadə azadlığı sahəsində vəziyyət Amerikada narahatlıq yaradır

Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Cənubi Qafqaz və Mərkəzi Asiyada dünyəvi və mötədil islam: modellər və problemlər” mövzusunda təşkil edilmiş müzakirələrdə Azərbaycanda din və ifadə azadlığı da diqqət çəkən məsələlərdən olub.
“Turan”-ın müxbirinin tədbirdən verdiyi xəbərə görə, çıxış edən ABŞ rəsmiləri, regionda nifrət hisslərinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
“Təkcə əksəriyyətin deyil, hamının səsləri dinlənilməlidir. Ifadə azadlığının qorunması, insanlara öz düşüncələrini sosial şəbəkələr və sair vasitələrlə bölüşmək imkanının verilməsi vacibdir”, deyə Dövlət Departamentinin müsəlman icmaları ilə iş üzrə xüsusi elçisi Farah Pandith bəyan edib.
Öz növbəsində, Azərbaycan təmsilçiləri ölkədə plüralizm və tolerantlığın “yüksək səviyyədə qorunmasından” danışıblar.
Eyni zamanda, müstəqil ekspertlər Stephen Blank, Svante Kornell, Ariel Kohen çıxışlarında diqqəti Sovet dövründən qalma “psixologiyaya” çəkiblər. Onların fikrincə, hazırda region dini azadlıqlar və milli kimliklərin müəyyənləşməsi kimi məsələlərdə “keçid dövrünü” yaşayır, belə ki, dini konfessiyalara Sovet-təhsilli xadimlər rəhbərlik edir və ümumilikdə sistem dövlətin nəzarətindədir.