“Demokratik cəmiyyətin qurulması üçün vətəndaş cəmiyyəti təşkilatları da daha aktiv, tələbkar olmalıdır”
Deputat Quba hadisələri barədə niyə danışmaq istəmir?
“2013-cü ilin prezident seçkisinin daha demokratik keçirilməsinə çalışmaq lazımdır”. Bu sözləri “Mediaforum”a müsahibəsində deputat Vahid Əhmədov bildirib. O, deyib ki, növbəti prezident seçkisində istənilən iddiaçının namizədliyini irəli sürməsinə şərait olmalıdır. “Müəyyən qanunlara dəyişiklik etmək, 2015-ci ildə parlament seçkisini yeni seçki qanunu ilə keçirmək, partiyalar üçün yeni şərait yaratmaq lazımdır.
Demokratik cəmiyyətin qurulması üçün vətəndaş cəmiyyəti təşkilatları da daha aktiv, tələbkar olmalıdır, mənfi hallara qarşı mübarizədə fəallıq göstərməlidir”, – deyə deputat vurğulayıb.
Vahid Əhmədov həmçinin əlavə edib ki, siyasi baxışlara görə həbslər olmamalıdır: “Çalışmaq lazımdır ki, heç kim siyasi baxışlarına görə azadlığını itirməsin. Arif Hacılının azadlığa buraxılmasını çox yüksək qiymətləndirirəm. O, Azərbaycanın müstəqilliyinə səs vermiş 43 deputatdan biri olub. Biz vaxtilə 43 nəfər olmuşuq, indi cəmi 19 nəfər qalmışıq”.
Quba hadisələri barədə isə deputat danışmaq istəməyib. O, bu məsələ ilə bağlı geniş məlumatı olmadığını, məhkəmə proseslərindən də iştirak etmədiyini bildirib.
Maraqlıdır ki, Vahid Əhmədov Quba hadisələri baş verən zaman mətbuata bu barədə ardıcılı açıqlamalar verirdi. Deputat bu hadisələrin günahkarı kimi devrilmiş icra başçısı Rauf Həbibovu göstərirdi. Vahid Əhmədov mətbuata müsahibələrində Rauf Həbibovun təkcə qubalıları təhqir etməsilə yanaşı, onun rayonda ciddi qanunsuzluqlara yol verdiyini söyləmişdi. Elə bu baxımdan da baş verənlərdə Vahid Əhmədovun da adı hallandırılırdı. Görünür, Quba hadisələri ilə bağlı başlanan cinayət işində Rauf Həbibovun zərərçəkən tanınması, istintaqın icra başçısının xeyrinə aparılması ilə hökumətin onu açıq şəkildə müdafiə etməsi deputatı ehtiyatlı olmağa məcbur edib.